AZ

Azərbaycan mediası: problemlər və inkişaf imkanları - Qulu Məhərrəmli ilə müsahibə

 Əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin Operativ Media-ya müsahibəsi

- Qulu müəllim, Azərbaycan mediasında bu gün sizi daha çox nə narahat edir?


- Bu gün Azərbaycan mediasında müsbət tendensiyalar mövcud olsa da, narahatlıq doğuran məqamlar daha çoxdur. İlk növbədə, media qurumlarının bir-birini təkrarlaması və orijinal mövzuların olmaması diqqət çəkir. Ümumilikdə, bizim mediada tənqid və araşdırma yoxdur. Hazırda medianın müstəqilliyi azalmışdır, yəni hadisələrə sərbəst yanaşma və orijinal baxışlar mövcud deyil. Copy-paste (kopyala-yapışdır) yanaşması həddindən artıq yayılıb. Bu məsələlər media menecmentinin zəif olmasına gətirib çıxarır.

- Gənc jurnalistlərdə əsas çatışmazlıq nədədir? – bilik, peşəkarlıq, yoxsa cəsarət?

- Gənc jurnalistlərin bu gün mətbuata daxil olması müsbət bir inkişafdır. 2000-ci illərin ortalarında Azərbaycan mətbuatında gender balansı ilə bağlı problemlər meydana gəlib. Xüsusilə, qadın jurnalistlərin sayı artıb. Bunun həm müsbət, həm də mənfi cəhətləri mövcuddur. Medianın simasında bəzən müəyyən problemlər ortaya çıxır. Çatışmazlıqların çoxu isə bilik səviyyəsinin aşağı olması ilə bağlıdır. Bəzən jurnalistlər tarixi şəxsiyyətləri, ictimai xadimləri, dəyər seçimlərini və yazıçıları tanımırlar. Bu da biliksizlikdən qaynaqlanır. Peşəkarlıqla bağlı da bir sıra məsələlər mövcuddur. Ən böyük problemlərdən biri cəsarət çatışmazlığıdır. Düzdür, cəsarət istedadın göstəricisi deyil, insan xarakteri ilə bağlı bir məsələdir.

- Sosial şəbəkələrin jurnalistikaya təsirini necə qiymətləndirirsiniz?

Bugünkü media mühitini sosial şəbəkələrsiz təsəvvür etmək çətindir. Peşəkar media artıq sosial şəbəkələrdə də təmsil olunur. Mənfi tərəfi odur ki, peşəkar media bəzən sosial şəbəkələrin atmosferinə uymaq istəyir və onları təkrarlamağa çalışır. Sensasiya və hadisələrə emosional yanaşma baxımından bəzən media sosial şəbəkələrdən fərqlənmir. Müsbət tərəfi isə odur ki, sosial şəbəkələr media üçün məlumat mənbəyi rolunu oynayır. Bəzən jurnalistlər mediada yayımlaya bilmədiklərini sosial şəbəkələrdə paylaşırlar.

- Jurnalistika təhsilinin indiki səviyyəsi sizi qane edirmi?

- Jurnalistika təhsilinin hazırkı vəziyyəti qənaətbəxş deyil. Əvvəla, təhsil müddəti çox uzundur. Gələcək jurnalist dörd il ərzində universitet təhsili alsa da, nəticə etibarilə az şeyə nail olur. Halbuki, bəzən cəmi 2-3 aylıq kurs keçmiş tələbə reportyorluq bacarığına daha tez yiyələnir və universiteti zəif oxumuş həmyaşıdlarından daha səmərəli fəaliyyət göstərir.

Bugünkü jurnalistika təhsilində tələbələr əsasən nəzəri biliklərə yiyələnirlər: jurnalistikanın tarixi, hüquqi tənzimlənməsi, etik qaydaları və nəzəriyyəsi. Lakin bu biliklərdən sonra onların əsas diqqəti praktikaya yönəlməlidir. Mövcud təhsil sisteminin ən ciddi qüsurlarından biri praktikaya əsaslanmamasıdır.

Əvvəllər istehsalat təcrübəsi mərhələli şəkildə həyata keçirilirdi: I, II və III kurslarda əvvəl qəzet, sonra radio və televiziya sahələrində təcrübə keçilirdi. Daha sonra tələbə öz maraq və ixtisaslaşmasına uyğun istiqamət seçirdi. Hazırda isə təcrübə kursun sonunda, birdən-birə və sistemsiz şəkildə təşkil olunur ki, bu da səmərə vermir. Bu məsələlər daha ağıllı və məqsədyönlü şəkildə qurulmalıdır. Ona görə də jurnalistika təhsilində əvvəlki sistemə qayıtmaq və hər ilin sonunda praktik təcrübəni təmin etmək vacibdir.

Digər mühüm problemlərdən biri peşəkar müəllimlərin azlığı, müəllim şəxsiyyətlərinin nüfuzlu olmaması, onların lazımi şəkildə stimullaşdırılmaması və tədrisdə təkrarçılığın olmasıdır. Mövzular bir-birinə çox oxşayır və bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərir.

Fakültələrin öz rəsmi saytı, qəzeti, televiziyası və radiosu olmalıdır. Tələbələrə yalnız mühazirə deməklə yüksək səviyyəli jurnalist hazırlamaq mümkün deyil. Təhsil prosesi həm nəzəri, həm də praktik biliklərə əsaslanmalı, yaradıcılıq və təşəbbüskarlıq imkanları genişləndirilməlidir.

