AZ

Küçədəki musiqi: Küçə sənətçiləri və şəhər mədəniyyəti

Musiqi insanlığın yaranışından bəri ən qədim və ən təsirli ifadə vasitələrindən biri olub. O, bizim duyğularımızı, düşüncələrimizi və bəzən  ən dərin ruh halımızı sözsüz şəkildə ifadə etməyə imkan verir. İnsanlar musiqi vasitəsilə sevincini, kədərini, qorxusunu və ümidlərini bir-birinə çatdırıblar. Musiqi insan həyatının ayrılmaz bir parçasıdır, onunla doğulur, böyüyür, sevinir və kədərlənirik. Hər gün ətrafımızda müxtəlif səslər, ritmlər eşidirik - bəzən sakitləşdirici, bəzən coşğulu, bəzən isə düşünməyə vadar edən. Bu səslər bizi fərqli dünyalara aparır, duyğularımızı oyadır. Musiqi yalnız səs və ritmdən ibarət olmayıb, o, eyni zamanda mədəniyyətin, tariximizin və insan təcrübəsinin daşıyıcısıdır. Küçə musiqisi isə bu böyük musiqi dünyasının xüsusi və çox maraqlı bir parçasıdır. O, şəhərin qəlbində, insanların sürətli və tələsik addımları arasında səslənir, hər addımda öz ritmini duyur. Küçə musiqisi sadəcə arxa fonda səslənən melodiyalardan daha çox şey deməkdir. O, şəhər mədəniyyətinin ən canlı, ən rəngarəng və bəzən ən unudulan parçasıdır. Şəhərin səs-küyü, insan axını, işıqlandırmalar, küçə sənətləri ilə birgə küçə musiqisi şəhərin ruhunu formalaşdırır, ona xüsusi bir rəng və həcm verir. Küçə musiqisi şəhərin küçələrində, parklarında, metro stansiyalarında, meydanlarında özünü göstərir və hər kəs üçün əlçatandır. Bu musiqi forması həm şəhər sakinlərinə rahatlıq, həm də səyyar tamaşaçıya xoş anlar bəxş edir. Küçə musiqisinin bir gözəlliyi də onun sərbəstliyindədir - heç bir məhdudiyyət olmadan, sərhədsiz və açıq şəkildə ifa olunur. Bu, həm də küçə musiqiçilərinin özünüifadə vasitəsidir. Onlar öz musiqi alətləri ilə, səs və ritmlə danışır, duyğularını, həyat hekayələrini, bəzən də cəmiyyətə olan baxışlarını təqdim edirlər. Eyni zamanda, küçə musiqisi sosial bir platformadır. Burada gənclər özünüifadə vasitəsi tapır, sənətini sərbəst şəkildə göstərir, bəzən cəmiyyətlə dialoqa girir. Küçə musiqisi  səs-küydən,  səmimiyyətdən doğan bir körpüdür - insanlar arasında ünsiyyət, həmrəylik və paylaşma anıdır. Küçə musiqisinin təsiri yalnız musiqiçilər və dinləyicilərlə məhdudlaşmır. O, şəhərin müxtəlif sosial təbəqələrini bir araya gətirir, fərqli insanları birləşdirir və onları ümumi musiqi dilində danışmağa səsləyir. Bu, bəzən ənənələrdən, dillərdən və fərqli dünyagörüşlərindən irəli gələn fərqlilikləri yumuşaldır, insanları yaxınlaşdırır.

Şəhər mədəniyyətində küçə musiqisinin yeri təkcə əyləncə vasitəsi olmaqdan çox uzaqdır. O, həm də sosial identitetin, gənclərin dünyagörüşünün, yaradıcılığın ifadəsi kimi dəyərlidir. Küçə musiqisi ilə məşğul olanlar öz fərqliliklərini, üslublarını ortaya qoyur, musiqi vasitəsilə həm özlərini, həm də şəhər həyatını daha maraqlı və rəngarəng göstərməyə çalışırlar. Bu musiqi janrında hər hansı bir stereotip və ya standart yoxdur - hər ifaçı öz dünyasını, duyğularını, mesajını bu platformada sərbəst şəkildə paylaşa bilir. Bu da küçə musiqisini yenilikçi və  çoxşaxəli edir.

