AZ

"Formula-1" pilotları və komandaları Bakıda - FOTO

Formula 1 pilotları və komandaları bu həftəsonu keçiriləcək Azərbaycan Qran-prisi üçün Bakı Şəhər Halqasında (BŞH) artıq hazırlıqlara başlayıblar.

İdman.biz xəbər verir ki, bu barədə BŞH Əməliyyat Şirkəti məlumat yayıb.

Dünyanın ən məşhur pilotları mövsümün 17-ci mərhələsi kimi təqvimdə yer alan Azərbaycan Qran-prisi üçün artıq Bakının paddok ərazisindədirlər.

Sabah start götürəcək Qran-pridən öncə yarış həvəskarları pilotların hazırlıq prosesini yaxından izləmək imkanı qazanırlar.

"Formula-1"də paddok – komandaların qarajlarının, texniki avadanlıqların, mühəndislərin və pilotların toplandığı əsas mərkəzdir. Burada komandalar bolidlərini yarışa hazırlayır, pilotlar media ilə görüşür, strategiyalar müzakirə olunur və ən vacib qərarlar qəbul edilir. Sadəcə yarışın ürəyi deyil, həm də onun kulisidir.

Bu gün paddokda Maks Ferstappen, Karlos Sainz, Fernando Alonso və s. kimi dünya şöhrətli pilotlar ilk rəsmi görünüşlərini təqdim ediblər. Onlar bolidlərini yoxlayıb, mühəndisləri ilə son dəqiqləşdirmələri edərək sabahkı starta hazırlaşıblar. Media nümayəndələri üçün isə bu, eksklüziv görüntülər əldə etmək üçün nadir fürsət olub.

Pilotların paddoka gəlişi artıq Bakı küçələrində "Formula-1" atmosferini hiss etdirir. Tribunalar və Fan Zonalar üçün hazırlıqlar sürətlə yekunlaşır, komandalar isə hər bir detalı dəqiqliklə nəzərdən keçirərək böyük yarışa hazırlaşır.

"Formula-1" həvəskarları üçün paddok – dünyanın ən sürətli pilotlarını və onların komandalarını yaxından izləmək, yarışın arxa səhnəsində baş verənləri canlı görmək fürsətidir.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisində ilk dəfə satışa çıxarılan "Champions Club" biletlərinə paddok turları da daxildir. Yarışla birlikdə bu zona sürət, taktika və adrenalinlə dolacaq və tamaşaçılar unudulmaz anların şahidi olacaqlar.

İdman.biz

Seçilən
13
19
idman.biz

10Mənbələr