“Bu Konstitusiya layihəsinin ən
əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini
təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının
hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin
hüquqlarının qorunmasını təmin edir və Azərbaycan xalqının, respublikamızın
bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini
təmin edir”.
Heydər Əliyev Azərbaycan xalqının Ümummilli
Lideri
“Azərbaycan xalqı elə bir Qələbə
qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə
bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi
və haqlı olaraq fəxr edəcəklər”.
İlham ƏliyevAzərbaycan Respublikasının Prezidenti
Bu il Azərbaycanın dövlətçilik
tarixində olduqca mühüm əhəmiyyətə malik iki əsas hadisənin - İkinci Qarabağ
müharibəsində tarixi Zəfərin beşinci və müstəqil dövlətimizin ilk
Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü tamam olur.
Azərbaycan Respublikasının Konstitusiyası ilə bəyan
edilmiş niyyətlərdən biri kimi ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam
bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən
müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı
ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan
edilmişdir.
Dövlətimizin başçısı cənab
İlham Əliyev tərəfindən imzalanan bu Sərəncam müasir dövlətçilik tariximizdə əldə
edilən parlaq Zəfərin hüquqi-siyasi təsdiqidir.
Bu sənədin imzalanması dövlətçilik
ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun daha da təkmilləşdirilməsi,
həmçinin konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi və təbliği
istiqamətində atılan vacib addımlardandır.
Eyni zamanda, cari ilin “Konstitusiya
və Suverenlik İli” elan olunması tarixi yaddaşla gələcəyə baxışın vəhdətini əks
etdirməklə, milli birliyin möhkəmləndirilməsi və gələcək prioritetlərin müəyyən
edilməsi üçün əlverişli şərait yaradır.
Suverenlik istənilən xalqın ən
böyük arzusu, niyyətidir. Belə ki, milli dövlətçilik milli özünüdərkin ifadəsidir.
Hər bir xalqın müstəqil dövlət quruculuğu yolunu
bir sıra mühüm faktorlar müəyyən edir. Bizim tariximiz azadlıq, müstəqillik
uğrunda çətin və eyni zamanda şərəfli mübarizə yolu ilə zəngindir. Azərbaycan
xalqı müstəqillik uğrunda əzmlə mübarizə aparmış və bu yolda bir çox çətinliklərlə
üzləşmişdir.
1991-ci ildə Azərbaycan öz
müstəqilliyini bərpa etsə də, bu illərdə ölkəmiz ciddi siyasi böhran, iqtisadi
tənəzzül və çətinliklərlə üzləşdi. Müstəqilliyin ilk illəri Azərbaycan üçün
ağır sınaqlar dövrü idi. Ölkəmizə qarşı hərbi təcavüz və torpaqlarımızın işğalı, digər tərəfdən ölkədaxili
siyasi qeyri-sabitlik və idarəetmə böhranı Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükə
yaratmışdı. O dövrdə ölkəmizdə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər,
həmçinin ölkəmizin müstəqilliyi üçün təhdidlərin meydana çıxması, vətəndaş
qarşıdurmasının güclənməsi onu göstərdi ki, ölkəni yaranmış ağır vəziyyətdən
yalnız Ümummilli Lider Heydər Əliyev kimi prinsipial, güclü və iradəli lider
xilas edə bilər.
Məhz Ulu Öndər Heydər Əliyevin
o böhranlı günlərdə xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə
qayıdışından sonra bu mürəkkəb vəziyyətin qarşısını almaq mümkün oldu. Azərbaycanı
bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas edən dahi şəxsiyyət Heydər
Əliyev tərəfindən müstəqilliyin qorunması istiqamətində həlledici addımlar
atıldı, ölkədə mövcud olan xaosun, özbaşınalığın qarşısı alındı, cəmiyyətdə
ictimai-siyasi sabitlik təmin edildi, müasir dövlət quruculuğu üçün etibarlı zəmin
formalaşdırıldı.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Ulu Öndərin dövlətimiz və xalqımız üçün həlledici
məqamlarda böyük liderlik nümayiş etdirərək həyata keçirdiyi xilaskarlıq
missiyası haqqında demişdir: “Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli
insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə,
sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı
olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı
inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan
üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri,
onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan
xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona
arxa-dayaq olmuşdur.”.
Məlumdur ki,
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında ölkənin yeni
Konstitusiyasının hazırlanması nəzərdə tutulsa da, ölkədə mövcud olan
ictimai-siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə, həmçinin vahid
siyasi iradənin olmaması Əsas Qanunun hazırlanaraq qəbul edilməsini mümkünsüz
etmişdir.
Xüsusilə vurğulanmalıdır ki,
Əsas Qanunun qəbulu ideyasının irəli sürülməsində, eyni zamanda onun layihəsinin
hazırlanmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Görkəmli
dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni
Konstitusiyanın hazırlanaraq qəbul edilməsi məsələsi ön plana çəkilmişdir.
1995-ci il mayın 2-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Ümummilli
Lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın
tərkibi təsdiq edildi.
Ümummilli Lider Heydər Əliyev
yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın fəaliyyəti zamanı Əsas
Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini vermiş, Konstitusiyanın hər
bir müddəasını şəxsən nəzərdən keçirmiş, layihənin açıq müzakirələrini təşkil
etməklə onun ən təkmil şəkildə qəbul edilməsini təmin etmək üçün böyük əmək sərf
etmişdir.
