AZ

Vətən müharibəsi iştirakçısı: Gecə zülmət qaranlıq olsa da güllə gələn istiqamətdə dəqiq atəş açmışdıq

Bakı, 12 noyabr, Göyçək Mahmudlu, AZƏRTAC

“Şuşanın azad edilməsi xəbərini xəstəxanada aldım. Məni həmin qələbəni döyüş meydanında yaşamaqdan cəmi beş gün ayırırdı. Həm sevinirdim, həm də təəssüflənirdim. Noyabrın 3-də elə Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdım. Aldığım xəsarətlərdən huşumu itirməsəydim nə olur-olsun döyüş meydanından çıxmayacaqdım. Lakin qəhrəman qardaşlarım əməliyyatı uğurla başa çatdırmışdılar. Şuşanın azad edilməsindən sonra isə düşmən ağ bayraq qaldıraraq təslim oldu”.

Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi iştirakçısı, Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin baş çavuşu Teyyub Eyvazov deyib.

2014-cü ildən Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmət edən T.Eyvazov 2020-ci ol sentyabrın 27-dən etibarən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərə qoşulub. O, Vətən müharibəsində Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa şəhəri istiqamətlərində döyüş əməliyyatlarında iştirak edib.

T.Eyzavov söhbətinə belə davam edib: “Kəlbəcərdə Çiçəklidağ istiqamətində döyüşlərə başladım. Düşmən tərəfindən minaatan mərmisinin atılması nəticəsində qapalı kəllə-beyin travması alsam da döyüşü davam etdirdim. Murovdağ yüksəkliyində bir neçə postun alınmasında, sonradan isə Füzuli rayonu, Cəbrayılın Daşkəsən kəndinin, ardınca Hadrut qəsəbəsinin və Tuğ kəndinin azad olunmasında yaxından iştirak etdim. Cəbrayıl istiqamətində düşmənin canlı qüvvəsinin geriyə çəkilməsi zamanı 7 nəfərlik qrupla onları pusquya salıb məhv etdikdən sonra 7 “Ural” və 2 “Kamaz”ı sursatla birgə ələ keçirdik. Bundan sonra Xocavənd istiqamətinə yönəldik. Hadrutun azad edilməsi zamanı 7 nəfərlik qrupla Şişqaya yüksəkliyini düşməndən təmizləndik. Həmin yüksəklik Tuğ istiqamətindən düşmənin canlı qüvvəsinin gəlməsinin qarşısını almaq üçün də mühüm əhəmiyyət kəsb edirdi. Sonradan düşmən tərəfindən yüksəklikdə yerləşən komanda məntəqəsinə hücumlar edilsə də, bunun qarşısı alındı və düşmənin xeyli sayda canlı qüvvəsi məhv edildi. Sonra Tuğu düşməndən təmizlədik.

Daha sonra 30 nəfərlik qrupla Xocalı istiqamətində irəlilədik. Rayonunun Çanaqçı kəndində meşə massivində gecə 3-4 radələrində düşmənin canlı qüvvəsi ilə qarşılaşdıq və məhv etdik. Biz düşmənin nə qədər canlı qüvvəsini məhv etdiyimizi səhər açılandan sonra gördük. Qarşı tərəfin kifayət qədər itkisi var idi. Gecə zülmət qaranlıq olsa da güllə gələn istiqamətdə dəqiq atəş açmışdıq. Çanaqçıda mövqelənərək gözlədik. Geridə qalan şəxsi heyət də gəlib bizə çatdı. Qruplar birləşdi, təsisat yeniləndi. Xocalının Sığnaq və digər kəndlərində keçirdiyimiz uğurlu əməliyyatdan sonra həlledici məqam çatdı. Növbəti tapşırıq Şuşa şəhərinin azad olunması idi. Bunun üçün bir neçə qrupa bölündük. Bir qrupa Laçın-Şuşa yolunun bağlanması, ikinci qrupa sıldırım qayalar istiqamətindən şəhərə daxil olmaq, üçüncü qrupa isə Topxana meşəsi istiqamətindən Xankəndi yoluna çıxmaq tapşırıldı. Mənim olduğum qrup birinci tapşırığı icra edirdi. Laçın yoluna çıxdıqdan sonra “İsa bulağı” istiqamətində gedərək oradan Xankəndi yolunu tam müşahidəyə aldıq. Qızğın döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsini məhv etdik. Düşmənin top mərmiləri atması nəticəsində yaralanaraq huşumu itirdim. Məni koma vəziyyətində Füzuli hərbi hospitalına göndəriblər. Gözlərimi orada reanimasiya otağında açdım. Xəstəxanada öyrəndim ki, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, onurğa fəqərəsinin zədələnməsi diaqnozu qoyulub. Xəstəxana divarları arasında yeganə təsəlli cəbhədən gələn xoş xəbərlər oldu. Şükürlər olsun ki, biz 44 gün ərzində tarixi Zəfərə sevindik”.

T.Eyvazov Prezident İlham Əliyevin sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Şücaət “ medalları ilə təltif olunub. O, 2021-ci ildə ordu sıralarından tərxis edilib.

 

Seçilən
22
1
azertag.az

2Mənbələr