2024/2025-ci illər mövsümündə uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Neftçi” Azərbaycan çempionatlarında yeni rekorda imza atıb.
Arena.az bu barədə Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Yeni rekord “ağ-qaralar”ın Azərbaycan Premyer Liqasının 35-ci turunda “Səbail”i üç cavabsız qolla məğlub etməsi sayəsində mümkün olub. Komanda cari mövsüm elitada ilk böyükhesablı qalibiyyətini əldə edib.
Bakılılar sonuncu böyükhesablı qələbəni də ötən mövsümün 35-ci turunda, mayın 18-də, elə “Səbail”lə görüşdə eyni hesabla qazanmışdılar. 365 gün əvvəlki qələbə səfərdə əldə olunub.
Bununla da “Neftçi” ölkə çempionatları tarixində 31-ci fərqli mövsümdə böyükhesablı qələbə qazanıb. Yalnız 2009/2010 və 2015/2016 mövsümlərində “ağ-qaralar” belə nəticəyə sevinməyiblər. 31 fərqli mövsümdə böyük hesabla qalib gəlməklə çempionatlar tarixində yeni rekord qeydə alınıb.