Bakı, 11 avqust, AZƏRTAC
"Qarabağ" güclü komandadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın “Şkendiya” komandasının baş məşqçisi Ceton Beqiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis növbəti mərhələyə vəsiqə qazanmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: "Mümkün olan hər şeyi meydanda etmək istəyirik. İlk hissədə fiziki cəhətdən "Qarabağ"dan geri qalırdıq. Birinci görüşdə məğlub olmuşuq, itiriləcək heç nə yoxdur. Məyusedici məqam odur ki, buraxdığımız qol planlara daxil deyildi. Bizim də imkanlarımız oldu".
Qeyd edək ki, Ağdam klubu ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab qarşılaşması avqustun 12-si saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.