AZ

Həyat yoldaşına vəzifə verilən Kərəm Mustafayev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, sabiq Müdafiə nazirinin müavini və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verilib.

Məşhur generalın həyat yoldaşı İlhamə Mustafayeva bir müddət əvvəl Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin müvafiq əmri ilə Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Milli.Az Kərəm Mustafayevin dosyesini təqdim edir:

Kərəm Nəriman oğlu Mustafayev 1 iyul 1962-ci ildə hazırkı Şərur rayonunda anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. Evlidir. 3 övladı var.

1983-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında taqım, bölük və tabor komandiri kimi xidmət edib.

1991-1998-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələri sıralarında tabor komandiri, əlahiddə gücləndirilmiş motoatıcı briqada komandirinin müavini - briqadanın qərargah rəisi, əlahiddə gücləndirilmiş motoatıcı briqada Komandiri və 705-ci əlahiddə gücləndirilmiş motoatıcı diviziyanın komandiri vəzifələrində xidmət edib. 1992-1994-cü illərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

8 dekabr 1998-ci ildə Beşinci Ordu Korpusunun komandiri vəzifəsinə təyin olunub. 14 may 2014-cü ildə isə Beşinci Ordu Korpusunun əsasında yaradılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Komandanı təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Kərəm Mustafayevə 25 may 1998-ci ildə general-mayor, 19 yanvar 2002-ci ildə general-leytenant, 25 iyun 2020-ci ildə isə general-polkovnik ali hərbi rütbələri verilib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin:

24 iyun 2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni,
22 iyun 2006-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı,
25 iyun 2009-cu il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı,
25 iyun 2011-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,
24 iyun 2014-cü il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni,
25 iyun 2018-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

Milli.Az

Seçilən
4
2
milli.az

3Mənbələr