AZ

Zal nəzarətçisi olmaq istəyənlərin nəzərinə - imtahana qeydiyyat başlayır

Məlumat üçün qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesinin qeydiyyat mərhələsi 6 oktyabr 2025-ci il tarixində sona çatıb. 2935 nəfər öz müraciətini təsdiq edib və tələblərə cavab verən 2236 nəfər müsahibə mərhələsinə buraxılıb.

Müsahibə zamanı namizədin fiziki və psixoloji cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, emosional davamlılıq və stres vəziyyətində işləmək bacarığı yoxlanılır. Nəticə məqbul və ya qeyri-məqbul olaraq qiymətləndirilir. Namizəd müsahibəyə gəlmədikdə bu onun sertifikatlaşdırma prosesində iştirakdan imtina etməsi kimi qiymətləndirilir.

Müsahibə mərhələsi üçün indiyə qədər vaxt seçimi edən 1498 namizəddən 1197 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 133 nəfər qeyri-məqbul qiymətləndirilib, 168 nəfər isə bu mərhələdə  iştirak etməyib.

Məlumat üçün qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Bərdə, Gəncə, Şəki, Göyçay və Şəmkir Regional Bölmələri üzrə müsahibə mərhələsi yekunlaşıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 20 noyabr, Dövlət İmtahan Mərkəzinin Şirvan Regional Bölməsi üzrə 14 noyabr, Lənkəran Regional Bölməsi üzrə 21 noyabr, Naxçıvan Regional Bölməsi üzrə 24 noyabr, Xaçmaz Regional Bölməsi üzrə 27 noyabr tarixlərində müsahibə mərhələsinin yekunlaşdırılması nəzərdə tutulub.

Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellekt səviyyəsini və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər. İlkin test imtahanına qeydiyyatla bağlı bildiriş namizədin mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Namizəd şəxsi kabinetinə ilkin test imtahanı üçün tələb olunan məbləği əlavə etdikdən sonra elektron anketinə daxil olaraq ilkin test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçir.

İlkin test imtahanı kompüter vasitəsilə həyata keçirilir. İmtahanda namizədlərə məntiqi təfəkkürü yoxlayan 30 qapalı tipli test tapşırığı və situasiya mühakimə bacarıqlarını yoxlayan 30 qapalı tipli test tapşırığı təqdim olunur. Səhv cavablar ümumi nəticəyə təsir etmir. Ümumi intellekt səviyyəsini yoxlayan testlər bloku üzrə test tapşırıqlarının cavablandırılmasına 1 saat, situasiya mühakimə bacarıqlarını yoxlayan testlər bloku üzrə 45 dəqiqə vaxt ayrılır. İmtahan fasilə verilmədən aparılır. Ümumi intellekt səviyyəsini yoxlayan testlər bloku üzrə nəticəsi ən az 40% və situasiya mühakimə bacarıqlarını yoxlayan testlər bloku üzrə nəticəsi ən az 50% olan namizədlər növbəti mərhələyə - təlimlər mərhələsinə buraxılırlar.

Qeyd edək ki, ilkin test imtahanının Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 25 noyabr, Dövlət İmtahan Mərkəzinin Gəncə, Şəki, Göyçay, Bərdə, Şəmkir Regional Bölmələri üzrə 22-23 noyabr, Lənkəran Regional Bölməsi üzrə 24, 26-28 noyabr, Şirvan Regional Bölməsi üzrə 22-24 noyabr, Xaçmaz Regional Bölməsi üzrə 29-30 noyabr, Naxçıvan Regonal Bölməsi üzrə 30 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.

Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması mərhələləri ilə bağlı suallarınız yaranarsa, [email protected]  poçt ünvanına və 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları  ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

Seçilən
26
azedu.az

1Mənbələr