Hələ 2023-cü ildə Ermənistanın Sünik (Zəngəzur) regionunda yerləşən Qafan şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) gənclər paytaxtı olacağı ilə bağlı məlumatlar yayılmışdı . Həmin vaxt məlumatı təşkilatın baş katibi Sergey Lebedev təsdiqləmişdi.
NOCOMMENT.az xəbər verir ki, artıq bir aydır MDB Dövlət Başçıları Şurasının qərarı ilə Qafan 2026-cı ilin Gənclər Paytaxtı elan edilib. Erməni mediası yazır ki, nazirlik “MDB Gənclər Paytaxtı 2026” proqramı və 2026-cı il Ermənistanın Gənclər Paytaxtı proqramı üçün nəzərdə tutulmuş maliyyə və insan resurslarını birləşdirmək, yerli, respublika və regional səviyyədə Qafanın MDB Gənclər Paytaxtı kimi tanınmasına yönəlmiş səyləri əhəmiyyətli dərəcədə artırmaq qərarına gəlib.

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru Ermənişünas alim İsmayıl Tanrıverdi NOCOMMET.az-a bununla bağlı fikir bildirib. O deyib ki, Zəngəzur dəhlizi gündəmə gəldiyi gündən bir çox ölkələr bu böyük layihəyə mane olmaq üçün enerji və vaxt sərf edirlər:
“Xatırlayırsınızsa, rəsmi Tehran “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” olduğunu deyirdi. Və bütün qüvvəsi ilə Ermənistan – Azərbaycan arasındakı bütün anlaşmalara kəskin reaksiyalar verirdi. Eləcə də, Rusiya bu dəhlizi istəməyən ikinci bir ölkədir. İran qədər açıq olmasa da, o da bəzi hallarda layihənin əleyhinə olduğunu büruzə verirdi. Təsəvvür edin, İran bir farsın belə yaşamadığı Qafanda 2022-ci ildə konsulluq açandan sonra Rusiya da bu fikrə düşdü. Məsələ qaldırdı. Amma bu 3 ildə Ermənistan hakimiyyətindən müsbət bir cavab ala bilməyib. Hətta ötən il dövlət katibi – Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirdi ki, Moskva yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində Rusiyanın baş konsulluğunun açılmasını gözləyir.
Bəs İrəvanda səfirlikləri ola-ola Qafanda konsulluq açmaq İran və Rusiyaya niyə lazım idi?
Çünki hələ 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev verdiyi müsahibədə “Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir” deməsi hər iki ölkənin boğazından keçməyib.
Ermənistanın hazırda 10 inzibati rayonu, hər inzibati rayonun da mərkəzi olan şəhər var. Məsələn: Aştarak, Armavir, Kotayk, Lori, Vanadzor, Şirak, İcevan Gümrü və sair. Niyə bunlar yox, məhz Qafan?
Bəli, Rusiya lideri Putin konsulluqla bağlı Ermənistan hökümətindən razılıq almadıqca, Zəngəzura yerləşmədikcə, “MDB Dövlət Başçıları Şurasının qərarı ilə Qafan 2026-cı ilin Gənclər Paytaxtı” kimi müxtəlif layihələr ortaya qoyacaq. Hamıya aydındır ki, MDB ölkələrinin heç biri, tutaq ki, bu Moldova olsun, yaxud da, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və sair, ölkələr olsun, onların heç birinin Qafanın gənclər şəhərciyi olması ilə bağlı məqsədləri, hədəfləri yoxdur. Bu ancaq Rusiyanın Zəngəzura yerləşmək planın “tutar qatıq, tutmaz ayran” bölməsinə aid bir layihədir. Eyni zamanda müttəfiqi Azərbaycana qarşı dürüst olmamağın sətiraltı mənasıdır”.
Qeyd edək ki, Zəngəzurda azərbaycanlıların tarixən ən geniş məskunlaşdığı rayon Qafan (hazırda Kapan) rayonu sayılır. Zəngəzur Ermənistana verildikdən sonra Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunub. Qafan rayonu Qubadlı, Qarakilsə, Gorus, Meğri, Ordubad və Zəngilan rayonları ilə həmsərhəddir. Ərazisi isə 1.345 km² təşkil edir.
Əntiqə Rəşid