Yeni Konstitusiya layihəsini
hazırlayan Komissiyanın 1995-ci il oktyabrın 3-də keçirilən iclasında
Komissiyanın sədri Heydər Əliyev qeyd etmişdir: “Bizim yeni Konstitusiyamız,
şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini,
bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq,
yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız
demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə
etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin
konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus
tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir
sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda
demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq.”.
Eyni zamanda, 1995-ci il 24
noyabr tarixində keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk
iclasında nitqi zamanı Ulu Öndər Heydər Əliyev Konstitusiyanın bəzi cəhətlərini
xüsusilə vurğulamışdır: “Yeni qəbul olunmuş Konstitusiya Azərbaycanın müstəqilliyini,
ərazi bütövlüyünü təmin edən Konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır,
xalqımız bu Konstitusiyanın müddəalarından daim istifadə edərək Azərbaycanın
dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya Azərbaycanda
demokratik hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin
yaranması üçün bütün əsasları yaradıbdır, bütün təminatları veribdir. Bizim
borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli
istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların,
insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir.”.
Ulu Öndər Heydər Əliyevin qeyd
etdiyi bu vacib əsaslar mahiyyət etibarilə ölkəmizdə hüquqi dövlət quruculuğu
prosesində ilkin təməl rolunu oynadı.
Müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və
keçid müddəalarından ibarət olmaqla 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi
- referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-də isə qüvvəyə
minmişdir. Bu tarixi hadisə
ölkəmizdə yeni konstitusionalizm nəzəriyyəsi və təcrübəsinin formalaşmasının əsasını
qoydu.
O da qeyd edilməlidir ki, hər
il noyabrın 12-də qeyd edilən Konstitusiya Günü hüquqi dövlətçilik ənənələrinin
təbliği, hüquq mədəniyyətinin gücləndirilməsi və milli müstəqillik ideyalarının
möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.
Əsas Qanunun qəbulu müasir Azərbaycanın
müstəqillik tarixində ən mühüm hadisələrdən biri olmaqla yanaşı, dövlətçiliyin
möhkəmləndirilməsi baxımından çox vacib ictimai-siyasi hadisə oldu. Konstitusiya
dövlətin və xalqın milli maraqlarını, həmçinin ölkəmizin özünəməxsus xüsusiyyətlərini
özündə əks etdirməklə, dövrün çağırışlarına və tələblərinə tam cavab verən mükəmməl
sənəd olaraq qəbul edildi. Gərgin əməyin məhsulu olan Konstitusiya dolğunluğu
ilə seçilərək, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi
və müstəqil dövlətçiliyimizin inkişafı üçün hərtərəfli zəmin yaratdı.
Konstitusiya ən mühüm, ali
hüquqi sənəddir və ölkənin siyasi, iqtisadi və hüquqi inkişafını istiqamətləndirən
əsas qaydaları müəyyən edir. Konstitusiyanın qəbul edilməsi ölkəmizin
inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla, gələcək
nailiyyətlərin hüquqi bazası qismində çıxış etdi. Bu mühüm məqam ilə bağlı Dövlət
başçısı cənab İlham Əliyev tərəfindən imzalanan 2024-cü il 28 dekabr tarixli Sərəncamda
qeyd edilmişdir: “Ulu Öndərin bilavasitə rəhbərliyi
ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan
Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və
institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin
müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi
dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri
ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali
niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu
oynamışdır.”.
Konstitusiya, suverenlik və
dövlətçilik bir-birini tamamlayan anlayışlar olmaqla, dövlət quruculuğunun ayrılmaz
dəyərləridir. Konstitusiya dövlətin hüquqi təməlini formalaşdırır, suverenlik və
dövlətçilik amili isə dövlətin siyasi-hüquqi və siyasi-ideoloji əsaslarını, həmçinin milli
kimliyini və birliyini ifadə edir. Suverenlik və
dövlətçilik müstəqil dövlətin mövcudluğunu və tərəqqisini təmin edən mühüm
prinsiplərdir.
Konstitusiyada öz əksini tapan
prinsiplər, müddəalar dövlət və xalq birliyinin iradəsinin təcəssümüdür. Dövlətin
qanunvericilik sisteminin bünövrəsini, əsasını təşkil edən, Azərbaycan
Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya
eyni zamanda ölkədə ictimai-siyasi sabitliyin, milli birliyin təminatı kimi
çıxış edir. Bu Ali Qanun xalq hakimiyyəti, dövlətin əsasları, əsas insan və vətəndaş
hüquqları və azadlıqları, vətəndaşların əsas vəzifələri, hakimiyyətlərin bölünməsi,
hakimiyyət orqanlarının təşkili, səlahiyyətləri və fəaliyyət qaydalarını və digər
bir sıra mühüm müddəaları ehtiva edir.
Azərbaycan dövlətinin müstəqilliyini,
suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində
demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə
nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən
hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun
olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə
sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində
yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Konstitusiyamızın
preambulasında bəyan olunan ülvi niyyətlərdir. Burada əksini tapan müddəalar ümumilikdə
Konstitusiyanın mütərəqqi dəyərlərini, gələcəklə bağlı niyyət və hədəfləri əks
etdirir.
Konstitusiyada insan və vətəndaş
hüquqlarının və azadlıqlarının, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin
təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi olaraq müəyyənləşdirilməsi,
dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi
ilə bağlı müddəalar xüsusi əhəmiyyət kəsb edir.
Konstitusiyada dövlət və cəmiyyətin
əsas inkişaf istiqamətlərini müəyyən edən prinsiplər geniş şəkildə təsbit edilir.
Əsas Qanun xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət
hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və
müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyi
Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Həmçinin Konstitusiya Azərbaycan
dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, Azərbaycan
Respublikasında dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici
məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edir.
