Rəqəmsal dövrün tələbləri təhsilin bütün sahələrinə öz təsirini göstərməkdədir. Bu təsirin ən önəmli istiqamətlərindən biri də məktəblərin internetlə təminatıdır. İnternet məktəblərdə tədris prosesinin rəqəmsallaşması, müəllim və şagirdlərin resurslara çıxışı, eləcə də idarəetmə işlərinin effektiv şəkildə aparılması baxımından həyati əhəmiyyət daşıyır. Buna görə də ölkəmizdə məktəblərin internet təminatı məsələsi təhsilin keyfiyyətinə birbaşa təsir edən əsas faktorlardan biridir.
Hazırda ölkə üzrə təhsil müəssisələrinin internet təminatı necədir?
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib ki, ölkə üzrə ümumilikdə 4190 təhsil müəssisəsi ATŞ (Azərbaycan Təhsil Şəbəkəsi)-a qoşulub.
Məlumatda qeyd edilib ki, onlardan 2427-si Fiber Optik, 265-i ADSL, 1498-i isə simsiz bağlantı ilə qoşulub.
Təhsil müəssisələrinin yüksək keyfiyyətli internetlə təmin edilməsi təhsilə nə qazandırır?
Mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov Trend-ə bildirib ki, təhlillərə görə təhsil müəssisələrinin yüksək keyfiyyətli internetlə təmin edilməsi artıq sadəcə texniki məsələ deyil, müasir təhsilin keyfiyyət göstəricilərindən biridir.
Onun sözlərinə görə, XXI əsrin təhsil modeli biliklərin yalnız dərs kitabı və müəllim vasitəsilə ötürülməsinə əsaslanmır; rəqəmsal resurslar, onlayn platformalar, distant dərslər, süni intellekt əsaslı tədris vasitələri və beynəlxalq təhsil resurslarına çıxış imkanları prosesin ayrılmaz hissəsidir:
"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 11-ci maddəsində göstərilir ki, təhsilalanların informasiya resurslarına sərbəst çıxışı təmin olunmalıdır. Bu müddəa bir daha göstərir ki, internet artıq təhsil hüququnun tərkib hissəsi hesab olunur.
Statistikaya baxsaq, Elm və Təhsil Nazirliyinin son açıqlamalarına görə, 2024-cü ildə Azərbaycanın ümumtəhsil məktəblərinin 70 faizindən çoxu genişzolaqlı internetə qoşulub. Amma hələ də kənd yerlərində məktəblərin bir qismi yalnız məhdud sürətli internetlə işləyir. Bu isə tədris prosesində bərabərsizlik yaradır. Şagirdlərdən bəziləri rəqəmsal resurslara, elektron jurnallara, virtual laboratoriyalara qoşula bilmir. Bu fərq gələcəkdə bilik bərabərsizliyinə səbəb olur".
Kamran Əsədovun fikrincə bunun müsbət tərəfi ondan ibarətdir ki, yüksək sürətli internet dərs prosesində rəqəmsal platformaların istifadəsini genişləndirir.