“Görüşün məhz Alyaskada keçirilməsinin 3 mühüm səbəbi var...”
Siyasi şərhçi Heydər Oğuz ABŞ və Rusiya liderlərinin məhz Alyaskada görüşməsinin səbəbləri haqqında hafta.az-a verdiyi açıqlamada bu qərarın arxasında duran 3 əsas amili izah edib. O ilk növbədə, Rusiya diktatoru Vladimir Putinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə bağlı vəziyyətinə diqqət çəkib.
"Roma Statusunu qəbul etməyən ABŞ..."
Siyasi şərhçi qeyd edib ki, 17 mart 2023-cü ildə beynəlxalq məhkəmə tərəfindən Putin haqqında çıxarılan həbs qərarı Rusiya prezidentinin Roma Statusunu qəbul edən ölkələrə səyahət etməsini çətinləşdirib. Buna görə də Putin yalnız Roma Statusunu imzalamayan ölkələrə gedə bilir. "ABŞ isə Roma Statusunu qəbul etməyib və bunu ölkələrin suverenliyinin məhdudlaşdırılması kimi qiymətləndirir," - deyə siyasi şərhçi əlavə edib.
“Alyaska - gizli müzakirələr üçün ideal məkan...”
İkinci səbəbə gəldikdə, həmsöhbətimiz Tramp və Putin arasındakı görüşün, dünya xəritəsinin yenidən bölüşdürülməsi və tərəflərin təsir dairələrinin müəyyənləşdirilməsi məsələlərini müzakirə etmək məqsədi daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu cür mühüm danışıqlar üçün ən uyğun yer olaraq Alyaska seçilib.
"ABŞ-ın xüsusi xidmət orqanlarının məxfiliyi daha rahat qorumaq imkanları olan Alyaska müzakirələrin gizli qalmasını təmin edir," - deyə şərhçi diqqətə çatdırıb.
“Təbii sərvətlər və ticarət marşrutları...”
Heydər Oğuz üçüncü səbəbi isə Alyaskada keçirilməsi planlaşdırılan görüşün birbaşa olaraq Rusiyanın Uzaq Şərq əyalətlərinin təbii sərvətlərinin istismarı və Arktika ticarət marşrutlarının açılması məsələləri ilə əlaqələndirib:
"Alyaska ilə Rusiya arasında yerləşən Berinq boğazı hər iki ölkə arasında bu məsələlərin müzakirə olunması üçün ideal bir məkandır”.
"Rusiya ilə enerji əməkdaşlığı: Trampın uzunmüddətli planı..."
Siyasi şərhçi Donald Trampın hakimiyyəti dövründə, xüsusilə Rusiya ilə əlaqələrin önəmini də qeyd edib. O, Trampın Rusiyanın neft və qazının istismarını heç vaxt gözardı etmədiyini və hətta bu sahəyə böyük maraq göstərdiyini vurğulayıb:
“Qeyd edim ki, Donald Tramp hakimiyyətinin heç bir mərhələsində Rusiyanın Uzaq Şərq əyalətlərinin təbii sərvətlərinin istismarını gözardı etməyib. Hətta ilk hakimiyyəti dövründə ABŞ adminsitrasiyasının ən mühüm postunu Rusiyanın təbii sərvətlərinin hasilatı ilə ad çıxarmış Reks Tillersona tapşırmış və ABŞ-da müxaliflərinin kəskin etirazı ilə qarşılaşmışdı. Məlumat üçün bildirim ki, Tillerson 1990-cı illərdən etibarən Xəzər dənizi və Saxalinin neft və qazının istismarı ilə məşğul olmağa başlamışdı. “Exxon- Sakhalin” şirkətinin qurucusudur. 1998-ci ildə o, “Exxon Ventures” (MDB) şirkətinin vitse-prezidenti və “Exxon Neftegas Limited”-in Rusiya və Xəzər dənizindəki holdinqlərinə cavabdeh olan prezidenti olmuşdu. Daha sonra o, “Exxon”-u “Rosneft” ilə “Saxalin-I” konsorsiumuna daxil etdi. Bir sözlə, Tillerson Rokfeller ailəsinin 1960-cı illərdən başlatdığı Rusiya ilə əlaqələri SSRİ dağıldıqdan sonra davam etdirən ən aparıcı üzvlərindəndir. Onun 2004-cü ildə birləşdirdiyi “Exxon-Mobil” 200-ə yaxın ölkədə bizneslə məşğul olurdu və illik gəliri təxminən 400 milyard dollar idi. Tillersona böyük önəm verən Trampın Rusiya eşqi bu mənada təsadüfi deyil…”
“Rusiya ilə iqtisadi əməkdaşlıq ABŞ üçün həyati əhəmiyyət kəsb edir...”
Heydər Oğuz ABŞ-ın Çinin nadir torpaq elementləri üzrə inhisarını qırmaq üçün Rusiyanın bu resurslarından faydalanmaq məcburiyyətində olduğunu da qeyd edib. Onun sözlərinə görə, Rusiya və ABŞ arasındakı iqtisadi əməkdaşlıq xüsusən çiplər və digər yüksək texnologiyalar üçün vacibdir, çünki bu, ABŞ-ın dünya liderliyini saxlamaq üçün strateji əhəmiyyət kəsb edir.
“Zəngəzur və Ukrayna məsələləri artıq həll olunub...”
Qısası, Rusiya və ABŞ liderlərinin Alyaska görüşündə təkcə Zəngəzur və Ukrayna məsələsi müzakirə olunmayacaq. Hər iki lider üçün bu iki məsələ artıq öz həllini tapıb. Qarşıda dayanan əsil məsələ Rusiyanın təbii sərvətlərinin birgə istismarı və yeni ticarət dəhlizinin açılması olacaq”, -deyə sonda siyasi şərhçi vurğulayıb.
Beləliklə, Heydər Oğuz, Tramp və Putin arasında planlaşdırılan görüşün, yalnız geopolitik məsələlərin deyil, həm də enerji resurslarının və iqtisadi maraqların paylaşılmasının bir aləti olduğunu ifadə edib.