“Son illərin dini fəaliyyət sahəsində ən mühüm qərarlarından biri də din xadimlərinə dövlətin maddi dəstək göstərməsidir. Hazırda ölkədə təxminən 2250 məscid var. Təxminən 1000 nəfər ətrafında din xadimi dövlətdən maddi dəstək alır. Düzdür bu məscidlərin hamısı tam fəaliyyət göstərmir. Ancaq fəaliyyət göstərən məscidlərdə bir neçə din xadimi fəaliyyət göstərir. Hesab edirəm az da olsa dövlətdən maddi dəstək alan din xadimlərinin əhatə dairəsinin genişləndirilməsi din sahəsində proseslərə müsbət töhfə verə bilər”.
Ölkə.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib.
Deputat bildirib ki, bölgələrdə dini tarixi abidələrin xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var. “Dini tədbirlərə vəsaitin artırılması təqdirəlayiqdir. Düşünürəm eyni zamanda dini maarifləndirmə sahəsinə də vəsaitin artırılmasına ehtiyac var. Azərbaycanda dini sahədə ciddi proseslər gedir. Qeyri-ənənəvi radikal dini təriqətlərin üzvlərinin sayında artım müşahidə olunur. İnzibati tədbirlərlə yanaşı maarifləndirmə işi də çox önəmlidir”, - o qeyd edib.
O əlavə edib ki, son illər mədəniyyət sahəsində bir sıra islahatlar həyata keçirilir: «Büdcə vəsaitinə qənaət, şəffaflığın təmin olunması məqsədilə addımlar atılır. Bu müsbət addımdır. Ancaq burada vətəndaşları narahat edən bir neçə məsələyə toxunmaq istəyirəm. Bu il rayon və şəhərlərdə musiqi məktəblərinə qəbul yerləri azaldıldı. Eyni zamanda bölgələrdə mədəniyyət sahəsində çalışan işçilərlə bağlı bir sıra qərarlar qəbul edildi.Burada xüsusilə bir məsələni qeyd etmək istəyirəm. Misal üçün mənmi təmsil etdiyim bölgədə 5 kitabxanada belə bir problem var. Kitabxananın işçisinin 65 yaşı tamam olub, təqaüdə göndərilib və yerinə işçi götürülməyib. Bu gün həmin 5 kitabxananın fəaliyyəti dayanıb. Hesab edirəm bu məsələnin xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var. Mədəniyyət sahəsi çox önəmlidir. Dövlət büdcəsinə qənaət musiqi məktəblərinin və ya klub və kitabxanaların bağlanması hesabına olmamalıdır. Onsuz da bu müəssisələrin saxlanılması böyük vəsait tələb etmir. Sözügedən sahədə ciddi dəyişikliklər gələcəkdə bu sahənin inkişafına mənfi təsir göstərə bilər”.
Mürtəza