Vurğulanmalıdır ki, hüquqi
dövlətdə insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin mövcudluğu
mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Konstitusiyada həmin hüquqlar və
azadlıqlar hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi ifadə
edilir və onlar toxunulmaz, pozulmaz və ayrılmaz elan olunur. İnsan və vətəndaş
hüquq və azadlıqlarına etibarlı və davamlı təminat yaradan Konstitusiyanın ən
böyük fəslində əsas hüquq və azadlıqlar, onların həyata keçirilməsi mexanizmləri,
habelə ayrı-ayrı hüquqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri ehtiva
edilmişdir.
Əsas Qanunda, həmçinin Azərbaycan
Respublikasında iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq
xalqın rifahının yüksəldilməsinə xidmət etdiyi, dövlətin bazar münasibətləri əsasında
sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaratması, azad sahibkarlığa təminat
verilməsi və digər bir sıra mühüm müddəalar öz əksini tapmışdır.
Məlum olduğu kimi, konstitusiyaların
əsas hüquqi əlamətlərindən
biri onların stabilliyidir. Konstitusiyanın
stabilliyi ölkədə qanunçuluq rejiminin sabitliyinin, dövlət hakimiyyətinin təşkili
və həyata keçirilməsi sahəsində şəxs, dövlət və cəmiyyət
arasındakı münasibətlərin əsas şərtlərindəndir. Bununla belə, konstitusiyaların qəbulu zamanı onların tənzimetmə
predmetini təşkil edən münasibətlər və hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət
dəyişir, cəmiyyət elmin və texnologiyaların inkişafı baxımından keyfiyyətcə
yeni dövrə qədəm qoyur. Bu baxımdan, konstitusiyaların zərurət yarandığı təqdirdə
təkmilləşdirilməsi, onlara müəyyən əlavə və dəyişikliklərin edilməsi labüd olur.
Ötən illər ərzində dəyişilən
sosial-siyasi reallıq səbəbindən 2002-ci il avqustun 24-də, 2009-cu il martın
18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Əsas
Qanunun mətninə müvafiq əlavələr və dəyişikliklər edilmişdir. Konstitusiyaya
edilmiş bu mühüm əlavə və dəyişikliklər hüquqi dövlət prinsip və dəyərlərinin bərqərar
olmasının, insan hüquq və azadlıqlarının müdafiəsi və təminatına ən yüksək səviyyədə
göstərilən diqqətin təzahürü olmaqla, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin
gücləndirilməsi, bütövlükdə dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsi
və müasirləşdirilməsi məqsədlərinə xidmət etmişdir.
Qeyd edilməlidir ki, 1995-ci
ildə qəbul edilmiş Konstitusiyanın mütərəqqi xüsusiyyətlərindən biri ali
konstitusiya ədalət mühakiməsi orqanı - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
yaradılması olmuşdur. Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılan və artıq 27
ildir fəaliyyət göstərən Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan
Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və
azadlıqlarını müdafiə etməkdir.
Qeyd edilməlidir ki, konstitusiya
ədalət mühakiməsi hüququn aliliyinin təmin olunmasının səmərəli mexanizmlərindən
biri olmaqla, həmçinin hüquqi dövlətin mühüm institutlarından biri olaraq qəbul
edilir.
Fəaliyyət göstərdiyi müddət ərzində
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 604 qərar və 182 qərardad
qəbul edilib. Bu qərar və qərardadlarda formalaşdırılan hüquqi mövqelər dövlətin
Əsas Qanununun aliliyinin təmin olunmasına, həmçinin insan və vətəndaş hüquq və
azadlıqlarının müdafiəsinə xidmət edir. Bu qərarlardan və orada əks olunmuş hüquqi
mövqelərdən bəziləri xüsusilə qeyd edilməlidir.
Belə ki, Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında
qəbul edilən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr
tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində
kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23-cü, 2013-cü il 26
dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində
kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.24-cü və 2022-ci il 9
mart tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrində
yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili
Qaydası”nın 3.2.25-ci yarımbəndlərinin Azərbaycan Respublikası
Konstitusiyasının 25-ci maddəsinin I, lll–V hissələrinə, 41-ci maddəsinin I
hissəsinə, 42-ci maddəsinin I hissəsinə, 71-ci maddəsinin l və ll hissələrinə və
149-cu maddəsinin I, III və V hissələrinə uyğunluğunun yoxlanılmasına dair”
2025-ci il 22 sentyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd
etmişdir ki, yalnız bilik əldə etmək imkanı ilə məhdudlaşmayaraq şəxsin cəmiyyətdə
layiqli mövqe tutmasına şərait yaradan, fərdi inkişafı, eləcə də cəmiyyətin
sosial-iqtisadi tərəqqisini təmin edən əsas vasitə kimi təhsil hüququnun
qorunması və təmin edilməsi hüquqi dövlətin mühüm göstəricisidir.
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd etmişdir ki, dərslərdə iştirak etməmənin üzrlü səbəblərdən də baş
verə biləcəyinin mümkünlüyü nəzərə alınaraq “Təhsil haqqında” Qanunun
32.5.1-1-ci maddəsi ilə məhz üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol
verilməməsi təhsilalanların vəzifəsi kimi müəyyən olunmuşdur.
Bu baxımdan Konstitusiya Məhkəməsinin
Plenumu hesab etmişdir ki, üzrlü səbəbdən auditoriya saatlarının 25 faizindən
çoxunda iştirak etməyən tələbədən fənni yenidən dinləməsi üçün ödəniş alınması
Konstitusiyanın 42-ci maddəsinin I hissəsində təsbit edilən təhsil almaq
hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına səbəb olur.