Küçə musiqisi həmçinin şəhərin gündəlik həyatının, problemlərinin və arzularının da aynasıdır. Bəzən burada ifa olunan musiqi məhəllənin, şəhərin və ya ölkənin sosial, iqtisadi və mədəni durumunu əks etdirir. Gənclərin istəkləri, ümidləri, bəzən isə narahatlıqları, ictimai məsələlər küçə musiqisi vasitəsilə dilə gəlir. Bu, şəhər sakinləri arasında həm empatiya, həm də hərəkətə gətirən qüvvə yaradır. Küçə musiqisi səmimiyyəti, canlılığı ilə şəhər həyatını rəngləndirir, ona ruh verir.

Dünya təcrübəsinə baxdıqda, küçə musiqisi çox vaxt mədəniyyətlərin mübadiləsi üçün bir platforma rolunu oynayır. Fərqli ölkələrdən gələn musiqiçilər burada öz ifalarını təqdim edir, müxtəlif musiqi janrları - caz,  hip-hop, xalq musiqisi, klassik və daha bir çox üslub  bir araya gəlir. Bu da küçə musiqisini həm yerli, həm də qlobal bir hadisəyə çevirir. İnsanlar küçədə dayanıb bir-birindən fərqli musiqiləri dinləyir, yeni janrlar və tərzlərlə tanış olur. Nəticə olaraq, küçə musiqisi yalnız ritm və melodiya deyil, həm də sosial, mədəni və emosional bir fenomendir. O, şəhərin canlılığına, insan əlaqələrinə və mədəniyyətinə xidmət edir. Küçə musiqisi ilə şəhər nəfəs alır, özünü ifadə edir, yeni həyat tapır. Bu musiqi, səmimi və təbii olması ilə insanları bir araya gətirir, fərqli dünyaları yaxınlaşdırır.

Bu mövzuda musiqişünas Bahar Bəylərova Olaylar.az-a açıqlama verib. Musiqişünas qeyd edib ki, küçə musiqisi şəhərin ruhunu çatdırır, insanların kollektiv hissini bərqərar edir və şəhərin terapevtləri rolunu oynayır:

"Küçə musiqisinin şəhər mədəniyyətinə çox böyük təsiri var. Küçələrimizdə səslənən musiqi əslində şəhərimizin ruhunu əks etdirir. Şəhər mədəniyyətinin dəyişməsində  də təsiri çox böyükdür. Məsələn, bəzi bayağı musiqilərə - el arasında 20 Yanvar metrostansiyası musiqiləri deyirlər. Amma, daha klassik, Azərbaycan mədəniyyətinə uyğun mahnılar isə, məsələn, İçərişəhər mahnıları deyilir. Çox maraqlıdır ki, müşahidə etsək görərik ki, həmin ərazilərdə səslənən musiqilər oradakı insanların həm estetik tərbiyəsini, həm də estetik görünüşünü təzahür etdirir. Şəhər küçələrində ifa olunan musiqilərin əhəmiyyəti böyükdür. Estetik musiqilərin əhəmiyyəti böyükdür.  Çünki işdən stressli halda evə qayıdan bir insanın qulağında səslənən o gözəl musiqi bəlkə də onun evə əsəblə getməsinin qarşısını alır, hər hansı bir qərar üzərində düşünən insanın düşüncəsinə dəstək olur. Eyni zamanda bu, nostalji və empatiyadır. Eyni zamanda həmin anda, həmin ərazidə o musiqini dinləmək üçün dayanan insanların kollektiv düşüncəsini, kollektiv hissini bərqərar edir. Ona görə də küçədə səslənən musiqilərin əhəmiyyəti böyükdür. Bir şəhərdə səslənən musiqilər həmin şəhərin peyzajıdır və hər şəhərin öz səsi var. Hər şəhərin səsi oradakı insanların danışığı deyil, oradakı maşınların səsi də deyil. Hər şəhərin musiqisi, hər şəhərin səsidir. Hər şəhərin səsi onun ruhunu çatdırır, təsvir edir və insanların müəyyən qədər stressiz olması, xoşbəxt hiss etməsi kimi məsələlərdə çox böyük əhəmiyyət daşıyır. Mən bu məsələyə həm musiqiçi, həm də psixoloq kimi yanaşıram. Bu, eyni zamanda küçə musiqiçilərinə də çox böyük imkanlar açır. Çünki onlar orada bilet satmalı deyillər, çünki onlar orada içlərindən gələn kimi ifa edirlər. Bu məqamlar çox önəmlidir. Bir şəhərin psixoloji durumu və bir xalqın eyni ruhda hiss etməsi, eyni ruha köklənməsi, eyni pozitivliyə, xalqına, mədəniyyətinə, öz dəyərlərinə dönməsi və bunu daim xatırlaması çox böyük əhəmiyyətə malikdir. Deyərdim ki, küçə musiqiçiləri şəhərin terapevtləridir".

