AZ

Avropa Rusiyayla toqquşmaya doğru gedir? AÇIQLAMA

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Son günlər Serbiya Prezidenti Aleksandr Vuçiçin “Avropa ölkələri Rusiyayla mümkün hərbi münaqişəyə hazırlaşır” bəyanatı beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

Bu açıqlama Avropada artan hərbi xərclər, müdafiə sənayesinin gücləndirilməsi və NATO-nun şərq cinahında baş verən proseslər fonunda diqqət çəkir.

Müharibə riski realdırmı, yoxsa bu, siyasi çəkindirmə strategiyasının bir hissəsidir?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Vuçiçin fikri təkcə fərdi müşahidə deyil, Avropada müşahidə olunan real hərbi tendensiyalara söykənir. Onun sözlərinə görə, son iki ildə Avropa ölkələri, xüsusilə Polşa, Baltikyanı dövlətlər və Skandinaviya bölgəsi, müdafiə xərclərini rekord səviyyəyə qaldırıblar:

“Avropa Komissiyasının silah istehsalını artırmaq üçün yaratdığı “ASAP” və “ReArm Europe” proqramları da bu istiqamətin göstəricisidir. Vuçiçin bəyanatı həm də Avropanın təhlükəsizlik arxitekturasının dəyişdiyini vurğulayır. O, əsasən Qərb dünyasının artıq “diplomatik sülh” mərhələsindən “praktik müdafiə” mərhələsinə keçdiyini bildirir. Buna görə də bəyanat emosional deyil, strateji reallığın ifadəsidir”.

Avropa ilə Rusiya arasında real hərbi qarşıdurmanın mümkünlüyünə gəlincə, müsahibimiz qeyd edib ki, qısa müddətdə tammiqyaslı hərbi müharibə ehtimalı azdır, çünki NATO və Rusiya arasında nüvə çəkindirici balans mövcuddur. Dediyinə görə, hər iki tərəf bu balansın pozulmasının qlobal fəlakətə səbəb olacağını anlayır. Politoloqa görə, bununla belə, lokal qarşıdurmalar, sərhəd insidentləri və ya hibrid hücum formaları istisna edilmir:

“Avropanın artan silahlanması və Rusiyanın sərt ritorikası qarşılıqlı şübhələri dərinləşdirir. Bu, birbaşa müharibədən çox, yeni “soyuq müharibə” mərhələsinə keçidin əlamətləridir. Belə bir şəraitdə diplomatik kanalların aktiv qalması həyati əhəmiyyət daşıyır”.

Züriyə Qarayeva:  Avropanın artan silahlanması və Rusiyanın sərt ritorikası qarşılıqlı şübhələri dərinləşdirir

Z.Qarayeva bildirib ki, əslində, Avropa bu hazırlığı təkcə Rusiyaya qarşı deyil, ümumi qlobal qeyri-sabitliyə qarşı həyata keçirir. Ukrayna müharibəsi Avropanın öz təhlükəsizlik sisteminin nə qədər asılı vəziyyətdə olduğunu göstərdi. ABŞ-nin müdafiə zəmanətlərinə tam güvənmək istəməyən Avropa indi “strateji avtonomluq” modelini formalaşdırmağa çalışır:

“Bu proses həm siyasi müstəqillik, həm də müdafiə sənayesinin yenilənməsi məqsədi daşıyır. Yəni məsələ yalnız Rusiya ilə deyil, ümumilikdə Avropanın yeni güc konsepsiyası ilə bağlıdır. Avropa artıq iqtisadi birlik olmaqla kifayətlənmək istəmir, təhlükəsizlik gücü kimi də tanınmaq istəyir”.

Həmsöhbətimiz hesab edir ki, əgər tərəflər diplomatik mexanizmləri qoruyub saxlamazsa, qarşılıqlı etimadsızlıq yeni böhranlar doğura bilər. Rusiya üçün Avropanın hərbi hazırlığı təxribat kimi görünür, Avropa üçün isə bu, sadəcə müdafiə tədbiridir:

“Bu fərqli qavrayış artıq informasiya müharibəsi səviyyəsində hiss olunur. Nəticədə, tərəflər bir-birinin niyyətlərini səhv şərh edir və bu da riskləri artırır. Ən təhlükəli ssenari odur ki, bu gərginlik üçüncü tərəflərin – xüsusilə də Baltik və Qara dəniz regionunda yerləşən dövlətlərin üzərindən dolayısı toqquşmalara səbəb ola bilər”.

“Buna görə də sülhü qorumağın yeganə yolu real dialoq və qarşılıqlı çəkindirmə balansının saxlanmasıdır”, - deyə Züriyə Qarayeva vurğulayıb.

Zülfü Məmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
bakivaxti.az

2Mənbələr