Qeyd edilmişdir ki, üzrlü səbəbə
görə fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən
tələbənin təhsil hüququnun təmin olunması məqsədilə Qərarda sadalanan
Qaydalarda qeyd edilən məsələlərin aydın şəkildə və ətraflı tənzimlənməsi
Konstitusiyadan irəli gələn tələblərə cavab vermiş olardı.
Həmçinin Qərarda əks olunmuşdur
ki, milli yığma komandaların üzvləri olan idmançı-tələbələr beynəlxalq miqyaslı
yarışlarda ölkəni təmsil etməklə idmanın
inkişafında əhəmiyyətli rol oynayırlar. Bu baxımdan, idman yarışlarında iştirak
edən tələbələrə dərslərə davamiyyətlə bağlı güzəştlərin tətbiq edilməsi fərdi
imtiyazın müəyyən olunmasına deyil, ictimai əhəmiyyətli məqsədlərə xidmət edir.
Göstərilənlər belə qənaətə gəlməyə
əsas verir ki, fərqli rəftar (milli yığma komandaların üzvləri olan idmançı-tələbələrə
güzəştin müəyyən edilməsi) ilə qarşıya qoyulan qanuni məqsəd (yüksək dərəcəli
idmançıların beynəlxalq miqyaslı yarışlarda ölkəni şərəflə təmsil etməsi üçün
lazımi şəraitin yaradılması) arasında ağlabatan mütənasiblik olmaqla, həmin rəftar
ayrı-seçkilik xarakteri daşımır.
Bu Qərarda Konstitusiya Məhkəməsinin
Plenumu belə nəticələrə gəlmişdir ki, 2013-cü il 24 dekabr tarixli Qaydaların
3.2.23-cü, 2013-cü il 26 dekabr tarixli Qaydaların 3.2.24-cü və 2022-ci il 9
mart Qaydanın 3.2.25-ci yarımbəndləri Konstitusiyanın 25-ci maddəsinin I, lll–V
hissələri, 41-ci maddəsinin I hissəsi, 42-ci maddəsinin I hissəsi, 71-ci maddəsinin
l və ll hissələri və 149-cu maddəsinin I, III və V hissələri ilə ziddiyyət
yaratmır.
Həmçinin, Konstitusiyanın
42-ci maddəsinin I, IV hissələrinin və 149-cu maddəsinin I hissəsinin tələblərinə
və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində
əks olunmuş hüquqi mövqelərə əsasən ali təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində, orta ixtisas və peşə təhsili müəssisələrində üzrlü
səbəblərə görə fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda
iştirak etməyən tələbələrin təhsil
hüquqlarının təmin edilməsi üçün yuxarıda qeyd olunan Qaydaların təkmilləşdirilməsi
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilməlidir.
Konstitusiya Məhkəməsi
Plenumunun digər qərarı, Azərbaycan Respublikasının Prokurorluğunun sorğusu əsasında qəbul edilən “Azərbaycan
Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri və 80-ci maddəsi
baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 12.5-ci maddələrinin
əlaqəli şəkildə şərh olunmasına dair” 2025-ci il 30 sentyabr tarixli Qərarda qeyd
edilmişdir ki, cinayət qanunvericiliyində Azərbaycan Respublikasının vətəndaşlarının
və Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin
xarici ölkədə törətmiş olduqları cinayətlərə görə məhkum edilərkən cəzanın
yuxarı həddinin cinayətin törədildiyi ölkənin cinayət qanunu ilə nəzərdə
tutulmuş cəzanın yuxarı həddi ilə məhdudlaşdırılması cinayətə görə məsuliyyətin,
cəzanın məhz əməlin ictimai münasibətlərə vurduğu zərərə, bununla da ictimai təhlükəlilik
dərəcəsinə uyğun olaraq müəyyənləşdirilməsindən irəli gəlir.
Əks yanaşma, yəni şəxsin, əməlinin
baş verdiyi ölkədə ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq nəzərdə tutulmuş
məsuliyyət həddindən artıq məsuliyyətə cəlb edilməsi cəzanın mahiyyət və məqsədlərinə
uyğun olmazdı.
Bu Qərarda Konstitusiya Məhkəməsinin
Plenumu Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinə istinad edərək qeyd
etmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər
cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin
xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və
cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş
cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi
yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini
təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və
ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı
yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin
islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Həmçinin qeyd edilmişdir ki,
törədilmiş əmələ görə təyin edilən cəza ilə həmin əməlin ictimai təhlükəlilik dərəcəsi
və xarakteri, onu törədən şəxsin şəxsiyyəti arasında gözlənilən proporsionallıq
cəzanın ədalətlilik meyarı kimi çıxış edir. Odur ki, ədalətin bərpası təyin
edilmiş cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın
şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun
olduğu təqdirdə mümkündür.
Adıçəkilən Qərarda
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad
edərək göstərmişdir ki, cəzanın aşağı həddinin, habelə daha yüngül cəzanın təyin
edilməsi cəzanın məqsədlərinə nail olmağa imkan verdiyi və şəxsin islah
olunmasına kifayət etdiyi hallarda onun tətbiqi
ədalətli cəza kimi müəyyən edilmişdir.
Qərarda Konstitusiya Məhkəməsinin
Plenumu belə nəticəyə gəlmişdir ki, Konstitusiyanın 71-ci maddəsinin I və X hissələrinə və
80-ci maddəsinə, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinə, Cinayət Məcəlləsinin
5.1 və 12.5-ci maddələrinə, habelə
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində
əks olunmuş hüquqi mövqelərə əsasən həmin Məcəllənin 12.1-ci maddəsində nəzərdə
tutulmuş şəxslərə xarici ölkənin ərazisində törətdikləri cinayətə görə cəzanın
aşağı həddi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyən
edilməlidir.
