Yeni investisiya layihəsi iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirəcək...
Poliqon xəbər verir ki, Hindistanın Hindustan Silicon Private Limited şirkəti yaxın dörd il ərzində Qərbi Gürcüstanda neft hasilatına təxminən 50 milyon ABŞ dolları həcmində sərmayə yatıracaq.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, layihə ilə bağlı Məhsulun bölüşdürülməsi sazişi (PSA) imzalanıb. Sənədi Gürcüstan Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Georgi Tatişvili, Gürcüstan Neft və Qaz Korporasiyasının baş direktoru Yekaterina Sisauri və Hindustan Silicon Private Limited şirkətinin direktoru Hitix Kumar Nayak imzalayıblar.
Sazişin imzalanmasından sonra şirkət dövlət büdcəsinə 4,15 milyon dollar ödəyəcək. Layihə çərçivəsində müasir texnologiyalardan istifadə olunmaqla yeddi istismar quyusunun dərinləşdirilməsi və qazılması, həmçinin iki yeni kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.
İmzalanma mərasimində çıxış edən Gürcüstanın iqtisadiyyat nazirinin müavini İnqa Pxaladze bu sazişi Hindistan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsi istiqamətində “vacib addım” adlandırıb:
“Bu razılaşma Gürcüstanın enerji resurslarının inkişafına, yeni investisiyaların cəlb edilməsinə və neft hasilatı sektorunda müasir texnologiyaların tətbiqinə töhfə verəcək.”
Pxaladzenin sözlərinə görə, təşəbbüs Gürcüstanın enerji təhlükəsizliyini artıracaq, iqtisadi artım və regional inkişaf üçün yeni imkanlar yaradacaq.
Poliqon.info