ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
İyulun 22-də İmişli rayonunun Heydər Əliyev Mərkəzində Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayon ərazisində, eləcə də respublikanın müxtəlif media qurumlarında çalışan jurnalistlər iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tədbirdə çıxış edərək mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi qeyd olunur. Bildirib ki, bu əlamətdar tarix 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə bağlıdır və həmin tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. İcra başçısı çıxışında mətbuatın ictimai-siyasi həyatın güzgüsü olduğunu vurğulayıb, Ulu Öndər Heydər Əliyevin media nümayəndələrinə daim yüksək diqqət və qayğı göstərdiyini, bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Bildirilib ki, ötən dövr ərzində ölkəmizdə müstəqil siyasi kursun ardıcıl və qətiyyətli şəkildə həyata keçirilməsi nəticəsində dinamik inkişaf təmin olunub, qarşıya qoyulan strateji hədəflərə nail olunub. Azərbaycan Vətən müharibəsində qazandığı şanlı Zəfərlə və unikal antiterror əməliyyatı ilə ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edib. Bu dövrdə Azərbaycan mediası vətənpərvərlik və həmrəylik nümayiş etdirərək haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, düşmənin dezinformasiyalarının ifşasında mühüm rol oynayıb, Ordumuzun rəşadətini və qəhrəmanlığını əks etdirən zəngin salnamə yaradıb.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxışında qeyd edib ki, bu gün Azərbaycan mediası ölkənin inkişafı və müasir cəmiyyət quruculuğunda fəal iştirak edir, beynəlxalq əlaqələrini genişləndirir və qlobal informasiya məkanında təsir imkanlarını artırır. Tədbir zamanı media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, onların rayonun sosial-iqtisadi inkişafı ilə bağlı irəli sürdüyü təkliflər müzakirə olunub. Görüşün sonunda qələm sahibləri peşə bayramları münasibətilə bir daha təbrik edilərək onlara qiymətli hədiyyələr təqdim olunub, müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcək işlərində uğurlar arzulanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.