Bu gün bir çox digər sahələrdə
olduğu kimi, məhkəmə-hüquq sistemi qarşısında yeni çağırışlar və tələblər
dayanır. Müasir dövrdə məhkəmə-hüquq sisteminin, o cümlədən ədalət mühakiməsinin
inkişafı hüquqi islahatlarla yanaşı, həm də texnoloji inkişafdan çox asılıdır.
Ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması, eyni
zamanda innovativ texnologiyaların tətbiqi müasir dövrün tələbidir. Bununla
bağlı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Beynəlxalq
Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçılarına müraciətində
qarşıda duran vəzifələr və hədəflər barədə müvafiq fəaliyyət istiqamətləri müəyyən
edilmişdir: “Müasir dövrün çağırışları, qlobal miqyasda baş verən
sosial-iqtisadi transformasiya, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni
texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən
daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiq etməyi tələb edir.”.
Qeyd edilməlidir ki,
konstitusiya ədalət mühakiməsi orqanları qarşısında da duran mühüm vəzifələrdən
biri bu sahədəki mütərəqqi
milli təcrübə ilə yanaşı, müasir inkişaf meyillərinin davamlı olaraq izlənilməsi,
təhlili və fəaliyyətdə tətbiq edilməsidir. Öz növbəsində, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi yarandığı gündən xarici ölkələrin
Konstitusiya Məhkəmələri və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla
əməkdaşlıq əlaqələrinin qurulmasına və bu əlaqələrin inkişaf etdirilməsinə xüsusi
diqqət yetirir. Vurğulanmalıdır ki, həyata keçirilən beynəlxalq əməkdaşlıq
informasiya mübadiləsinin genişləndirilməsi, hüquqi bilik və təcrübənin
paylaşılması baxımından əhəmiyyətli rol oynayır.
Bu sahədə mötəbər beynəlxalq tədbirlərdən
biri cari ilin 28-30 oktyabr tarixlərində Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatının
“Gələcək nəsillərin insan hüquqları” mövzusunda İspaniyanın Madrid şəhərində keçirilmiş
VI Konqresi oldu. Konqresin işi “Təbii ehtiyatların və ətraf mühitin qorunması,
“Bəşəriyyətin mədəni irsinin qorunması”, “Elmi biliklərə və yeni
texnologiyalara əlçatanlıq”, “Konstitusiya Məhkəmələrinin müstəqilliyi” adlı
dörd sessiyadan ibarət olmuş, tədbir çərçivəsində bir sıra mühüm və aktual
mövzular ətrafında fikir mübadiləsi aparılmış, məruzələr dinlənilmişdir.
Beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı
çərçivəsində bu cür tədbirlərin keçirilməsi konstitusiya ədalət mühakiməsi sahəsində
qabaqcıl təcrübənin öyrənilməsi baxımından əlverişli imkanlar yaradır, həmçinin
yeni əməkdaşlıq münasibətlərinin qurulması üçün mühüm platforma qismində çıxış
edir.
Hər bir xalqın tarixində elə
vacib əhəmiyyət kəsb edən hadisələr olur ki, onlar həmin xalqın, dövlətin gələcək
müqəddəratını müəyyən edən mühüm başlanğıcların əsasını qoyur. Bir daha
vurğulanmalıdır ki, 2025-ci il bizim hər birimiz üçün ikiqat əlamətdardır. 1995-ci
il Konstitusiyasının qəbulunun 30-cu və İkinci Qarabağ müharibəsində parlaq Qələbənin
5-ci ildönümü bu ili olduqca əlamətdar edir. Əminliklə demək olar ki, 2025-ci
il hüquqi dövlət quruculuğunun mühüm mərhələsini simvolizə edir.
Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun qazandığı hərbi-siyasi Zəfər müasir tariximizin ən mühüm
hadisəsidir. 44 gün davam edən və 30 ilə yaxın işğal altında olan
torpaqlarımızın azad edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsində Azərbaycan
Respublikasının Silahlı Qüvvələri dövlətimizin ərazi bütövlüyü uğrunda cəsarət
və şərəflə mübarizə apararaq tarixi Qələbə qazandı,
xalqımızı Zəfərə qovuşduran Vətən müharibəsi
tariximizə qızıl hərflərlə yazıldı.
44 günlük Vətən müharibəsində qazanılan
Zəfərin davamı olaraq, 2023-cü ilin sentyabrında 24 saatdan az müddətdə davam
edən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi
bütövlüyü və suverenliyi tam bərpa edildi. Bununla da, Azərbaycan Respublikası
Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərimizdə bərqərar
oldu. 2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazisində qanunun aliliyinin
təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli
Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi
Günü elan edildi.
2023-cü il oktyabrın 15-də Dövlət
başçısı cənab İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət
Bayrağını ucaltması müasir dövlətçilik tariximizin dönüş nöqtəsi oldu. Bu addım
yalnız siyasi-ideoloji mahiyyət kəsb etməməklə, eyni zamanda, suverenliyin bütün
ölkə ərazisində bərpa olunduğunu hüquqi-siyasi müstəvidə təsdiq etdi. Uzun illər
ərzində işğal altında olan ərazilərimizdə Konstitusiyada təsbit edilən
hüquqların tətbiqi mümkün deyildi. 2023-cü ildə ərazi bütövlüyünün və
suverenliyin tam bərpa edilməsi nəticəsində respublikamızın ərazisi ilə bağlı bir
sıra mühüm konstitusiya müddəalarının yerinə yetirilməsi tam şəkildə təmin olundu.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham
Əliyev 2025-ci il 14 sentyabr tarixində Xocavənd rayonunun Qırmızı Bazar,
Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşü zamanı qeyd etmişdir:
“Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir
edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha
göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq
işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında
gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən
deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı
olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində
belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik.”.
