AZ

Elmi sınaqlar üçün heyvanlardan istifadə qadağan edilir

İngiltərədə elm və texnologiya sahəsində mühüm qərar qəbul olunub. Ölkə hökuməti heyvanlar üzərində aparılan təcrübələrin mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan yeni yol xəritəsini təqdim edib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu təşəbbüs Elm, İnnovasiya və Texnologiyalar Departamenti, Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə hazırlanıb. Sənədə əsasən, yaxın illərdə laboratoriya heyvanlarının istifadəsi azaldılacaq və alternativ elmi metodların tətbiqi sürətləndiriləcək.

Yeni strategiya çərçivəsində 75 milyon funt sterlinq (təxminən 160 milyon manat) vəsait ayrılıb. Bu vəsait innovativ sınaq üsullarının - süni orqan modelləri, kompüter simulyasiyaları və süni intellekt əsaslı testlərin inkişafına yönəldiləcək.

Rəsmi açıqlamada bildirilib ki, bu addım həm elm və tədqiqat etikasının gücləndirilməsi, həm də məhsulların təhlükəsizliyinin (xüsusilə vaksinlər və kimyəvi maddələr) daha səmərəli şəkildə təmin olunması məqsədi daşıyır.

İngiltərə hökuməti bu sahədə qlobal lider olmaq və elmi sınaqlarda “daha insani və texnoloji yanaşma” tətbiq etmək niyyətindədir.

Ekspertlər qeyd edirlər ki, bu strategiya gələcəkdə tibb, biologiya və kimya sənayelərində elmi tədqiqatların aparılma prinsiplərini köklü şəkildə dəyişə bilər.

Seçilən
19
azedu.az

1Mənbələr