Məşhur türkiyəli aktyor Engin Çağlar 85 yaşında dünyasını dəyişib.
NOCOMMENT.az xəbər verir ki, aktyor İstanbulda yol qəzasında həlak olub. Dünən Şişlidə yolu keçərkən 85 yaşlı aktyoru motosiklet vurub.
Engin Çağlar xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Çağlar türk kinosunun qızıl dövrü sayılan “Yeşilçam”ın unudulmaz aktyorlarından olub. O, “Kadın Değil Baş Belası”, “Kınalı Yapıncak”, “Feride”, “Makber” kimi bir çox məşhur filmdə rol alıb.
Aktyor Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik kimi əfsanəvi “Yeşilçam” ulduzları ilə bir çox filmdə tərəf müqabili olub. O, 1960-1970-ci illərdə türk kinosunun ən populyar kişi aktyorlarından biri kimi şöhrət qazanıb.
