ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Kremlin öndəgedən təbliğatçısı Vladimir Solovyov aparıcısı olduğu "Voskresnı veçer" ("Bazar axşamı") verilişində qısa olaraq Azərbaycan və Ermənistan arasında Vaşinqton razılaşmalarını şərh edib. "Rossiya1" telekanalının aparıcısı isterik şəkildə qonşu ölkələri "xüsusi hərbi əməliyyat"la hədələyib.
"Biz başa düşməliyik ki, Cənubi Qafqazda baş verənlər çox böyük problemdir və elə vəziyyət yarana bilər ki, orada tezliklə NATO bazaları peyda ola bilər. Vəziyyət o qədər təhlükəlidir ki, geosiyasi mövqeləri nəzərə alsaq, bu, elə nəticələrə gətirib çıxara bilər ki, bu, bizim nəslin sonuncu "xüsusi hərbi əməliyyat"ı olmaya bilər", - deyə V.Solovyov sərsəmləyib.
Kremlin təbliğat aləti Moskvanın bütün mümkün diplomatik üsullardan istifadə etməli olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O qeyd edib ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında davamlı sülhlə bağlı mühüm addımların atılmasını Kreml həzm edə bilmir:
"Ona görə də Solovyovun dili ilə Azərbaycana hədə-qorxu gəlməyə başlayıb. Solovyov Xəzər dənizində NATO-nun bazalarının yerləşə biləcəyini və bunun baş verməməsi üçün yeni bir xüsusi hərbi əməliyyatın keçirilməsinin zəruri olduğunu bildirir. Rusiya yaxşı bilir ki, Azərbaycan hərbi bloklara qoşulmur və özünün suveren ərazilərində heç bir xarici hərbi bazanı yaratmaq fikrində deyil. Amma solovyovların, zatulinlərin hədələri Azərbaycanı yeni hərbi bloklar üzərində düşünməyə məcbur edir.
Solovyov ağzına gələnləri danışmaqla həddini aşır və dediyi sözlərin nəticələrinin nə ilə bitəcəyinin fərqində deyil".
Deputat əlavə edib ki, Rusiya Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla ağ günə çıxdığını düşünür:
"İndi də Azərbaycanı xüsusi hərbi əməliyyatla qorxudur. Azərbaycanı belə hədələrlə qorxutmaq və bizimlə hədə dilində danışmaq olmaz. Ölkəmiz ərazicə Rusiyadan çox balaca olsa da, heç vaxt bizimlə hədə dilində danışıb nəyəsə nail oluna bilməz. Azərbaycanın müstəqil siyasəti dəyişilməzdir və solovyovların nə deməsindən asılı olmayaraq, Cənubi Qafqaza sülh, əməkdaşlıq və təhlükəsizlik gətirir. Rəsmi Kreml Azərbaycanla qonşuluq münasibətlərini qarşılıqlı hörmət və fayda əsasında qoruyub saxlamaq istəyirsə, solovyovlara komanda verib danışdırmaq əvəzinə, təzyiq ritorikasını dəyişərək diplomatiyaya üstünlük verməlidir".
Məhərrəm Əliyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.