ABŞ-da Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmaların detalları və üçtərəfli bəyannamənin imzalanması Türkiyə KİV və sosial şəbəkə seqmentində birmənalı qarşılanmayıb.
Rəsmi Ankara müxtəlif səviyyələrdə sülh razılaşmasını alqışlasa, Bakıya dəstəyini bildirsə də, Türkiyə daxilində bu mövzu ilə bağlı fərqli fikirlər səsləndirənlər var.
Sözügedən yanaşmanın səbəbi nədir? Qardaş ölkənin ictimaiyyətini hansı detallar narahat edir?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Türkiyə mediasında ABŞ-ın Zəngəzur dəhlizini 99 il müddətinə nəzarətə götürməsinə qarşı müxtəlif fikirlər yer alır:
“Lakin Türkiyənin rəsmi mövqeyində bu məsələ əleyhinə hər hansı açıqlamaya rast gəlinmir, ona görə də Ankaranın narahatlığı tam dəqiqləşmir. Mediada da həm əleyhinə, həm də lehinə fikirlər səslənir, yəni heç biri total xarakter daşımır. Rəsmi Ankara isə Bakı və İrəvanın Vaşinqton razılaşmasını dəstəkləyib.
Zəngəzur dəhlizi yalnız Azərbaycanın Naxçıvana çıxışı deyil, həm də Türkiyə ilə arasında quru əlaqənin yaradılması deməkdir. Bu, türk coğrafiyasının parçalanmasının aradan qaldırılması istiqamətində önəmli addımdır. Türkiyə və Azərbaycan bu dəhlizə Türk dünyasını birləşdirmək perspektivindən yanaşır. Ankara eyni zamanda prosesi regional gücünü artırmaq üçün fürsət hesab edir. ABŞ-ın dəhlizdə mövcudluğu isə türk coğrafiyasına nəzarət kimi qiymətləndirilə və bu, Türkiyənin maraqlarında müəyyən problemlər yarada bilər. Lakin hesab edirəm ki, proses Bakı və Ankara arasında əvvəlcədən razılaşdırılıb. Çünki Şuşa bəyannaməsi və iki ölkə arasındakı yaxın münasibətlər rəsmi Ankaranın məlumatlı olduğunu göstərir. Türkiyənin sakit mövqeyi də bunu təsdiqləyir”.
A.Nərimanlının sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasının bəzi riskləri olsa da, üstünlükləri də var:
“Kommunikasiyanın açılması ilə Cənubi Qafqazda Rusiyanın təsiri zəifləyir və Ermənistanın əsas çıxış yolu Qərb platformasına çevrilir. Bu da İrəvanı Ankara və Bakının nəzarətində olan coğrafiyada yerləşdirir. Ermənistan Avropa bazarına çıxmaq üçün Türkiyə ilə münasibətlərini normallaşdırmalı və sərhədlərini açmalıdır. Bu vəziyyət Ankaranın Cənubi Qafqazdakı mövqeyini gücləndirə bilər.
Yəni Türkiyə prosesdə itirən deyil, qazanan tərəfdir. Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşması bu ölkənin əsas prioriteti olub və artıq lazımi addımlar atılıb. Gələcəkdə Türkiyənin Ermənistan üzərində təsiri artacaq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta