Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Cenoa” klubu fransalı baş məşqçisi Patrik Vieyra ilə müqaviləyə xitam verib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya klubu baş məşqçisi ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş müqavilənin qarşılıqlı razılıq əsasında ləğv olunduğunu diqqətə çatdırıb. Klub Vieyraya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Patrik Vieyra “Cenoa”ya 2024-cü ilin noyabr ayında baş məşqçi təyin olunmuşdu. O, Genuya komandasını bütövlükdə 37 oyuna çıxarıb. Komanda bu oyunlarda 10 qələbə, 12 heç-heçə və 15 məğlubiyyət görüb.
“Cenoa” A Seriyasının cari mövsümündə keçirdiyi 9 oyunda qələbə qazana bilməyib. Cəmi 3 heç-heçəsi olan genuyalılar 6 görüşdə də məğlub olublar. Komanda 20 iştirakçı arasında 3 xalla sonuncu pillədə qərarlaşıb.
Patrik Vieyra futbolçu ikən “Kann”, “Milan”, “Arsenal”, “Yuventus”, “İnter” və “Mançester Siti”də çıxış edib. Vieyra Fransa yığması ilə DÇ-98-in, AÇ-2000-nin və həmçinin 2001-ci il FIFA Konfederasiyalar Kubokunun qalibi olub.
2011-ci ildə futbolçu karyerasına xitam vermiş Vieyra məşqçilik fəaliyyətinə baş vurub. Vieyra 2013-2015-ci illərdə “Mançester Siti”nin ehtiyat və akademiyaçılarından ibarət komandanı çalışdırıb. Daha sonra fransalı mütəxəssis “Nyu-York Siti”, “Nitsa”, “Kristal Pelas” və “Strasburq”la işləyib.