Qazanılan Qələbə Dövlətimizin başçısı,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin prinsipial
mövqeyi, uzaqgörən siyasəti, o cümlədən əsgər və zabitlərimizin qəhrəmanlığı,
mübarizə əzmi, xalqımızın birliyi, milli ruhu və vətən sevgisi nəticəsində
mümkün oldu.
Hazırda
Cənubi Qafqaz regionu yeni tarixi inkişaf mərhələsindədir.
Cənubi Qafqaz
sülh və əməkdaşlıq regionuna çevrilir. Cari ilin avqustunda Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə rəsmi səfəri ölkə
diplomatiyası tarixində mühüm hadisə oldu. Vaşinqtonda keçirilən yüksək səviyyəli
görüşlər, imzalanan əhəmiyyətli sənədlər və əldə olunan razılaşmalar sadəcə
region üçün deyil, eyni zamanda qlobal geosiyasi müstəvidə dövlətimiz üçün mühüm
üstünlüklər yaratdı.
Vaşinqton
görüşünün mühüm nəticələrindən biri də regional bağlantıları möhkəmləndirəcək
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP). Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev “Orta Dəhliz boyunca: bağlantı,
maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına
müraciətində TRIPP marşrutunun əhəmiyyətini vurğulayaraq qeyd etmişdir:
“...Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə
birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə,
region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə
inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır. TRIPP, eyni
zamanda gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə
də bərpa olunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi
üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal
kommunikasiya habına çevrilməsinə təkan verə bilər...”.
Qeyd
edilməlidir ki, Vaşinqton razılaşmaları, əldə olunan tarixi nəticələr müasir
tariximizin mühüm siyasi hadisələrindən biri kimi nəzərdən keçirilir. Bu
razılaşmalar dövlətçiliyimizin, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin qətiyyətli diplomatiyasının və müdrik liderliyinin ən bariz göstəricisidir.
Bu səfər həm ikitərəfli münasibətlərin inkişafı, həm də regional sabitliyin təmin
olunması baxımından xüsusi əhəmiyyətə malikdir.
Vaşinqtonda
əldə edilən razılaşmalar Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə
qazanılan mühüm tarixi nailiyyətlərdən biridir və onun məhz “Konstitusiya və
Suverenlik İli”nə təsadüf etməsi dərin rəmzi
xarakter daşıyır.
Bu
gün dövlətimiz bir çox sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Azərbaycanın
dövlət suverenliyi tam, ərazisi bütöv, sərhədləri isə toxunulmazdır. Hazırda
qarşıda duran ən önəmli məsələlərdən biri işğaldan azad edilmiş ərazilərdə bərpa
və yenidənqurma işlərinin həyata keçirilməsidir.
Qarabağ
və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri bütövlükdə
regionun iqtisadi və sosial inkişafında yeni mərhələnin əsasını qoyub. Bu ərazilər
bütün əsas infrastruktur, yollar, elektrik, su, rabitə və digər zəruri xidmətlərlə
təmin edilir. Qarabağın zəngin təbiəti, əlverişli iqlimi, kənd təsərrüfatı üçün
geniş imkanları, turizm və sənaye sahələrində böyük potensialı bu əraziləri
investisiya baxımından cəlbedici məkana çevirir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
genişmiqyaslı bərpa və quruculuq prosesi sayəsində Qarabağ və Şərqi Zəngəzurda
qabaqcıl texnologiyalara əsaslanan yeni inkişaf modeli reallaşdırılır. Bu
prosesin ayrılmaz hissəsi kimi, yüzlərlə kilometr avtomobil və dəmir yolları
salınır, yeni tunellər, körpülər inşa olunur, “ağıllı şəhər”, “ağıllı kənd”
kimi innovativ yanaşmalar tətbiq edilir, beynəlxalq hava limanları inşa
olunaraq istifadəyə verilir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur
eyni zamanda “yaşıl enerji zonası” elan edilərək, burada günəş, külək və
hidroenerji layihələri sürətlə icra olunur.
Mühüm
məqamlardan biri də işğaldan azad edilmiş ərazilərdə tarixi, dini və mədəni
abidələrimizin bərpa edilməsidir. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
bilavasitə təşəbbüsü və dəstəyi ilə görülən işlər bu ərazilərin dirçəlişinə,
inkişafına, eyni zamanda milli yaddaşımızın bərpasına mühüm töhfədir.
Həmçinin
bölgədəki mədəni tədbirlərin keçirilməsi ənənələri bərpa edilir. Şuşa şəhərinin
2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı, Laçın şəhərinin 2025-ci
ildə MDB-nin mədəniyyət paytaxtı elan olunması, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və
Vaqif Poeziya Günlərinin bərpa edilməsi, bu il “Mədəniyyət rüzgarı” adı altında
silsilə və digər bir sıra tədbirlərin keçirilməsi işğaldan azad edilmiş
torpaqlarda həyatın bərpası, mədəniyyətin yenidən canlandırılması işinin mühüm hissəsidir.
