AZ

"Sülh yalnız sənədlə deyil, cəmiyyətin şüurunda formalaşmalıdır"

"Son aylar Azərbaycan və Ermənistan arasında etimad quruculuğu istiqamətində müşahidə olunan dinamika, xüsusilə tranzit məhdudiyyətinin aradan qaldırılması, ekspert və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri, birbaşa təmasların artması sülh istiqamətində pozitiv addımlardır. Lakin bu prosesləri sülhün yaxınlaşması ilə eyniləşdirmək hələ ki tezdir".

Bu fikirləri " Azərbaycan" qəzetinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev deyib. Bildirib ki, etimad quruculuğu tədbirləri sülh üçün zəruri olsa da, sülh müqaviləsinin bağlanması üçün kifayət etmir. "İki xalqın onilliklər boyu münaqişə şəraitində yaşadığını unutmamalıyıq. İnsanlar yaxınlarını itirib, şəhər və kəndlərimiz dağıdılıb, dərin psixoloji və emosional travmalar formalaşıb. Belə bir reallıqda tam etimadın və sosial harmoniyanın bərpası uzunmüddətli proses tələb edir. Sülh yalnız sənədlə deyil, cəmiyyətin şüurunda formalaşmalıdır və bu, vaxt, dialoq, qarşılıqlı empatiya tələb edən mərhələdir. Digər tərəfdən sosial etimadın bərpası vətəndaş cəmiyyəti,  media və ekspertlər səviyyəsində regionda uzunmüddətli sabitlik üçün mühüm amildir. Bu baxımdan qarşılıqlı səfərlər, birgə tədbirlər, informasiya mübadiləsi mühüm sosial əsas yaradır. Bütün bunlar sülh razılaşmasının yerinə keçə bilməz, amma onları dəstəkləyən mühit formalaşdıra bilər", - deyə ekspert əlavə edib. 

F.Abdullayev sülhün yaxınlaşdığını göstərən ən vacib məsələlərdən birinin Ermənistan konstitusiyasında mövcud olan müstəqillik aktına istinadın aradan qaldırılması və ya dəyişdirilməsi olduğunu xatırladıb və qeyd edib ki, bu iddialar hələ də qalmaqdadır: "Təəssüflər olsun ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan son müsahibəsində bu barədə dekonsruktiv açıqlama verib. O, Azərbaycanın sülh sazişi üçün əsas şərt kimi irəli sürdüyü konstitusiyaya dəyişikliyi ilkin şərt kimi qəbul etmədiyini bildirib". 

Ekspertin fikrincə, konstitusiyaya dəyişiklik sülh prosesinin real hüquqi vəziyyətdə davam etdirilməsi və yaxınlaşması üçün mühüm addım hesab olunmalıdır: "Əgər bu dəyişiklik həyata keçirilməsə, Ermənistanın verdiyi bəyanatların ümumiyyətlə keçirilən vətəndaş cəmiyyətləri görüşlərinin və digər proseslərin praktiki dəyəri sual altında qalacaq. Ermənistan konstitusiyasında Azərbaycanın suveren ərazilərinə iddialar qalmaqdadır. Bu, sülh müqaviləsinin ruhu ilə ziddiyyət təşkil edir". 

F.Abdullayev vurğulayıb ki, ümumilikdə son prosesləri sülhə doğru optimizm kimi qiymətləndirmək olar: "Əgər tərəflər bu dialoqu davamlı və institusional çərçivəyə salmağı bacarsalar, məsələn, daimi əlaqə mexanizmləri, birgə humanitar platformalar yarada bilərlərsə, o zaman real sülhün gündəliyi daha dəqiq məzmun qazanacaq".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr