AZ

"Azərbaycan, Pakistan və Türkiyə üç ölkə, bir ürəkdir"

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan, Türkiyə və Pakistan arasındakı dostluq bu gün dünyada ən səmimi və davamlı münasibətlərdən biridir.

Hafta.az xəbər verir ki, Beynəlxalq münasibətlər üzrə tanınmış pakistanlı ekspert Xalid Teymur Əkrəm bu barədə AZƏRTACA-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu əlaqə rəsmi diplomatiya çərçivəsindən daha da kənarda genişlənir, ortaq mənəvi dəyərlərə, qarşılıqlı hörmətə, tarixi yaxınlığa və oxşar ənənələrə əsaslanır.

Xalid Teymur Əkrəm vurğulayıb:

“Çox vaxt “bir millət, iki dövlət” kimi təsvir edilən Azərbaycan və Türkiyə arasındakı münasibətlər ortaq dil, tarix və mədəniyyətlə möhkəmlənən unikal birliyin nümunəsidir. İki ölkənin xalqları bir-birini vahid bir ailə kimi qəbul edir. Pakistan da illərdir Azərbaycan və Türkiyə tərəfdaşlarına sarsılmaz dəstək göstərərək bu qardaşlıq hissini bölüşür”.

Ekspert sözlərinə davam edərək bildirib ki, bu ittifaqın gücü, xüsusən də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək uğrunda mübarizə apardığı illərdə özünü daha aydın şəkildə göstərib. “Ankara və İslamabad həmin vaxt Bakının ədalətli mövqeyini qətiyyətlə dəstəkləyərək beynəlxalq arenada onun qanuni hüquqlarını müdafiə edib. Bu dəstək əsl qardaşlığın təzahürü idi, eyni zamanda, müttəfiqlərinə həmrəylik və prinsipiallığa görə minnətdarlığını bildirən Azərbaycan tərəfindən unudulmayıb”, - deyə o qeyd edib.

Xalid Teymur Əkrəm noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünü qeyd etmək üçün Bakıda keçirilən hərbi paradı böyük tarixi və rəmzi əhəmiyyətə malik bir hadisə kimi xarakterizə edib. Tədbir təkcə hərbi bayram deyil, həm də üç qardaş dövlətin birliyinin nümayişi idi. Onun fikrincə, paradda Azərbaycan və Türkiyə prezidentlərinin, eləcə də Pakistanın Baş nazirinin iştirakı ölkələr arasında yaranan qarşılıqlı anlaşma və etimadın dərinliyinin əyani təsdiqidir.

Ekspertin sözlərinə görə, Azadlıq meydanında çiyin-çiyinə dayanan üç liderin görüntüləri təkcə Azərbaycan vətəndaşlarında deyil, həm də beynəlxalq ictimaiyyətdə güclü təəssürat yaradıb:

“Həmin an siyasi maraqlara deyil, ortaq dəyərlərə, qarşılıqlı dəstəyə və hörmətə əsaslanan vahid iradə və dostluğun rəmzinə çevrildi. Yan-yana dalğalanan Azərbaycan, Türkiyə və Pakistanın Dövlət bayraqları və onların himnlərinin təntənəli şəkildə səslənməsi üç ölkəni birləşdirən xüsusi mənəvi bağı əks etdirirdi”.

Əkrəm vurğulayıb ki, parad sadəcə hərbi qüdrətin nümayişi deyil, həm də həmrəylik və inamın təntənəsi, ölkəsinə Qələbə gətirənlərə mənəvi güc və minnətdarlığın ifadəsi idi. O qeyd edib ki, Türkiyə və Pakistan müttəfiqlərinin iştirakı Azərbaycan üçün diplomatiyadan kənarda da əhəmiyyət kəsb edir - bu, bir ailə yaxınlığının təzahürüdür. Türkiyə və Pakistan üçün Azərbaycanın Zəfəri öz Qələbəsi kimi qəbul edilir və bu, onların qardaşlığının dərinliyini bir daha nümayiş etdirib.

Ekspertin sözlərinə görə, üç ölkə arasında əlaqələr təhsil və müdafiə sahəsində əməkdaşlıqdan tutmuş ticarət və mədəni mübadilələrə qədər getdikcə artan sahələri əhatə edir. Bu əməkdaşlıq hər il güclənir, sülh, etimad və inkişafa əsaslanan ortaq gələcək üçün möhkəm təməl yaradır.

Xalid Teymur Əkrəm onu da qeyd edib ki, 8 noyabr paradı təkcə hərbi şücaətin rəmzi deyil, həm də birliyin gücünün xatırlatmasıdır. Ekspert əmin olduğunu bildirib ki, Azərbaycan, Türkiyə və Pakistanın nümunəsi dünyaya səmimiyyət və qarşılıqlı dəstəyə əsaslanan ittifaqın nə qədər güclü ola biləcəyini nümayiş etdirir.

Ekspertin sözlərinə görə, bu gün Azərbaycan, Pakistan və Türkiyə bir ürək, ortaq bir arzuya sahib üç ölkədir. Onların dostluğu xalqlar arasında əsl qardaşlığın örnəyidir ki, bu da dünyaya sabitlik, güc və gələcəyə ümid gətirir.

Seçilən
4
4
hafta.az

5Mənbələr