İşğaldan
azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işlərinin aparılması ilə bərabər,
bu torpaqlara yerli əhalinin qayıtması, burada əhalinin dayanıqlı məskunlaşması
dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət Proqramı çərçivəsində
keçmiş məcburi köçkünlər uzun illər boyu həsrətini çəkdikləri doğma
yurd-yuvalarına qayıdır. Artıq minlərlə insan doğma torpaqlarına qayıdıb,
yaşayış üçün zəruri olan sosial xidmət və kommunikasiya infrastrukturu ilə təmin
olunub.
Bu
gün Azərbaycan gələcəyə doğru inamla addımlayır. Regionun lideri
olan ölkəmiz beynəlxalq müstəvidə də söz sahibi olan dövlətlər sırasına
daxildir. Vətən müharibəsindən sonra
yaranmış yeni tarixi-siyasi reallıq Azərbaycanın regional, eyni zamanda beynəlxalq
aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsini şərtləndirdi. Dövlət
başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi “Bu gün Azərbaycan Respublikası
xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil
siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə
və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla
irəliləyir.”.
Ölkəmiz regiondakı iqtisadi-siyasi proseslərin əsas
iştirakçısıdır. Məhz Azərbaycanın təşəbbüsü
və iştirakı ilə uğurla həyata keçirilən bütün irimiqyaslı layihələr ümumilikdə
regionun təhlükəsizliyinə, iqtisadi inkişafına öz mühüm töhfəsini verir. Dövlətimizin
başçısı cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasət nəticəsində
beynəlxalq aləmdə nüfuzu daha da artan ölkəmizlə əlaqələr yaratmaq və bu əlaqələri
inkişaf etdirmək istəyində olan ölkələrin sayı da getdikcə artır.
Azərbaycan
bir sıra mötəbər beynəlxalq tədbirlərin, qlobal forumların, konfransların
keçirildiyi unikal məkana çevrilib. Ölkəmizin mühüm tədbirlərə ev sahibliyi etməsi
baxımından bir nümunə olduğunu deyə bilərik.
Bu cür beynəlxalq əhəmiyyətli tədbirlərdən biri bu il sentyabrın 28-dən oktyabrın
8-dək Azərbaycanda keçirilən III MDB Oyunları oldu. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Düşənbədə MDB Dövlət Başçıları
Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışında qeyd etmişdir ki, bu qəbildən
tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı
möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan
münasibətlərin güclənməsinə kömək edir.
Əminliklə
demək olar ki, son beş ildə Azərbaycan öz inkişafının tamamilə yeni mərhələsinə
daxil olmuşdur. Tarixi Zəfər qazanmaqla ərazi bütövlüyünü və suverenliyini tam
bərpa edən dövlətimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi altında gündən-günə daha da güclənərək özünün qüdrətli
dövrünü yaşayır.
Dünya
nizamının özünün çətin dövrünü yaşadığı, beynəlxalq müstəvidə mürəkkəb proseslərin
baş verdiyi zamanda, Azərbaycan əlaqələrini davamlı şəkildə şaxələndirir, dünya
ölkələri sırasında tərəfdaşlarının sayını artırır. Ölkəmiz beynəlxalq miqyasda siyasi
dialoqun, əməkdaşlığın və strateji tərəfdaşlığın fəal iştirakçısı və eyni
zamanda təşəbbüskarıdır.
Bütövlükdə
2025-ci ilin bir sıra mühüm siyasi hadisələri bir daha göstərdi ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçilik prinsiplərinə sadiq
lider olmaqla, milli maraqlara əsaslanaraq həyata keçirdiyi xarici siyasət,
diplomatiya və strateji baxışlar sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı
tərəfdaşa çevrilib.
Vətən
müharibəsinin regionda yaratdığı yeni geosiyasi reallıqlar dövründə ölkəmizin
çoxvektorlu xarici siyasət kursunda Türk dünyası ilə əməkdaşlıq, həmçinin Türk
Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət prioritet istiqamətlərdən biri kimi
müəyyən edilib. Böyük coğrafiyanı əhatə edən Türk dövlətləri və xalqları ümumi
tarixi köklər, ortaq zəngin mədəni irs, ədəbiyyat, adət-ənənə, milli-mənəvi dəyərlər
ilə bir-birinə sıx bağlıdır. Ortaq tarixi və etnik köklər, dəyərlər, ənənələr
üzərində təşəkkül tapmış bu dostluq və qardaşlıq münasibətləri dünyada bənzəri
olmayan həmrəylik nümunəsidir.
Türk
dövlətlər arasında müxtəlif sahələri əhatə edən əlaqələr ildən-ilə daha da genişlənir
və möhkəmlənir. Bu əlaqələrinin genişləndirilməsində Türk Dövlətləri Təşkilatının
rolu olduqca böyükdür. Ölkəmiz təməli 2009-cu ildə Naxçıvan Muxtar
Respublikasında qoyulan Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin daha da
inkişaf etdirilməsinə xüsusi diqqətlə yanaşır və bu Təşkilatı üzv və müşahidəçi
ölkələrlə səmərəli əməkdaşlıq üçün mühüm platforma olaraq qəbul edir.
Dövlətimizin
başçısı cənab İlham Əliyev cari ilin oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının
(TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışında Təşkilatın
beynəlxalq səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu qeyd edərək, bu
gün Türk Dövlətləri Təşkilatının, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi
geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını vurğulamışdır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev həmçinin qeyd etmişdir ki, daxili
siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya
və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar,
habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada
vacib aktora çevirir.
Qəbələ
Zirvə görüşündə gələcək illər üçün əməkdaşlıq prioritetlərini, strateji hədəfləri
müəyyən edən Qəbələ Bəyannaməsinin imzalanması, həmçinin “TDT+” formatının
təsis edilməsi, Beynəlxalq Türksoy Təşkilatının gücləndirilməsi qərarı xüsusi əhəmiyyət
kəsb etdi.