- Son illərdə Azərbaycan mediasında hansı pozitiv dəyişiklikləri müşahidə etmisiniz?

- Pozitiv cəhət media texnologiyalarının yüksək səviyyədə inkişaf etməsidir. Rəqəmsallaşma artıq öz təsirini göstərir. Dil bilən jurnalistlərin sayı artır ki, bu da müsbət bir tendensiya kimi qiymətləndirilə bilər.

- Media sahəsində qanunvericilikdə hansı əsas dəyişiklikləri görmək istərdiniz?

- O vaxtlar media haqqında qanunu tələsik qəbul etdilər, amma sonra məlum oldu ki, qanunda çoxlu boşluqlar var. Ələsgər Məmmədli, Xalid Ağəliyev, Osman Gündüz, Mehman Əliyev, Arif Əliyev, Elçin Şıxlı və digər şəxsiyyətlər qanunun təhlili ilə bağlı Media Agentliyinə təkliflər verdilər. Təəssüf ki, bu təkliflər nəzərə alınmadı. Lakin sonradan informasiya ilə bağlı müəyyən dəyişikliklər edildi, xüsusilə 14-cü maddə üzrə. O dövrdə bu reallıqlar nəzərə alınmamışdı.

- Özünüzü bu sahədə daha çox müəllim, yoxsa jurnalist kimi görürsünüz?

- Təsəvvür edin ki, bir adam futbolu çox yaxşı bilir, amma sonra məşqçi olur. Lakin, bəzən məşqçi olarkən də öz ehtirasını və həvəsini cilovlaya bilmir və yenə də meydançada oynamağa davam edir. Mənim işim də buna bənzəyir. Bizim "Press Klub TV" "YouTube" kanalımız var, "Altun" nəşriyyatında bəzən redaktə işləri görürəm, jurnalistlərin istifadə etdiyi "AzLeks.az" saytına rəhbərlik edirəm və BDU-da kafedra müdiri kimi tədris fəaliyyəti ilə məşğulam. Hamısının öhdəsindən uğurla gəlməyə çalışıram. Bu istiqamətlər arasında əslində ciddi fərq yoxdur.

- Mediada çoxillik təcrübəniz sizə nələri öyrətdi?

Çoxillik təcrübə insanı çox şeyə öyrədir. Hərdən dönüb baxanda şükür edirəm ki, müəllimlikdən deyil, praktik mediadan başlamışam. Bu təcrübələr hamısı bir arada peşə bacarıqları və təcrübəsi qazandırır. Belə olduqda, dərs demək daha asan və təsirli olur. Səmərəli təcrübə insanı çox şeyə öyrədir.


- Peşə həyatınızda heç "bu sahəni tərk edim" dediyiniz anlar olubmu?

- Jurnalistika sahəsində olmağımla bağlı peşman olmamışam. Televiziyada və mətbuatda işləyərkən qeyri-peşəkar insanların varlığı məni çox məyus edirdi. Bununla yanaşı, qeyri-peşəkarlığa qarşı durmaq həmişə mənim üçün önəmli olub. Bəzən paralel işlərim də olub. Vaxtilə həm Dilçilik İnstitutunda monitorinq şöbəsinin rəhbəri idim, həm də müəllim kimi fəaliyyət göstərirdim. Eyni zamanda Xəzər telekanalında aktiv jurnalist olaraq işləyirdim, həm direktorun müşaviri idim, həm də "Gündəm" verilişini aparırdım.

- Sizcə, bir jurnalistin neytral qalması mümkündürmü, yoxsa bu mifdir?

- Jurnalistlə bağlı müxtəlif dilemmlar mövcuddur. Məsələn, jurnalist vətəndaş, yoxsa media nümayəndəsi olmalıdır? Əgər jurnalist bir ölkənin vətəndaşıdırsa, o, həmin ölkədə baş verən proseslərə biganə qala bilməz. Digər tərəfdən, jurnalist mediada xəbər hazırlayırsa, o, neytral qalmalıdır. Lakin əgər jurnalist analitik məqalələr yazırsa, burada onun mövqeyi görünə bilər. Moderator isə öz simpatiyasını və antipatiyasını ifadə etməməlidir. Neytrallıq laqeydlik anlamına gəlməməlidir.

Neytrallıq mediada prinsiplərdən biridir, amma vətəndaş olaraq heç bir kəsin gedən proseslərə biganə qalması gözlənilmir. Jurnalistin əsas missiyası doğruyu yazmaq və həqiqətə istinad etməkdir.

- Əgər bu gün peşəyə yeni başlayan biri olsaydınız, eyni yolu yenidən seçərdinizmi?

-  Əminliklə deyə bilərəm ki, bu yolu yenidən seçərdim. Sadəcə, o dövrdə etdiyim kiçik səhvləri təkrarlamazdım. Jurnalistika mənim üçün yalnız bir peşə deyil, həyat tərzi, düşüncə və yaşama biçimidir. Bu peşənin gözdən salınması və mahiyyətinin dəyişdirilməsinə baxmayaraq, jurnalistika hələ də dünyanın ən gözəl peşəsidir. Həqiqəti söyləmək, gerçəyi ifadə etmək isə bir missiyadır. Bu missiyaya sadiq qalmaq çox vacibdir.

Şəfa Hüseynli

Seçilən
83
operativmedia.az

1Mənbələr