11 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.
AFN.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin nəticəsində imzalanmış Birgə Bəyanamə, sülh sazişinin paraflanması, ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırış, eləcə də əldə edilmiş digər razılıqlar münasibətilə təbriklərini çatdırıb.
Bu razılaşmaların bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Kaya Kallas, Aİ-nin sülh prosesinin irəlilədilməsinə daim dəstək verməyə hazır olduğunu bildirib.
Telefon danışığı zamanı həmçinin Azərbaycan–Aİ münasibətlərindən irəli gələn məsələlər və perspektivlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.