AZ

Mazlum Abdi ABŞ səfərinin nəticələrini Trampın Suriya üzrə xüsusi elçisi ilə müzakirə edib

SDF komandiri qüvvələrinin Suriya hökumətinə inteqrasiyasını sürətləndirmək niyyətində olduğunu bildirib...

Poliqon xəbər verir ki, “Suriya Demokratik Qüvvələri”nin (SDF) baş komandanı Mazlum Abdi ABŞ prezidenti Donald Trampın Suriya üzrə xüsusi elçisi Barraq ilə telefon danışığı aparıb. Tərəflər Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəraanının ABŞ-a səfərinin nəticələrini və Vaşinqtonla Dəməşq arasında əməkdaşlığın gələcək istiqamətlərini müzakirə ediblər.

Mazlum Abdi söhbət zamanı SDF qüvvələrinin Suriya hökumət strukturlarına mərhələli şəkildə inteqrasiyasını sürətləndirməyə sadiq olduqlarını vurğulayıb. O, bu prosesi “ölkənin sabitliyi və milli birliyinin möhkəmləndirilməsi baxımından həlledici addım” adlandırıb.

Komandirin sözlərinə görə, Suriya beynəlxalq İŞİD-lə mübarizə koalisiyasına qoşulmalıdır. O, X sosial şəbəkəsində yazıb: “Bu addım birgə səylərin gücləndirilməsi və İŞİD-in bölgə üçün yaratdığı təhlükənin tam aradan qaldırılmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Biz tərəfdaşlarımızla sıx əməkdaşlıq şəraitində çalışırıq ki, birləşmiş və təhlükəsiz Suriya üçün daha firavan gələcəyə doğru irəliləyək.”

Müşahidəçilərin fikrincə, Abdi və Barraq arasındakı bu təmas SDF ilə yeni Suriya hökuməti arasında inteqrasiyanın siyasi və hərbi mərhələyə keçdiyini göstərir. ABŞ administrasiyası bu prosesi ölkədə mərkəzləşmiş idarəetmənin bərpası və terror təhlükəsinin aradan qaldırılması istiqamətində mühüm mərhələ hesab edir.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr