Azərbaycan klubları üçün avrokubok mübarizəsi iyulun 10-dan başlayıb.
“Sabah” Azərbaycan kubokunun qalibi kimi Avropa Liqasının I təsnifat mərhələsində “Çelye” ilə duellərdən (2:3, 3:3) məğlub ayrılıb. Reqlamentə görə “bayquşlar” yolunda Konfrans Liqasında davam edəcək.
Bu həftə isə “Qarabağ”, “Zirə” və “Araz-Naxçıvan” üçün avromövsüm başlayacaq.
“Qarabağ” Çempionlar Liqasında, digər komandalar isə Konfrans Liqasında mübarizəyə qoşulacaq.
Azərbaycan avrokuboklarda bu mövsüm 4 komanda ilə təmsil olunacaq. Kimin hara qədər irəliləyəcəyini isə zaman göstərəcək.
“Sabah”ın sayəsində Azərbaycan UEFA reytinqində ilk qələbə xalını qazanıb. Ötən həftə “Çelye” ilə səfər görüşünün əsas vaxtını qalib bitirən “futuristlər” ölkənin aktivinə 0,250 xal qatıb. Azərbaycan son beş mövsümün göstəriciləri əsasında 17 250 xalla 29-cu pillədə qərarlaşıb.
Sıralamada ölkənin ən yaxın izləyicisi isə Bolqarıstandır – 16 500 xal.
Bolqarlar da bu mövsüm avrokuboklarda 4 komanda ilə təmsil olunur – “Ludoqorets” (Çempionlar Liqası), “Levski” (Avropa Liqası), “Çerno More”, “Arda” (hər ikisi Konfrans Liqası). “Ludoqorets” və “Levski” artıq bir təsnifat mərhələsini keçib. Razqrad təmsilçisi Belarusun “Dinamo” (Minsk) kollektivini iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb. İlk oyunu evdə 1:0 hesabıyla qazanan “Ludoqorets” həm də ölkəsinin aktivinə 0,125 xal yazdırıb. Çempionlar Liqasında təsnifat mərhələlərində qələbəyə görə 0,5 xal verilir. Yəni, ölkə avrokuboklarda 4 komanda ilə təmsil olunduğu üçün bu 0,5 xal 4-ə bölünür və yekunda qazanılan xal 0,125 olur. “Ludoqorets”in II təsnifatdakı rəqibi Xorvatiyanın “Riyeka” komandası olacaq.
Avropa Liqasında mübarizə aparan “Levski” isə İsrailin “Hapoel” (Ber Şeva) komandası ilə hər iki oyunda heç-heçə edib və ölkəsinin aktivinə 0,125 xal əlavə edib. “Levski” cavab matçında penaltilər seriyasında rəqibini üstələyib. “Çerno More” və “Arda” isə bu həftə Konfrans Liqasında yarışacaq.
Azərbaycan ilə Bolqarıstan arasında 0,750 əmsallıq fərq var və bu, böyük deyil. Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb və “Levski” ilə Azərbaycan təmsilçisi “Sabah”ın yolları kəsişə bilər. Belə ki, Bolqarıstan təmsilçisi Avropa Liqasında “Braqa”ya (Portuqaliya) məğlub olsa, yoluna Konfrans Liqasında davam edəcək. Komandanın burdakı rəqibi isə “Sabah” – “Petrokub” (Moldova) cütünün qalibi olacaq. “Sabah” bu dueldə qələbəyə, “Levski” isə portuqallarla görüşdə məğlubiyyətə daha yaxın tərəfdir. “Sabah”ın mümkün variantda “Levski”ni mübarizədən kənarlaşdırması rəqiblərdən birinin sıradan çıxarılması demək olacaq.
“Çerno More” Türkiyənin “Başakşəhər”, “Arda” isə Finlandiyanın HİK komandası ilə qarşılaşacaq. Hər iki dueldə favoritlər bolqarların rəqibləridir.
Azərbaycan təmsilçisi “Qarabağ” ÇL-də “Şelburn” (İrlandiya) səfərinə yollacaq. Konfrans Liqasında yarışan “Sabah” Moldovanın “Petrokub”, “Zirə” Xorvatiyanın “Hayduk”, “Araz-Naxçıvan” isə Yunanıstanın “Aris” komandası ilə üz-üzə gələcək. “Qarabağ” və “Sabah” cütün favoritidir. “Zirə” və “Araz-Naxçıvan”ın mərhələ adlamaq şansları isə rəqibə nisbətən daha azdır.
Avrokuboklarda mövsüm yeni başlayıb və II təsnifat oyunlarından sonra hansı komandaların mübarizədə qalacağı, hansıların dayanacağı məlum olacaq.
Mümkün qədər reytinq xalının çox qazanılması UEFA klub reytinqində ən yaxın izləyicimiz Bolqarıstanın fərqi azaltmaq və ya önə keçmək “təhlükəsi” zərərsizləşsin.
Şahin Cəfərov