AZ

"İsrailin Qəzzanı tam ələ keçirmək planı dünyanı ayağa qaldırıb" - Dünya KİV-ləri

"BMT və dünya liderləri hərbi əməliyyatın dərhal dayandırılmasını tələb edir..."

İsrail hökumətinin Qəzza bölgəsinin hərbi yolla tam ələ keçirilməsi planı artıq davam edən müharibə və humanitar böhran fonunda beynəlxalq aləmdə böyük narazılıq doğurub.

Moderator.az xəbər verir ki, bu barədə "inform.kz" nəşri yazıb.

Nəşr qeyd edir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bəyan edib ki, bu addım yalnız beynəlxalq hüquqa zidd deyil, həm də bölgədə on minlərlə dinc insanın həyatını təhlükəyə atır. Onun sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi qərar açıq şəkildə İsrailin işğalı tezliklə dayandırmasını və iki dövlətli həll yolunun həyata keçirilməsini tələb edir.

Türk həmçinin İsraildən "tam və maneəsiz humanitar yardım axınını" təmin etməyi, əsassız həbs edilmiş bütün fələstinliləri azad etməyi və HƏMAS-ın girovları qeyd-şərtsiz buraxmasını tələb edib. O, xəbərdarlıq edib ki, Qəzza üzərində tam hərbi nəzarət həm hüquqi, həm də insani fəlakətə gətirib çıxara bilər.

İsrail daxilində siyasi ziddiyyətlər

İsrailin müxalifət lideri Yair Lapid plana "faciəvi səhv" adını verərək, bunun İsrailin öz əsgərlərinin və girovlarının həyatına son qoya biləcəyini deyib. O, təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriçi baş nazir Benyamin Netanyahunu hərbi əməliyyatları uzadacaq və ölkəyə iqtisadi baxımdan milyardlarla şekel ziyan vuracaq bir qərara sürükləməkdə ittiham edib. İsrail mediasında da analitiklər xəbərdarlıq edir ki, bu plan uzunmüddətli işğal ssenarisinə çevrilə, nəticədə ölkəni həm hərbi, həm də diplomatik təcrid vəziyyətinə sala bilər.

Bölgədən və dünyadan sərt reaksiyalar

Misir

Prezident Əbdül-Fəttah əs-Sisi Qəzzadakı girovların həyatı üçün təhlükə yarandığını bildirərək, İsrail və HƏMAS arasında atəşkəs danışıqlarının dərhal bərpasını tələb edib. O, ABŞ prezidenti Donald Trampla birbaşa danışıqlar aparmaq istədiyini açıqlayıb. Misir rəhbərliyi Qahirənin vasitəçilik səylərinin bu planla ciddi şəkildə zədələnəcəyindən ehtiyatlanır.

Çin

Pekin Qəzzanın "Fələstin xalqına məxsus ayrılmaz ərazi" olduğunu vurğulayaraq, İsraili "təhlükəli və məsuliyyətsiz" addımlarını dərhal dayandırmağa çağırıb. Çin rəsmiləri həmçinin BMT Təhlükəsizlik Şurasında bu məsələni gündəmə gətirməyə hazır olduqlarını bildirib.

Böyük Britaniya

Baş nazir Kir Starmer planın "humanitar böhranı daha da dərinləşdirəcəyini" deyərək, onun bölgədə yeni zorakılıq dalğası yaradacağı barədə xəbərdarlıq edib. Londonda bir sıra insan haqları təşkilatları da İsrailin hərbi əməliyyatlarını pisləyən bəyanatlar yayıb.

Avstraliya

Xarici işlər naziri Penni Vonq bildirib ki, əhalinin zorla köçürülməsi beynəlxalq hüququn açıq pozulmasıdır. Avstraliya hökuməti İsraili Qəzzaya hərbi nəzarət planından imtina etməyə çağırıb və bölgəyə daha çox humanitar yardım göndərilməsini təklif edib.

Türkiyə

Xarici İşlər Nazirliyi planı "qətiyyətlə qəbulolunmaz" adlandırıb və beynəlxalq ictimaiyyəti, o cümlədən BMT Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə səsləyib. Ankara bu addımın bölgədə onsuz da kövrək olan sabitliyi tamamilə dağıdacağı barədə xəbərdarlıq edib.

Bölgədə yeni təhlükəli mərhələ qorxusu

Analitiklərin fikrincə, Qəzza üzərində hərbi nəzarət planı yalnız HƏMAS-la deyil, bütövlükdə Yaxın Şərqdəki siyasi münasibətlər sistemini sarsıda bilər. Bu addımın Misir, İordaniya və Körfəz ölkələri ilə münasibətləri gərginləşdirəcəyi, eyni zamanda Qərb ölkələrinin də İsrailə dəstəyini zəiflədəcəyi ehtimal olunur. Hazırda bölgədə onsuz da ağır olan humanitar vəziyyətin daha da pisləşməsi isə yeni qaçqın axını, epidemiya və ərzaq böhranı riskini artırır.

Seçilən
107
36
moderator.az

10Mənbələr