“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Şamaxıda baş tutmuş oyun “Zirə”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bizim çempionat elədir ki, heç bir oyuna rahat yanaşa bilmirsən. Bilirdik ki, bizi burada nə gözləyir. “Karvan” ötən tur “Turan Tovuz”a qarşı əzmkar oyun nümayiş etdirmişdi. Bilirdik ki, o əzmkarlıq bu gün də özünü göstərəcək. İlk hissəni çox yaxşı səviyyədə keçirdik, çoxsaylı qol epizodlarımız oldu. Rəqibin qapıçısı inanılmaz qurtarışlar etdi. Bizim qapımıza gələn bir zərbə qolla nəticələndi. Fasilədə futbolçularıma bildirdim ki, hər şeyi düz edirsiniz, bu şəkildə davam etmək lazımdır. Hesabı bərabərləşdirdik. Dərhal yenə ağır zərbə aldıq. Rəqib bizi əks-hücumda yaxalayıb qol vurdu. Buna baxmayaraq, futbolçularımız özlərində güc və inam tapıb sona qədər mübarizə apardılar və vacib 3 xal qazandıq. Belə davam etməliyik. Növbəti turda bizi “Turan Tovuz”la gərgin və maraqlı oyun gözləyir”.
Rəşad Sadıqov kapitan Qismət Alıyevin bu dəfə ehtiyatda qalmasına da aydınlıq gətirib:
“Millinin üzvləri hər zaman əlavə yüklənirlər. Millidən qayıdandan sonra Qismət Alıyevdə yorğunluq hiss olunurdu. Ötən tur da onu əsas heyətdə oynatmamağı düşünürdüm. Amma son anda fikrimdən daşındım. Həmin oyun göstərdi ki, fasiləyə ehtiyac var. Elçin Əlicanov da oyunlara yaxşı qoşulmuşdu. Ona şans verdik. Elə oldu ki, effekt verdi. Həm Elçin, həm Qismət qol ötürməsi etdi.
Zədəli futbolçularımız var. İssa Cibrilla bu həftə komanda ilə məşq etməlidir. Amma “Turan Tovuz”la matçda iştirak etməyi sual altındadır. Davit Volkov isə milli fasilədən sonra qayıdacaq”.
“Onun milliyə getməsi mənə sərf etmir”
Rəşad Sadıqov “Zirə”nin müdafiəçisi Ruan Renatonun Azərbaycan millisində mümkün çıxışına da münasibət bildirib:
“Onunla bu barədə söhbətim olmayıb. Son illərdə milliləşmə ilə bağlı proseslərdə durğunluq var. Fikrimcə, Ruan Renato elə futbolçudur ki, özü ilə razılaşdırılsa, millimizə xeyir verə bilər. Legionerdən legionerə fərq var. Ruanda azərbaycanlı xüsusiyyətləri, xarakteri, vətənpərvərlik görürsən. Hansısa mövqeyə ehtiyac varsa, bu tip futbolçuları milliləşdirməyə ehtiyac var. Amma məndən asılı qərar deyil. Mən “Zirə”nin baş məşqçisi kimi sevinmirəm. Milliyə getməsi mənə sərf etmir. Əvvəl legionerlər milliləşdiriləndə hamı deyirdi ki, yerli pasportla çempionatda oynayacaq. Amma artıq elə söhbət yoxdur. Milli üçün faydalı ola bilər”.

