9-cu ANİAMFİLM Beynəlxalq Animasiya Festivalı 2026-ci ilin mayında keçiriləcək
Bakı, 12 noyabr, AZƏRTAC
Bu il Azərbaycan animasiya tarixindən ən uğurlu illərdən olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Animasiya Assosiasiyasının sədri, rejissor, prodüser Rəşid Ağamalıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə artıq üç qısametrajlı animasiya filmi (“Narqız”, “Yulaf dönərgə”, “Yer və Ay”), iki qısametrajlı tələbə animasiya filmi (“Molla Nəsrəddin”, “Əbədi xatirə”), bir qısametrajlı sənədli-animasiya filmi (“Kapitan və Xəzər dənizi”) istehsal olunub. Hazırda isə bir tammetrajlı animasiya filmi (“Fazzi: oyanış”), altı qısametrajlı animasiya filmi (“Nağıl istəyirəm”, “Kölgəsiz adamlar”, “Eyni yağışın altında”, “Qayıtmışam”, “İşquzların bilgi çanağı”, “44 gün”), iki qısametrajlı tələbə animasiya filmi (“Oyun”, “Hipotez”) istehsalda və sənədləşmə mərhələsindədir. Beləlilklə, ARKA artıq 15 animasiya filminin istehsalına dəstək verib.
“ARKA-nı dəstəyi ilə çəkilən ilk animasiya filmi - “Narqız” 2024-cü ildə istehsal olunub. Tanınmış Azərbaycan animasiya rejissoru Məsud Pənahinin bu filmi Qarabağın dirçəlişi, Qarabağa qayıdış və 44 günlük Vətən müharibəsi mövzularını əhatə edib. “Narqız” filmi Qazaxıstanda URKER Beynəlxalq Animasiya Film Festivalında “TÜRKSOY xüsusi mükafatı”na layiq görülüb. Bundan əlavə, “Narqız” filmi Azərbaycanda ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında, Qırğızıstanda Toon Dook Beynəlxalq Animasiya Fetivalında və Almaniyada Kino über Land e.v festivalında nümayiş etdirilib. “Narqız” bu ay Gürcüstanda keçiriləcək TOFUZI Beynəlxalq Animasiya Film Festivalında, dekabrda isə Azərbaycanda Bakı Beynəlxalq Film Festivalında tamaşaçılara təqdim olunacaq”,-deyə rejissor bildirib.
R.Ağamalıyev diqqətə çatdırıb ki, Azərbaycan Animasiya Assosiasiyasının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə istehsal etdiyi “Bum-bum” animasiya filminin çəkilişi yekunlaşıb. Vaqif Səmədoğlunun uşaqlar üçün yazdığı eyniadlı poemasının motivləri əsasında çəkilən film yaxın zamanda balaca tamaşaçılara təqdim olunacaq.
Assosiasiya sədrinin sözlərinə görə, ARB Günəş TV-in istehsal elədiyi “Balaş”, “Birlik” Studiyasının “Mənə nağıl danış”, "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin istehsal elədiyi “Nağd olsun” və ANİMAFİLM Studiyanın “İsi və Piti” animasiya serialları üzərində iş gedir.
Rejissor bildirib ki, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı öz növbəsində tamaşaçılarımızı sevindirməyə davam edir. 8-ci ANİMAFİLM Festival bu ilin sentyabrında 5 gün ərzində Bakıda, Nizami Kino Mərkəzi, Şirvanşahlar Sarayı Kompleksində keçirilib. Əsas mövzusu “Pişiklər” olan Beynəlxalq Festivalda 1000-dən çox tamaşaçı 25 ölkədən 60-dan çox filmi izləyib. Yaradıcılığı mərhəmətlə birləşdirdiyi bu festivalda bilet satışlarından əldə olunan vəsaitin bir hissəsi pişiklərin rifahı ilə bağlı yerli təşəbbüslərə ianə edilib.
Rəşid Ağamalıyev deyib ki, növbəti, 9-cu ANİAMFİLM Beynəlxalq Animasiya Festivalı 2026-ci il mayın 13-dən 17-dək keçiriləcək.