“Əbu-Dabidə müzakirə etdiyimiz mövzulardan biri tərəflər arasında etimadın aşağı səviyyədə olması idi ki, bu da tamamilə anlaşılandır. Bizə gəldikdə, mövqeyimiz heç vaxt dəyişməyib. 2003-cü ildə “Qarabağ bizim torpağımızdır!” dediyim kimi, bu 22 il ərzində də bunu demişəm və deyirəm. Amma ermənilərin mövqeyi dəyişib. Onun yenidən dəyişməyəcəyi ilə bağlı təminat varmı? Belə bir qarantiya var?.. Mənim belə bir təminatım yoxdur. Beynəlxalq hüququn normaları və Əbu-Dabidə dediyim kimi, separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır”.
Pubıika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə çıxışında səsləndirib.
Dövlət başçısı vurğulayıb ki, bunun üçün ATƏT-in Minsk qrupu ləğv edilməlidir. O qeyd edib: “Məntiq sadədir. Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, - Minsk qrupu isə Qarabağ münaqişəsi üçün yaradılmışdı, - demək, onu ləğv etmək lazımdır. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın”.