AZ

Çin alimləri Yer səthindəkindən 700 min dəfə güclü maqnit sahəsi yaradıblar

Rekord göstərici termonüvə sintezi və kosmik texnologiyalar üçün yeni imkanlar açır...

Poliqon xəbər verir ki, Çin Elmlər Akademiyasının Plazma Fizikası İnstitutunun alimləri tamamilə fövqəlkeçirici maqnit quraraq rekord güclü maqnit sahəsi əldə ediblər. Yeni qurğu 35,1 Tesla gücündə sabit maqnit sahəsi yaradıb ki, bu da Yer kürəsinin təbii maqnit sahəsindən təxminən 700 min dəfə güclüdür. Sözügedən göstərici yarım saat ərzində sabit vəziyyətdə saxlanılıb və əvvəlki 32,35 Tesla-lıq rekordu geridə qoyub.

Mütəxəssislərin sözlərinə görə, belə bir fövqəlkeçirici maqnit aerokosmik elektromaqnit mühərriklərindən tutmuş enerji ötürülməsi, maqnit-rezonans tomoqrafiyası (MRT) və termonüvə sintezinə qədər müxtəlif sahələrdə tətbiq edilə bilər. Yüksək nəticə əldə etmək üçün alimlər aşağı temperaturda işləyən maqnitləri yüksək temperaturda işləyənlərlə birləşdiriblər. Qeyd edək ki, fövqəlkeçirici maqnitlərin işləməsi adətən çox aşağı temperatur tələb edir və onlar artıq MRT cihazlarında, hissəcik sürətləndiricilərində və təcrübi termonüvə reaktorlarında istifadə olunur.

Termonüvə reaktorlarında hidrogen izotoplarının birləşməsi nəticəsində nəhəng enerji və istilik ayrılır. Bu istiliyi idarə etmək üçün fövqəlkeçirici maqnitlər reaksiyanın təhlükəsiz çərçivədə saxlanılmasında mühüm rol oynayır. Çin alimlərinin yeni texnologiyası sabit və idarəolunan termonüvə sintezinin sınaqlarında ciddi irəliləyiş təmin edə bilər.

Ekspertlər hesab edirlər ki, bu texnologiya gələcəkdə Yer üzərində günəşdə baş verən proseslərin oxşarını həyata keçirməyə, nəticədə isə demək olar ki, tükənməz və ekoloji cəhətdən təmiz enerji əldə etməyə imkan verəcək. Termonüvə elektrik stansiyaları atom elektrik stansiyalarına bənzər şəkildə işləyəcək, lakin zərərli radioaktiv tullantılar yaratmayacaq.

Poliqon.info

Seçilən
104
25
poliqon.info

10Mənbələr