AZ

Avropada quş qripi yayıldı: Ölkəmizdə vəziyyət nə yerdədir?

ain.az, Milli.az saytına istinadən bildirir.

Avropada quş qripi halları sürətlə artır.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İspaniya, Almaniya, Fransa, İrlandiya, Niderland, Belçika, Polşa və İngiltərə də daxil olmaqla bir sıra ölkələrdə yeni yoluxmalar qeydə alınıb.

İspaniya və İrlandiya bütün ev quşlarının qapalı saxlanılmasını məcburi edib, Almaniyada isə 500 mindən çox quş öldürülüb. Ümumilikdə Avropa İttifaqının 15 ölkəsində 688 yoluxma halı bildirilib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəsmiləri quş qrupinin artıq yerli deyil, qlobal təhlükəyə çevrildiyini və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar.

Bəs, ölkəmizdə vəziyyət nə yerdədir?

Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, cari ilin 17-21 noyabr tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək.

Qurumdan nəzərə çatdırılıb ki, monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək:

"Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək".

Vurğulanıb ki, monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar "Epicollect 5" proqramına daxil ediləcək.

Agentlikdən verilən məlumata əsasən, monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər:

"Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələri aparılacaq".

Mina Mikayılova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
4
news.milli.az

10Mənbələr