AZ

Arxeoloqların kəşfi Troya müharibəsinin Homerin təxəyyülünün məhsulu olmadığını göstərir

Bakı, 17 iyul, AZƏRTAC

Arxeoloqlar müasir Türkiyə ərazisində yerləşən Troyanın qədim xarabalıqlarında Tunc dövrünə aid şiddətli toqquşmaya dair yeni dəlillər aşkar edərək əfsanəvi Troya müharibəsinin tarixinə işıq salıblar. Türkiyənin Çanaqqala Universitetindən professor Rüstem Aslanın rəhbərlik etdiyi türk tədqiqatçılar qrupu tərəfindən edilən kəşflər arasında onlarla gil və çay daşı, aşınmış sapand daşları, ox ucları, yanmış tikililər və saray divarlarının bir qədər kənarında tələsik basdırılan insan skeletləri var.

AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, Troya qazıntılarının rəhbəri, professor Rüstem Aslan jurnalistlərə bildirib: “Sapand daşlarının sıxlığı ya böyük bir qarşıdurmanın, çarəsiz müdafiənin, ya da genişmiqyaslı hücumun göstəricisidir. Troyada aparılan tədqiqatların mərkəzi antik dövrdə Vilusa kimi tanınan, Troya müharibəsi zamanı qiymətli və yaxşı möhkəmləndirilmiş bir hədəf olan şəhərin saray, bazar və istehkam divarlarını əhatə edir”.

Troyaya aid saray olduğu güman edilən bir tikilinin qarşısında tapılan, təxminən 3500 il yaşı olan artefaktların kəşfi həmin müharibənin tarixinə dair maddi sübutlar əlavə edir. Aerodinamik formada olan və dəri sapandlarla atıldıqda ölümcül olan daşlar hədəfi uzaq məsafədən məhv etmək üçün kifayət qədər güclü silah idi. Onlar Tunc dövrünün ən ölümcül silahları arasında olub və bu, baş verən münaqişənin intensivliyini göstərir.

Homerin “İliada” dastanında Troya müharibəsi haqqında ətraflı məlumat var. Təqribən 10 il mühasirədə qalan Troyada yunanlar şəhərə daxil olmaq üçün Troya atı istifadə strategiyası sayəsində qalib gəliblər. Bəzi insanlar müharibənin Homerin fantaziyası olduğunu iddia edirdilər, lakin son kəşflər bunun əksini göstərir.

Troyada tapılan sapand daşlarının 3200-3600 il əvvələ aid olduğu və eramızdan əvvəl 1184-cü ildə baş verdiyi güman edilən Troya müharibəsində istifadə edildiyi güman olunur. Onların böyük miqdarda olması intensiv hərbi fəaliyyətdən xəbər verir.

Seçilən
56
azertag.az

1Mənbələr