BAKI, 22 iyul. TELEQRAF
Hüquqların dövlət qeydiyyatının aparılması və dövlət qeydiyyatından imtina qaydalarına əlavələr edilir.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişikliyi təsdiqləyib.
Belə ki, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq.
Təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək.
Qeyd olunan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə biləcək.
Bildirilib ki, qanun layihəsi Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair” 28 mart 2017-ci il tarixli qərarından və eyniadlı 10 dekabr 2024-cü il tarixli qərardadından irəli gələrək hazırlanıb.
Adıçəkilən hər iki sənəddə göstərilir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
Qərarda həmçinin qeyd edilib ki, Konstitusiyanın 25-ci maddəsinin, habelə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqan tərəfindən müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsi yolverilməzdir.
Dəyişiklik aşağıdakıları nəzərdə tutur:
qeydiyyat üçün təqdim olunan sənəddəki torpağın kateqoriyası (məqsədli təyinatı) ilə kadastr məlumatı arasında uyğunsuzluq aşkar edildikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırmanın aparılması.
Bu cür araşdırmanın aparılmasının qanunvericilikdə təsbit olunmaması səbəbindən məsələ tam araşdırılmır, bəzən qeyri-müəyyən qalırdı. Eyni zamanda belə araşdırmanın aparılması qeydiyyat orqanının mülahizəsindən asılı olurdu;
Aparılan araşdırmanın nəticəsinə əsasən aşağıdakı tədbirlər görüləcək:
-təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək;
-təqdim edilən sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə isə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə biləcək.