Putinin əsas təbliğat ruporlarından biri olan Vladimir Solovyov Azərbaycan və Ermənistanı təhdid edib...
Rusiyalı teleaparıcı Tramp və Putinin görüşünün uğursuz olacağını, NATO-nun Xəzəryanı regionda baza yerləşdirə biləcəyini və bunun böyük geosiyasi nəticələr doğura biləcəyini bildirib.
Qeyd edək ki, Rusiyanın əsas təbliğatçılarından biri olan teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalında yayımlanan “Voskresnıy Veçer” (“Bazar axşamı”) verilişində bu barədə danışıb. Təbliğatçı bildirib ki, avqustun 15-də Alyaskada keçiriləcək Vladimir Putin və Donald Tramp görüşü Ukraynada müharibənin sonunu gətirməyəcək. O, həmçinin Cənubi Qafqazda yeni bir “Xüsusi Hərbi Əməliyyat”ın başlaya biləcəyini istisna etməyib.
Solovyovun sözlərinə görə, Ukraynadakı müharibənin davam etməsinin əsas səbəbi Avropa dövlətlərinin maraqlarının bundan ibarət olmasıdır.
“Qələbə qazanmaq vaxtıdır. Amma onlar elə göstərirlər ki, guya müharibə yoxdur... Cümə axşamı axşam şəhərin mərkəzinə çıxırsan, fikirləşirsən: ‘Nə baş verir? Doğrudan da hardasa müharibə gedir?’ Bəli, gedir. Həm də dəhşətli bir müharibə. Və bunu çox aydın başa düşmək lazımdır. Təəssüf ki, Alyaskadakı görüş bu müharibəni heç kəs üçün bitirməyəcək. Əgər Tramp “bu sizin probleminizdir” desə, onda yalnız avropalılar qalacaq. O zaman biz yenidən onlara kim olduqlarını izah etməli olacağıq”, deyə təbliğatçı qeyd edib.
Teleaparıcı həmçinin Cənubi Qafqazla bağlı vəziyyətin Rusiyanın “çox böyük problemi” olduğunu deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda Xəzər dənizi ətrafında NATO bazaları yarana bilər.
“Bu, o qədər təhlükəlidir və geosiyasi baxımdan qiymətləndirdikdə elə nəticələrə gətirib çıxara bilər ki, bu da bizim nəslimizin sonuncu “Xüsusi Hərbi Əməliyyatı” olmayacaq”, deyə Solovyov vurğulayıb.
Ekspertlərin fikrincə, Solovyovun bu açıqlaması Kremlin, Alyaskada keçiriləcək Putin-Tramp danışıqları ərəfəsində Rusiya ictimai rəyini müharibənin başa çatmasına hazırlamadığını göstərə bilər.
Solovyovun Cənubi Qafqazla bağlı dedikləri, ehtimal ki, ötən cümə Vaşinqtonda Ermənistan və Azərbaycan liderlərinin ABŞ prezidenti iştirakında imzaladığı sənədlər paketinə işarə edir. Rusiyanın aparıcı telekanalları bu hadisəni geniş işıqlandırmayıb. Hətta “Vesti”nin həftəlik yekun buraxılışında belə, mövzuya toxunulmayıb. (Aqenstvo Novosti)
Poliqon.info