AZ

Ersin TATAR: “Prezident İlham Əliyev bizə hər zaman sahib çıxıb və dəstək olub”

Azərbaycan Prezidenti İlham Əliyevin gələcəyə ünvanlanmış və hərtərəfli düşünülmüş uğurlu siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günü-gündən artmaqdadır.  Bunu həm xarici dövlət başçıları, həm də görkəmli siyasi xadimlər etiraf edirlər. 

Bu günlər bir daha bunun şahidi olduq. Türkiyənin və BMT-nin vasitəçiliyi ilə Kipr mövzusunda Nyu Yorkda keçirilən geniş formatda qeyri-rəsmi toplantıdan sonra Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar verdiyi müsahibəsində dövlətimizin başçısnın ünvanına dəyərli və qiymətli sözlər deyib: “Prezident İlham Əliyevə təşəkkür edirəm, o hər zaman bizə sahib çıxıb və dəstək olub”. 

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar müsahibəsi zamanı ölkələrimiz arasındakı sıx əlaqələrdən və son vaxtlar yaranmış isti münasibətdən, xoş atmosferdən ətraflı söz açıb. Bildirib ki, Azərbaycan ilə ŞKTC arasında münasibətlər son illər yeni mərhələyə qədəm qoyub. Qeyd edib ki, ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusu ilə qəbul edilməsi bu yaxınlaşmanın ən önəmli addımlarından biri olub: “Kipr türklərinin problemləri çoxdur, bu, asan məsələ deyil. Biz müxtəlif embarqolar, izolyasiya və siyasi basqılarla mübarizə aparırıq. Amma Azərbaycan bizə qardaş dövlət kimi sahib çıxır. Biz Şimali Kiprdə "Bir millət, üç dövlət" deyirik: Kipr, Türkiyə və Azərbaycan. Bu qardaşlığı hər zaman hiss edirik”.

Prezident müsahibəsində, həmçinin ölkəmizə olan səfərlərinə də toxunub, keçirilən görüşlərdən, aparılan səmərəli danışıqlardan söz açıb. Azərbaycanın dünyada qazandığı uğurları böyük sevgi və məhəbbətlə yaxından izlədiklərini dilə gətirib. ŞKTC-nin lideri açıqlamasında bildirib ki, son illər Azərbaycana bir neçə dəfə səfər edib. “Prezident İlham Əliyev, sağ olsun, məni yüksək səviyyədə, rəsmi protokolla qarşılayıb. Prezident səviyyəsində çox səmərəli görüşlərimiz baş tutub. Artıq Azərbaycan xalqı da Şimali Kipr Türk Cümhuriyyətini daha yaxından tanıyır. Biz də Azərbaycanı həmişə yaxından və böyük sevgi ilə izləyirik”.

Prezident Ersin Tatar səmimiyyət dolu müsahibəsində gələcək planlara da toxunub. Yaxın illərdə Türkiyə və Azərbaycanla qurulacaq iqtisadi əməkdaşlıqdan, bu əməkdaşlığın daha da genişlənəcəyindən söz açıb. Xüsusi vurğulayıb ki, qarşıdakı dövrdə Türkiyə, Azərbaycan və ŞKTC arasında iqtisadi sahələrdə əməkdaşlıq genişlənəcək və bu, xüsusən, gənc nəsillərə yeni ümidlər və imkanlar yaradacaq.

Ersin Tatar jurnalistin suallarını cavablandırarkən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə etdiyi səfərini də xatırlayıb və orada qatıldığı beynəlxalq tədbirdən danışıb. İşğaldan sonra Qarabağda aparılan böyük quruculuq işlərini yüksək qiymətləndirən E.Tatar bildirib ki, Qarabağa getdim və gördüm ki, orada genişmiqyaslı yenidənqurma işləri aparılır: “Mən orada çıxış edərkən İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında dedim ki, Azərbaycan - Qarabağ, Qarabağ - Azərbaycandır. Bu sözlərimdən sonra Prezident İlham Əliyev mənə baxaraq əlini sinəsinə qoydu və bununla da mənim haqlı olduğumu təsdiqlədi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tarixi zəfərdir”.

ŞKTC-nin prezidenti Azərbaycan xalqının Qarabağ müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərdiyini və döyüşlər zamanı verdiyi itkilərdən də danışıb: “Çox sayda şəhid verdiniz, siz də bizim kimi ağır itkilər yaşadınız. Mən bütün şəhidlərimizi rəhmətlə anıram. Sizin vasitənizlə Azərbaycanın qəhrəman xalqını salamlayıram və o zəfərin fatehi Prezident İlham Əliyevi bir daha təbrik edirəm”.

Şimali Kipr Türk Cümhuriyyətinin liderinin Azərbaycan Prezidenti İlham Əliyev haqqında dediyi bu qürurverici, iftixar dolu xoş sözlər dövlətimizin başçısının yürütdüyü siyasətə, gördüyü böyük işlərə verilən yüksək qiymətdir. Bu qiymət onu sübut edir ki, dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində dostlarımız çoxalır, dünyanın aparıcı dövlətləri ilə iqtisadi, mədəni və siyasi əlaqələrimiz daha da genişlənir. 

Şimali Kipr liderinin müsahibəsini oxuduqca Azərbaycan Prezidentinin 2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində dediyi sözlər yada düşür: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”.

Vahid MƏHƏRRƏMOV,

“Azərbaycan”

Seçilən
14
17
azerbaijan-news.az

10Mənbələr