Madrid “Real”ının futbolçusu Kilian Mbappe Avropanın top-5 liqalarında vurduğu qolların sayına görə həmyerlisi Tyerri Anrini geridə qoyub.
Arena.az xəbər verir ki, fransalı hücumçu buna İspaniya La Liqasının 2025/2026-cı illər mövsümünün 11-ci turunda “Valensiya”ya qalib gəldikləri (4:0) matçda dubl etməklə nail olub.
O, Avropanın ən yaxşı beş çempionatında 291-ci qarşılaşmada 235-ci qoluna imza atıb. Mbappe “Monako”da 16, PSJ-də 162, “Real”da 44 dəfə rəqib qapılarına yol tapıb.
Tyerri Anri isə vaxtilə 459 görüşdə 233 dəfə fərqlənmişdi.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Mbappe cari mövsümdə “Real”ın heyətində 14 oyuna çıxıb, 18 qol vurub, 2 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 73 oyun, 62 qol, 7 məhsuldar ötürmə.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 93 oyun keçirib, 53 qol vurub və 39 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

