AZ

Cənubi Qafqaz sülhündə bir imzanın gücü...


ABŞ-ın paytaxtında Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində əldə edilən razılaşmalar və tərəflərin sülh sazişinin mətnini paraflaması Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşdığını nümayiş etdirir. Bu reallığın əsas xüsusiyyətlərindən biri isə regionda sülh və əməkdaşlıq dövrünün başlamaısıdır. Buna nail olan əsas tərəf kimi Azərbaycan qəbul olunur.

Azərbaycanın yaratdığı sülh toqquşmalara son qoyulması, gənclərin həyatının xilas edilməsi, qurbanlara son qoyulması deməkdir. Azərbaycan sülh sazişinin imzalanması prosesinin tezləşməsini istəyir. Bu xüsusda prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində qeyd edib: “Bizim mövqeyimiz hər zaman ardıcıl, məntiqli, əsaslı idi və biz öz mövqeyimizdən geri addım atmamışıq. Çünki heç vaxt Ermənistan qarşısında qeyri-real və qəbul edilə bilməyəcək şərtlər də qoymamışdıq... Ona görə mən şübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”. Bir daha xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan sülh sazişini paraflayıb. Üçtərəfli bəyannamədə isə Naxçıvanla maneəsiz əlaqənin yaradılacağı, eyni zamanda, Ermənistanın suverenliyinin, ərazi bütövlüyünün qorunacağı təminatı verilib. Minsk qrupunun ləğvi üçün müvafiq razılqılar da əldə olunub. Nikol Paşinyan da Amerika Birləşmiş Ştatlarında əldə olunan son razılaşmaları tarixi hadisə adlandırıb: “"Bu gün deyə bilərik ki, sülh bərqərar olub və o, ölkələrimizin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına əsaslanır”. O, Ermənistanın blokadadan azad olma prosesinə qədəm qoyduğunu deyib: “Bu, taleyüklü hadisədir. Ermənistan yeni təhlükəsizlik səviyyəsi yaradacaq milyardlarla imtiyaz alacaq". O, Ermənistan xalqının sülh gündəmi ətrafında birləşəcəyinə əmin olduğnu bildirib: “Biz birlikdə cəhənnəmi keçmişik və mən əminəm ki, bütün Ermənistan vətəndaşlarının sülh gündəmi ətrafında birləşəcək. Bu, ölkəmizin gələcəyi üçün heç də az əhəmiyyətli inqilab olmayacaq”. Ümumiyyətlə, Ağ Evdə keçirilən görüşün ölkəmiz və regionumuz, eləcə də dünya üçün çox vacib və tarixi əhəmiyyət kəsb etdiyi elə indidən hiss olunur. Artıq dünya mətbu orqanlarında, analitiklərin açıqlamalarında bu görüşlə bağlı pozitiv fikirlər, rəylər yayılır, bu hadisənin regionda davamlı sülhə xidmət etdiyi bildirilir. Bu görüşü həm Azərbaycanın, həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqazın tarixi, gələcək taleyi baxımından mühüm dönüş nöqtəsi, regionda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisə kimi qiymətləndirmək olar. Qəbul edilmiş sənədlər tərəflər arasında diplomatik münasibətlərin bərpasını, ərazi bütövlüyünün qarşılıqlı tanınmasını və hörmət prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsini, həmçinin kommunikasiya xətlərinin açılmasını, iqtisadi əlaqələrin bərpasını ehtiva edir.

Proseslə bağlı Türkiyənin “Hürriyyet” qəzeti yazır ki, Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş Cənubi Qafqazda 35 il davam edən münaqişəyə son qoyulmasına dair Birgə Bəyannamənin imzalanması ilə nəticələnib və bu, regionda davamlı sülh və sabitliyin bərqərar olması yolunda böyük addımdır. Vaşinqtonda keçirilən görüş Azərbaycan liderinin döyüş meydanında qazandığı qələbədən sonra diplomatik qələbəsi olub. Materialda Azərbaycan Respublikası prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözləri sitat gətirilir: “Prezident İlham Əliyev təxminən beş il əvvəl Qarabağ müharibəsində qələbə qazanıb, bu gün isə Vaşinqtonda Azərbaycan lideri sülh yolunda qələbəyə nail olub”. Qeyd edilir ki, Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanmasına bir neçə addım qalıb: “Bu istiqamətdə Ermənistan konstitusiyasına yenidən baxılması və ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi vacibdir”. O da bildirlir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yeni nəqliyyat marşrutunun açılması istiqamətində işlərin bir il ərzində başa çatdırılması gözlənilir. Vaşinqtonda imzalanan bəyannamədə Azərbaycanın milli maraqları tam şəkildə nəzərə alındı, ərazi bütövlüyü və suveren hüquqları birmənalı şəkildə təsdiq olundu. Ekspertlər qeyd edir ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq naminə ortaya qoyulan iradə digər regionlara nümunə hesab oluna bilər. O da faktdır ki, Vaşinqton görüşünə aparan yol dövlətimizin və xalqımızın maraqlarını qətiyyətlə müdafiə edən prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsidir. İndi beynəlxalq hüquq normalarına əsaslanan siyasət məntiqi yekununa çatmaqdadır. Azərbaycan Ermənistan tərəfindən yürüdülən 30 illik işğal siyasətinə öz gücü ilə son qoydu, özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Müəyyən beynəlxalq güclər, Ermənistanın havadarları Cənubi Qafqaz üçün müəyyən təxribatçı planlar hazırlasalar da, həmin planların hamısı iflasa uğradı. Ermənistan hakimiyyəti də öz havadarlarına güvənməyinin fəsadlarını görmüş oldu. Bütün bunlardan sonra bölgəmizdə dayanıqlı sülh üçün yeni imkanlar açılır. Bu imkanlar həm də fürsətə çevrilir.

Ramil QULİYEV

Seçilən
52
50
baki-xeber.com

10Mənbələr