Qeyd
edilməlidir ki, Azərbaycan dövlətinin dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla
əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Bir çox
xarici dövlətlərlə, mötəbər beynəlxalq təşkilatlarla milli maraqları qorumaqla
qarşılıqlı hörmət və ehtiram əsasında qurulan əməkdaşlıq münasibətləri ölkəmizə
etibarlı tərəfdaş imicini qazandırıb. Azərbaycan bir sıra beynəlxalq
qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir sıra
mühüm əhəmiyyət kəsb edən qərarların qəbulunda və icrasında yaxından iştirak
edir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının Sədri
Si Cinpinin dəvəti ilə cari ilin avqustun sonu - sentyabrın əvvəlində Çin Xalq
Respublikasına işgüzar səfəri, keçirdiyi görüşlər, “ŞƏT plyus” formatında Zirvə
toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin
80 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə və hərbi paradda
iştirakı bir daha onu göstərdi ki, Dövlət başçısı cənab İlham Əliyev beynəlxalq
miqyasda böyük ehtiramla qarşılanan siyasi lider, Azərbaycan isə yüksək nüfuza
malik dövlətdir.
Həmçinin,
Dövlət başçısı cənab İlham Əliyev cari ilin oktyabrın 2-də Danimarkanın
paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə
toplantısında iştirak edib. Dövlətimizin başçısı sammit çərçivəsində bir sıra dövlət,
hökumət başçıları, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa
Komissiyasının Prezidenti ilə görüşlər keçirdi. Mühüm məqamlardan biri odur ki,
keçirilən görüşlər qarşı tərəflərin təşəbbüsü ilə həyata keçirilib. Bu ölkəmizin
artan geosiyasi əhəmiyyətinin, Avropa liderlərinin Azərbaycana olan marağının, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi nüfuzuna, həyata
keçirdiyi siyasətə etimadın və ehtiramın bariz nümunəsidir.
Ölkəmiz
ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi ilə hər zaman ən yüksək
tribunalardan ikili standartlara əsaslanan siyasətin yaratdığı problemləri vurğulayıb. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Nyu-Yorkda BMT Baş
Assambleyasının 80-ci sessiyasındakı çıxışı mühüm əhəmiyyətə malikdir. Dövlətimizin
başçısı çıxışında bu reallığı da qeyd edib ki, son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və
uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin
sübutudur.
Eyni
zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qlobal
təhlükəsizliklə bağlı beynəlxalq ictimaiyyətə mühüm çağırışları səsləndirərək
xüsusilə vurğuladı: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin
selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə
deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.
Bir
daha qeyd edilməlidir ki, 2025-ci il dövlətçilik tariximizdə “Konstitusiya və
Suverenlik İli” kimi xüsusi əhəmiyyət və məna daşıyır. Bu il ölkənin milli müstəqilliyi,
ərazi bütövlüyü və qanunvericilik prinsiplərinin gücləndirilməsi baxımından
yeni mərhələnin başlanğıcıdır. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və
Suverenlik İli” elan edilməsi dövlətçiliyimizin möhkəmlənməsinə, milli
suverenliyimizin bərqərar olmasına verilən xüsusi önəmin göstəricisidir. Azərbaycan
Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xalqımızın
birliyi və həmrəyliyinin ifadəsi, yüzilliklərin dövlətçilik ənənələrinin məntiqi
davamı olmaqla, milli şüurun, milli dəyərlərin qorunmasına xidmət edir. Möhtərəm
cənab Prezidentin bu Sərəncamı eyni zamanda hüquqi dövlətə sadiq qalmaq, ölkə
Konstitusiyasına hörmətlə yanaşmaq, onun müddəalarını həyata keçirməklə bağlı gələcək
nəsillərə ünvanlanmış bir çağırışdır.
Olduqca
qürurverici haldır ki, bizim qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycan
kimi vətənimiz var. Xalqımız bu gün öz müstəqil və suveren dövlətinə sahibdir, mübarizə
ilə əldə edilən suverenlik onun milli sərvətinə çevrilmişdir. Hər bir azərbaycanlı
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsinin, ölkənin
bütün ərazilərində Konstitusiyanın hüquqi qüvvəsinin tam bərqərar olunmasının
sonsuz sevincini, qürurunu yaşayır. Bu böyük Qələbə hər birimizi yeni nailiyyətlərə
ruhlandırır.
Tam
əminliklə bildirmək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə bütöv və suveren dövlətimiz tarixi uğurlara imza
atmaqda davam edəcək, növbəti dövrdə də inkişafının mühüm mərhələsini yaşayacaq.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də öz növbəsində, müəllifi
Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin
təmin edilməsi, hüquqi dövlət quruculuğu istiqamətində Dövlət başçısı cənab
İlham Əliyevin həyata keçirdiyi uğurlu fəaliyyətə dəstək olaraq, üzərinə düşən
məsuliyyətli vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq.
Fürsətdən
istifadə edərək, Azərbaycan xalqını bu il beşinci ildönümünü qeyd etdiyimiz 8 Noyabr - Zəfər Günü, həmçinin 9 Noyabr -
Dövlət Bayrağı Günü və 12 Noyabr - Konstitusiya Günü münasibətilə Konstitusiya
Məhkəməsi adından təbrik edir, xalqımıza xoşbəxt və firavan həyat arzulayırıq.
Fərhad ABDULLAYEV,Azərbaycan
RespublikasıKonstitusiya Məhkəməsinin
sədri