AZ

Əliməmməd Nuriyev: Vaşinqtonda paraflanan saziş Cənubi Qafqazın yeni mərhələyə keçid sənədidir

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Avqustun 8-i Vaşinqtonda paraflanan "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" həm hüquqi baxımdan, həm də siyasi mənada Cənubi Qafqazın yeni mərhələyə keçid sənədidir".

Bu sözləri Oxu.Az-a açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev deyib.

O bildirib ki, bu sənədin məğzində üç əsas məqsəd dayanır:

"Birincisi, hüquqi çərçivəni bərqərar etmək - Qarabağ münaqişəsi sonrası statusun beynəlxalq hüququn əsas prinsiplərinə uyğun şəkildə təsbit olunması, ikincisi, siyasi niyyəti rəsmiləşdirmək - tərəflərin gələcək münasibətləri normal məcraya salmaq iradəsinin dövlət səviyyəsində ifadəsi, üçüncüsü isə regionun güc balansını yenidən qurmaq - yeni təhlükəsizlik memarlığı və iqtisadi əməkdaşlıq xəritəsinin hazırlanmasıdır. Bu sənəd diplomatik neytrallıqla yazılsa da, mətnin dərin qatlarında Azərbaycanın son otuz ildə müdafiə etdiyi mövqelərin addım-addım reallığa çevrildiyini görmək mümkündür".

Hüquqşünas sözügedən sənəddə yer alan maddələri izah edib:

"Maddə I - Ərazi bütövlüyünün tanınması

SSRİ dövründəki inzibati sərhədlərin beynəlxalq sərhəd kimi tanınması prinsipinə söykənir. Bu, 1991-ci il Almatı Bəyannaməsinin ruhunu yenidən təsdiqləyir.

Nəticə: Ermənistanın Qarabağ üzərində hər hansı hüquqi iddiası rəsmən bağlanır. Bu, Azərbaycanın diplomatik gündəmi üçün əsas hədəflərdən biri idi və indi kağız üzərində təsbit olunub.

Maddə II - Ərazi iddialarından imtina

Sadəcə iddialardan imtina deyil, həm də digər tərəfi parçalamağa yönəlmiş hərəkətlərin planlaşdırılması və dəstəklənməsinin yasaqlanması.

Nəticə: Diaspor, media və ya üçüncü tərəflər vasitəsilə separatizmin təşviqi artıq beynəlxalq öhdəlik pozuntusu sayılacaq.

Maddə III - Gücdən istifadənin qadağası

BMT Nizamnaməsinin 2(4)-cü maddəsinə uyğun olaraq gücdən istifadə və güclə hədələmə yasağı. Əlavə olaraq ərazilərdən üçüncü dövlətlərin hərbi əməliyyatlar üçün istifadəsinə qadağa.

Nəticə: Sərhədyanı bölgələrdə kənar hərbi iştirak imkanları ciddi şəkildə daralır.

Maddə IV - Daxili işlərə qarışmamaq

Bu maddə yalnız siyasi proseslərə müdaxilə qadağası deyil, həm də informasiya və iqtisadi təsir cəhdlərinə qarşı sipərdir.

Nəticə: Qarşı tərəfin daxili sabitliyinə yönəlmiş yumşaq güc əməliyyatlarının hüquqi qarşısı alınır.

Maddə V - Diplomatik münasibətlərin qurulması

Ratifikasiya tamamlandıqdan sonra Vyana Konvensiyalarına uyğun səfirliklərin açılması nəzərdə tutulur.

Nəticə: Bakı ilə İrəvan arasında institusional ünsiyyət kanalı formalaşır, vasitəçi olmadan birbaşa diplomatik dialoq mümkün olur.

Maddə VI - Sərhədin müəyyənləşdirilməsi

Xəritəçəkmə, koordinat dəqiqləşdirilməsi və hüquqi təsdiq - bunlar yalnız texniki işlər deyil, suverenliyin rəsmi təsdiq aktlarıdır.

Nəticə: Sərhəd mübahisələrinin qapadılması istiqamətində real mexanizm yaranır.

Maddə VII - Üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsi

Sərhəd boyu yalnız iki dövlətin qüvvələri qalacaq.

Nəticə: Bu, xüsusilə Rusiya, Avropa İttifaqı və digər xarici hərbi aktorların regiondakı manevr imkanlarını daraldır.

Maddə VIII - Ekstremizm və terrorizmlə mübarizə

Separatizm, nifrət ritorikası və zorakı ekstremizmə qarşı öhdəlik.

Nəticə: Münaqişədən sonrakı dövrdə sülh mühitinin qorunması üçün psixoloji və hüquqi baza formalaşır.

Maddə IX - İtkin şəxslər

İtkinlərin taleyinin araşdırılması, qalıqların qaytarılması və ədalətin təmin olunması.

Nəticə: Humanitar etimadın bərpası üçün ən emosional təsir gücünə malik maddədir.

Maddə X - İqtisadi və mədəni əməkdaşlıq

Tranzit, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq imkanları açılır.

Nəticə: Zəngəzur dəhlizi kimi strateji layihələrin hüquqi zəmini yaranır.

Maddə XI - Mövcud müqavilələrlə uyğunluq

Saziş digər beynəlxalq öhdəliklərlə ziddiyyət yaratmır.

Nəticə: Xarici siyasət kursuna zərər vermədən sülh prosesi həyata keçirilir.

Maddə XII - Sazişin üstünlüyü

Daxili qanunvericilik sazişin icrasına mane olmaq üçün bəhanə kimi istifadə edilə bilməz.

Nəticə: İcra prosesinin siyasi dəyişkənlikdən asılı olmaması təmin olunur.

Maddə XIII-XV - İcra nəzarəti və mübahisələrin həlli

İkitərəfli komissiya, altı ay məsləhətləşmə müddəti, keçmiş iddialardan imtina.

Nəticə: Keçmişin siyasi və hüquqi yükü aradan qaldırılır, gələcək əməkdaşlıq üçün zəruri psixoloji mühit yaradılır.

Maddə XVI-XVII - Qüvvəyə minmə və dillər

Ratifikasiya proseduru, BMT qeydiyyatı və dil bərabərliyi (ingilis dilinə üstünlük).

Nəticə: Təfsir mübahisələrində beynəlxalq hüquqa əsaslanan aydınlıq".

Ə.Nuriyevin sözlərinə görə, bu saziş Azərbaycanın uzun illər ərzində qurduğu diplomatik strategiyanın hüquqi zirvəsidir:

"ATƏT-in Minsk Qrupunun ləğv ilə birlikdə, münaqişənin beynəlxalq gündəmdən çıxarılması təmin edilir. ABŞ platforması, Türkiyə ilə təhlükəsizlik sinxronu və regionun iqtisadi inteqrasiyası yeni siyasi reallığı formalaşdırır. Əsas risklər sərhəd prosesində texniki-siyasi gecikmələr, ictimai rəylərin uyğunlaşma tempi və üçüncü tərəf təxribatları ola bilər. Əsas imkanlar tranzit marşrutlarının açılması, diplomatik sabitlik və informasiya mühitində düşmənçiliyin zəifləməsi".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
50
oxu.az

10Mənbələr