ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
“Azərbaycan və Ermənistan yeni münasibətlər erasına qədəm qoyurlar. Bu, ABŞ Prezidenti Donald Trampın birbaşa vasitəçiliyi, onun Administrasiyasının Rusiyaya təzyiqi, Cənubi Qafqaz regiona və daha geniş anlamda Avrasiyaya dair strateji baxışının uzun onillərdir münaqişə şəraitində olan tərəflərə vəd etdiyi faydaları nəticəsində baş verir”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, halbuki son 300 ildə Cənubi Qafqaza müdaxilə edən Rusiya və İran tərəfləri bir-birinə düşmən edərək burada söz sahibi olmağa çalışıb və yalnız bu şəkildə mənfəət əldə etməyi düşünüb, ABŞ fərqli strategiya seçərək qarşılıqlı fayda prinsipini önə sürdü və beləcə, məhz Vaşinqton sülh sammitinə ev sahibliyi etdi.
Şəhla Cəlilzadə
“Vaşinqtonda əldə olunan razılaşmalar bölgəmizdə qarşıdakı 100 (99) il üçün yeni geosiyasi vəziyyəti formalaşdırır. Bu məqsədlə Azərbaycan və Ermənistan sülh müqaviləsini parafladılar. Paraflanma o deməkdir ki, sülh müqaviləsi mətni bundan sonra dəyişdirilə bilməz və tərəflər sülh gündəliyinə sadiq qalacaq, heç bir halda revanşist ideyalara və meyillərə yönəlməyəcəklər. Lakin yekun sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına düzəliş edildikdən, ölkəmizə ərazi iddialarını ehtiva edən müddəalar rədd edildikdən sonra imzalanacaq və Parlamentlər tərəfindən ratifikasiya olunacaq. Bu, sülhün davamlılığını, Ermənistandakı gələcək hökümətlərin siyasi proqramından asılı olmayaraq sülhə sadiqliyini təmin etmək baxımından həyatidir. Odur ki, imzalanan sənədi sülh üçün çərçivə sazişi adlandırmaq olar”-deyən politoloqun fikrincə, təsadüfi deyil ki, İran SEPAH-na aid "Telegram" kanalı Vaşinqtondakı sülh bəyanından dərhal sonra Rusiyanın təzyiqi ilə Ermənistanda hakimiyyət dəyişikliyi olacağını, Rusiya və İranın dəstəyi ilə Ermənistanın Türkiyə-Azərbaycan-NATO (ABŞ) qüvvələrinə qarşı müharibəyə daxil ediləcəyi proqnozunu açıqladı.
Şəhla Cəlilzadə bildirib ki, məsələ Azərbaycana daim düşməncəsinə yanaşan bu İranlı güc strukturunun proqnozu qədər “sadə” deyil: “ABŞ-da imzalanan sənədlər, birgə sülh bəyanı, TRİPP (Tramp yolu) adı ilə reallaşacaq Zəngəzur dəhlizi, ATƏT-in Minsk qrupunun buraxılması üçün birgə müraciət - bütün bunlar Rusiya ilə də razılaşdırılıb. Nəinki dəhlizin təhlükəsizliyində beynəlxalq konsorsium rol alacaq, o cümlədən müvafiq təhlükəsizliyin davamlı təmini üçün ABŞ Rusiya ilə də danışıqlar keçirib. Donald Trampın xüsusi nümayəndəsi Uitkoff Vaşinqton görüşü ərəfəsində Moskvaya həm də, buna görə səfər etmişdi”.
Şəhla Cəlilzadənin fikrincə, yenə təsadüfi deyil ki, tərəflərin dünyakı münaqişəli məsələlər üzrə qlobal bazarlığından sonra bunun rəsmiləşdirilməsi üçün Tramp-Putin görüşünün 15 avqustda keçiriləcəyi elan olundu. İran tərəfi geosiyasət ağlından məhrum SEPAH nümayəndələrinin fikirləri yerinə Azərbaycanla əməkdaşlığın faydalarını dəyərləndirən Prezident Pezeşkianın mövqeyinə önəm versə, daha uğurlu nəticələr əldə edərlər.
“Bundan sonra Zəngəzur dəhlizinin açılışı istiqamətində Ermənistanda əməli fəaliyyətə başlanacağını deyə bilərik. Belə ki, Azərbaycan yeni dəmir və avtomobil yolu xəttini Ermənistan sərhəddinə çatdırıb və bu istiqamətdə inşaat işləri 2026-cı ilin ilk rübündə tam yekunlaşacaq. Ehtimal etmək olar ki, Ermənistanda da (43 km-lik ərazidə) işlər 2026-cı il ərzində tamamlanacaq. 2026-cı ilin iyulunda baş tutacaq seçkilərdə Paşinyanın qələbəsi ilə isə de-fakto vəziyət de-yure hal alacaq. Vaşinqtondakı sülh bəyanatında da vurğulandığı kimi Azərbaycan Naxçıvana maneəsiz hərəkət imkanı əldə edəcək. 2020-ci ilin üçtərəfli bəyanatının 9-cu maddəsində də “maneəsiz hərəkət” qeyd olunmuşdu. Bu, cənab Prezidentin haqlı tələbidir və Vaşinqtonda qəbul olunan sənəddə bir daha öz əksini tapdı.
Ermənistan qlobal nəqliyyat dəhlizlərinə qoşulmaqla keçmiş işğal səbəbilə məruz qaldığı blokadadan qurtulmuş olacaq. Azərbaycan və Ermənistan ərazi bütövlüyü, suverenlik kimi vacib dövlətçilik atributlarını qoruyaraq tarixi münaqişəyə son qoymaqla həm də bölgənin tarixi imperiya buxovundan xilasında birgə inisiativ sərgiləmiş olurlar. Sülh müqaviləsi ilə birgə Zəngəzur dəhlizinin açılışı gələcək qlobal layihələrə (Trans-Xəzər layihələrinə) yeni can vermiş olacaq. Bu, dünyanın ənənəvi enerji-nəqliyyat-logistika xətlərinə alternativ marşrutların daha da canlanması, Mərkəzi Asiyanın Qərblə, o cümlədən qlobal ticarətə tam inteqrasiyası demək olacaq. Bütün bunları dünyanın 100 il sonra yenidən bölüşdürülməsi çərçivəsində Azərbaycanın milli maraqlarını beynəlxalq gündəlikdə irəli çəkə bilməsi və reallaşdırması kimi dəyərləndirmək olar”-deyə politoloq qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.