Bəhruz Quliyev: "Bu tip radikal və dağıdıcı qrupların fəaliyyətinə xitam verilməsi tamamilə məntiqlidir"
Azər Həsrət: "İstənilən halda bu qüvvələrə cəmiyyət sahib çıxmayacaq"
Məlum olduğu kimi, Azərbaycanda başqa siyasi mühit var. Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsindən sonra demək olar bütün siyasi partiyalar kursu dəyişiblər. Faktiki olaraq hakimiyyəti dəstəkləyən siyasi partiyaların sayı maksimum artıb. Uzun illər radikal düşərgənin ərazilərimizin 20 faizinin işğal altında qalması amilindən bir alət kimi istifadə etmək rıçaqı 5 ildir ortadan qalxıb. Hansı ki, bununla cəmiyyəti manipulyasiya etmək istəyirdilər. Artıq cəmiyyət və sadə insanlar da siyasətdə inkarşı, radikal qüvvələrə heç bir dəstək vermir. Hətta cəmiyyət Müsavat və AXCP kimi radikal qüvvələrin davranışlarından qorxur. Onların keçmiş yarıtmaz iqtidar fəaliyyətləri də unudulmayıb. Bundam başqa, bəzi qonşu ölkələrdə də radikal partiyaların fəaliyyətinin dayandırılması üçün hüquq müstəvidə addımlar atılmağa başlanılıb Məsələn, Gürcüstan artıq Saakavilinin partiyası ilə bağlı bu siyasətə başlayıb. AXCP və Müsavat on illərdir ki, ölkədə bələdiyyə, parlament, prezident seçkilərinə qatılmır, ölkənin seçki sistemində heç bir formada iştirak etmirlər. Hər vasitə ilə bunu gözdən salmağa çalışırlar. Üstəlik, bu radikallar ölkənin konstruktiv və dinc demokratik siyasət aparan partiyalarını daim şantaj edir. Özlərinin trol qruplarının əli ilə sosial platformalarda onları linc efir, təhqir edir və s. Maraqlıdır, bu iki radikal partiyanın fəaliyyətinin hüquqi olaraq dayandırılması yönümündə addımlar atıla bilərmi və atılsa cəmiyyət buna necə reaksiya verəcək?
Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən "SƏS" Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev prinsipcə bunu istisna etmədi: "Azərbaycanda siyasi mühit 44 günlük Vətən müharibəsindən sonra köklü şəkildə dəyişib. Qələbə ilə nəticələnən bu müharibə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli ideoloji birliyin formalaşması baxımından dönüş nöqtəsi oldu. Artıq ölkədə "hakimiyyətə qarşı olmaq üçün müxalifətdə olmaq" dövrü başa çatıb. Cəmiyyət bu gün milli maraqları, dövlətçiliyi və sabitliyi ön planda tutan, konstruktiv fəaliyyət göstərən siyasi qüvvələri dəstəkləyir. Uzun illər radikal düşərgə, xüsusilə, AXCP və Müsavat kimi qruplar, torpaqlarımızın 20 faizinin işğal altında qalması faktından siyasi alət kimi istifadə edir, bu ağrılı məsələdən manipulyativ şəkildə yararlanırdılar. Onlar cəmiyyətin ağrılarını istismar edir, bu yolla siyasi təsir imkanlarını qorumağa çalışırdılar. Amma Vətən müharibəsindən sonra bu rıçaq tamamilə sıradan çıxıb. Bu gün xalq yaxşı bilir ki, radikal ünsürlər nəinki dövlətə, heç xalqa da fayda gətirmir. Əksinə, belə destruktiv yanaşmalar ölkənin inkişafına, ictimai sabitliyə və milli həmrəyliyə zərbə vurur. Bir faktı da xatırladım ki, AXCP və Müsavat artıq uzun illərdir ki, ölkədə keçirilən seçkilərdə istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində iştirakdan imtina edirlər. Onlar seçki prosesini gözdən salmaq, ölkənin siyasi sisteminə qarşı inamsızlıq yaratmaqla məşğuldurlar. Əslində, bu partiyalar müxalifət yox, destruktiv narazılıq mərkəzinə çevrilib, anti-Azərbaycan fəaliyyət göstərirlər. Sosial şəbəkələrdə yaratdıqları "trol qrupları" vasitəsilə cəmiyyətə nifrət, təhqir və qarşıdurma püskürdür, konstruktiv düşüncəli siyasi qüvvələri ləkələməyə çalışırlar. Bu, artıq siyasi fəaliyyət deyil, sosial xaosun təbliğatıdır. Belə bir şəraitdə, bu tip radikal və dağıdıcı qrupların hüquqi müstəvidə fəaliyyətinə yenidən baxılması və fəaliyyətinə xitam verilməsi tamamilə məntiqlidir. Necə ki, bu gün bir çox demokratik ölkələr, o cümlədən Gürcüstan, cəmiyyət üçün təhdidə çevrilən destruktiv partiyalara qarşı hüquqi addımlar atır. Dövlətin və xalqın təhlükəsizliyini, sabitliyini qorumaq hər bir demokratik dövlətin borcudur. Əgər bu cür radikal partiyaların fəaliyyətinin dayandırılması məsələsi gündəmə gətirilsə, cəmiyyətin əksəriyyəti bunu anlayışla qarşılayacaq. Çünki Azərbaycan vətəndaşı bu gün sabitlik, inkişaf və dövlətçiliyin qorunmasını hər şeydən üstün tutur. Xalq artıq çoxdan fərqləndirir ki, kim dövlətin yanındadır, kim isə ölkənin gələcəyinə mane olur. Bu mənada, siyasi sistemdə real təsir gücü olmayan, ancaq cəmiyyəti çaşdırmağa və qarşıdurma yaratmağa çalışan qrupların fəaliyyəti sadəcə mənasız deyil, eyni zamanda təhlükəlidir. Onların hüquqi yolla ləğvi təkcə siyasi sabitliyin qorunması deyil, həm də milli birliyin möhkəmləndirilməsi baxımından vacib addım olardı".
Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrətin fikrincə, siyasi mövqeyindən asılı olmayaraq hər kəs Azərbaycanın bu möhtəşəm qələbəsini öz qələbəsi kimi qəbul etməli və ona uyğun da davranmalıdır: "Təəssüflər olsun ki, bir kəsim var və oradan olan insanlar illərdir həsrətində olduğumuz o torpaqlara səfər belə etmək istəmirlər. Yəni bunlar Azərbaycanın öz canı, qanı bahasına azad etdiyi torpaqlara səfər belə etmək istəmirlər. Doğurdanmı bunlar onlar o ərazilərin həsrətini çəkməyiblər, doğurdanmı onlar üçün həmin ərazilər əziz deyil? Əli Kərimli olsun, İsa Qəmbər, Arif Hacılı olsun. Bunlar belədir. Üstə gəl Ramiz Mehdiyev olsun. Bunlar qələbəmizi həzm edə bilmirlər. Hesab edirəm ki, bunlara qarşı ümumi ictimai qınaq olmalıdır. Onların oraya getmək istəməməsinin hər hansı izahı yoxdur. Olada bilməz. Bundan başqa, Azərbaycanın bu cür möhtəşəm qələbəsini o adamlar əslində bütün dünyada təbliğ etməlidilər. Əfsuslar olsun ki, biz bunu görmürük. Ancaq Azərbaycana qara yaxmaqla məşğuldular. Ona görə də siyasi kəsim bunlara öz reaksiyasını verməlidir. İstənilən halda bu qüvvələrə cəmiyyət sahib çıxmayacaq". Vidadi ORDAHALLI