AZ

Məhəmməd Salah Ueyn Runinin rekordunu təkrarladı

“Liverpul”un misirli futbolçusu Məhəmməd Salah “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runinin rekordunu təkrarlayıb.

Arena.az bu barədə “Squawka”ya istinadən xəbər verir.

Təcrübəli hücumçu buna İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 10-cu turunda “Aston Villa”nı məğlub etdikləri (2:0) matçda fərqlənməklə nail olub. O, bir komandada qol və məhsuldar ötürmə sayında Premyer Liqa rekorduna çatıb.

Misirli forvard Mersisayd təmsilçisinin heyətində yerli çempionatda 276 qolun vurulmasında yaxından iştirak edib. Salah indiyədək 188 qol və 88 assistin müəllifidir.

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi də “Mançester Yunayted” forması ilə bunu bacarıb. O, Premyer Liqada “qırmızı şeytanlar”ın heyətində 183 dəfə rəqiblərini məyus edib və 93 məhsuldar ötürmə ilə yadda qalıb.

Salahın tezliklə mütləq rekordçuya da çevrilə bilər. Bunun üçün ona cəmi 1 qol və ya məhsuldar ötürmə bəs edəcək.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə futbolçunun “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Hücumçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində 14 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 415 oyun, 250 qol, 116 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 106 oyun keçirib, 61 qol vurub və 34 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı misirli hücumçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
19
1
arena.az

10Mənbələr