Küçə musiqisinin cəmiyyətə və sosial münasibətlərə təsiri barədə sosioloq Üzeyir Şəfiyev açıqlamasında bildirib  ki, küçə musiqisi məkanın xüsusiyyətlərinə uyğun, sakit və melodik şəkildə təqdim olunarsa, həm şəhər sakinlərinin əhvalını yüksəldir, həm də şəhər mədəniyyətinin inkişafına xidmət edir:

" Küçə musiqisi bir çox ölkələrin təcrübəsində var, ancaq bu o demək deyil ki, küçə musiqisi səskirliliyə səbəb olmalıdır. Əgər səs kirlilik yaratmırsa, həzin və melodik musiqilər səsləndirilirsə, məkana uyğun olursa və eyni zamanda bu, xaotik vəziyyət yaratmırsa, əsəb gərginliyi yaratmırsa, şübhəsiz ki, bu yaxşı haldır. Çox yaxşı olar ki, bu, bələdiyyələr səviyyəsində, şəhər mediası tərəfindən təklif olunsun və onun maliyyələşdirilməsi də bələdiyyə və şəhər mediası vasitəsilə, və  yaxud cəmiyyət tərəfindən təmin oluna bilər. Amma bu, baxımlıq ovqatı yaratmamalıdır. Müşahidələr göstərir ki, küçə musiqisi insanların əhval-ruhiyyəsinə əgər səskirliliyi yaratmırsa və məkana uyğun, həzin, melodik xarakter daşıyırsa, bu, ictimaiyyətə müsbət təsir göstərir və biz bunun şahidi oluruq. Amma bəzən qeyri-peşəkar ifalar və ya səs kirliliyi yaradan, məkana uyğun olmayan səsləndirmələr ictimai narahatlıq yaradır. Buna görə də bu məsələ mütləq tənzimlənməlidir və nəzarət olunmalıdır. Lakin belə nümunələrin olması müsbət hal kimi qiymətləndirilməlidir".

Küçə musiqisi təkcə səs və ritmdən ibarət olmayıb, şəhər həyatının canlı və dinamik bir parçasıdır. O, insanların duyğularına toxunur, şəhərin mədəniyyətini və sosial atmosferini formalaşdırır. Eyni zamanda, küçə musiqisi müxtəlif sosial qrupları bir araya gətirərək insanları yaxınlaşdıran bir körpü rolunu oynayır. Ancaq bu sənət növünün icrasında balans və həssaslıq vacibdir - musiqi ətrafdakılar üçün narahatlıq yaratmamalı, şəhərin ümumi sükunətinə və insan rifahına zərər verməməlidir. Küçə musiqisinin inkişaf etdirilməsi üçün həm sənətkarların, həm də yerli icmanın hüquq və ehtiyacları nəzərə alınmalı, musiqi şəhərin estetik və mədəni zənginliyinə töhfə verən bir element kimi qorunmalıdır. Bu baxımdan, küçə musiqisi yalnız əyləncə vasitəsi deyil, həm də şəhər həyatının, mədəniyyətinin və sosial birliyinin güzgüsü kimi qiymətləndirilməlidir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
94
7
olaylar.az

10Mənbələr