“Vərəmın müalicəsi ilə bağlı müxtəlif miflər var. İnsanlar düşünürlər ki, ayı piyi, bitki dəmləmələri, vitaminlər və ya digər xalq üsulları ilə vərəmi sağaltmaq mümkündür. Amma bu, yanlış fikirdir”.
“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.
Həkim əlavə edib ki, vərəmin müalicəsi düzgün yazılan antibakterial vərəm əleyhinə dərmanlardadır:
“Vərəm mikobakteriyasının növünə əsasən düzgün sxem, dərman toplusu və düzgün müalicə müddəti yalnız o halda vərəm tam sağala bilir. Yəni nə ayı piyi, nə də hansısa xalq təbabəti üsulu vərəmi müalicə edir. Mən bütün insanlara çağırış edirəm ki, bu miflərə inanmasınlar və vaxtında mütəxəssis həkimə müraciət etməlidirlər”.