AZ

Nura Suridən ağır ittihamlar: “Dövlətin bizə ayırdığı pulları Nazirlik mənimsəyir”

ain.az, Bakupost saytına istinadən bildirir.

Müğənni Nura Suri Mədəniyyət Nazirliyi ilə bağlı diqqətçəkən ittihamlar səsləndirib. Bakupost.az xəbər verir ki, sənətçi illərlə dövlət tədbirlərində ifa etdikləri üçün ödəniş almadıqlarını, həmin vəsaitlərin isə Nazirlikdə mənimsənildiyini iddia edib.

“Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə biz, müğənnilər, dövlət tədbiridir deyə pulsuz oxumuşuq. Əvəzində isə heç kəsə lazım olmayan diplomlar veriblər – 2004–2022-ci illər ərzində. Sonradan xəbər tutduq ki, dövlət bu tədbirlər üçün vəsait ayırırmış, lakin həmin pulları Nazirlikdə çalışanlar mənimsəyirmiş”, – deyə Nura Suri bildirib.

Müğənni əlavə edib ki, bir dəfə klip çəkilişi üçün icazə almaq istəyib, lakin bu prosesdə də ədalətsizliklə qarşılaşıb:

“Akademik Musiqili Teatrda çəkiliş etmək üçün ərizə yazmışdım. Əliqismət bəylə (Akademik Musiqili Teatrın keçmiş direktoru Əliqismət Lalayev - red.) də bu barədə danışılmışdı, sübutlarım da var. Çəkiliş qrupu hər şeyə hazır idi, amma nazirlikdən icazə ala bilmədik. Mənzərin məndən xoşu gəlmir deyə, imtina etdilər”.

Nura Surinin sözlərinə görə, hazırda Mədəniyyət Nazirliyinin tabeliyində olan teatr, muzey və digər qurumlarda yalnız ödəniş etməklə çəkiliş aparmaq mümkündür:

“Rəsmi məktub göndəririk, aylarla cavab gözləyirik. Amma “bəy-gəlin” çəkilişləri üçün heç bir problem yoxdur – pulunu ödə, çəkilişini et”.

Sənətçi, həmçinin, Nazirlikdə uzun illərdir işləyən bəzi şəxslərin səlahiyyətlərindən sui-istifadə etdiyini də iddia edib:

“Sonradan öyrəndik ki, bir çox tədbirlərə düşmək üçün, hətta xalq artistləri belə, Mənzər xanıma bahalı hədiyyələr və pul verirlər. Nazirlər dəyişir, amma Mənzər xanım hələ də yerindədir”.

Müğənni sonda qeyd edib ki, bir neçə tanınmış sənətkarla birlikdə bu məsələlər barədə Mədəniyyət Nazirliyinə rəsmi məktub ünvanlasalar da, nəticə olmayıb:

“Nazirliyə bir neçə yaltaq olmayan, doğrunu deməyə cəsarəti çatan məşhurlar birlikdə rəsmi məktub da yazdıq, amma heç bir nəticə olmadı. Nə isə… Mən yenə “demoqoqluq” etməyim, onsuz da daşım ağırdır. Olduğu kimi qalsın”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
6
www.bakupost.az

10Mənbələr