AZ

“Çelsi” ilə oyunda “Qarabağ”a azarkeşlik edəcəyəm – Azər Salahlı

BAKI, 1 noyabr. TELEQRAF

“Qarabağ” kimi UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində çıxış edən komandaya qarşı bir çox epizodlar yarada bildik. Əgər epizodlar yaradırsansa, onlardan yüz faiz yararlanmalısan. Uğurlu nəticə qazanmaq istəyirsənsə, imkanlardan maksimum istifadə etməlisən. Rəqibin ustalığı hamıya bəllidir. Belə komandaya qarşı bir qol buraxırsansa, çox vaxt qısa müddət ərzində ikinci topu da qəbul edirsən”.

Bu sözləri Teleqraf-a açıqlamasında “İmişli”nin futbolçusu Azər Salahlı deyib.

31 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının X turunda səfərdə “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları oyun barədə danışıb: “Qarabağ”ın gücü hamıya bəllidir. Amma biz də onlara oyun göstərdik. İlk hissədə yaxşı epizodlarımız oldu. Dəyərləndirə bilsəydik, indi fərqli nəticənin şahidi olardıq. Amma ümumilikdə yaxşı təsir bağışladıq”.

Salahlı həmçinin ÇL-in əsas mərhələsinin IV turunda “Çelsi” (İngiltərə) ilə qarşılaşacaq Ağdam təmsilçisini dəstəkləyəcəyini bildirib: “Qarabağ”a uğurlar arzu edirəm. Ölkəmizi layiqincə təmsil edirlər. Göstərdikləri nəticələr həqiqətən inanılmazdır. Azərbaycan futbolu üçün bu, tarixi anlardır. Yalnız uğurlu nəticə gözləyirik. Çempionlar Liqasında ölkəmizi təmsil edən yeganə komandadır və hər birimiz onları dəstəkləyirik. Mən də daxil olmaqla, hamımız “Qarabağ”a azarkeşlik edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Seçilən
44
teleqraf.com

1Mənbələr