AZ

“Bu gün Azərbaycan Ordusu NATO modelinə uyğunlaşır” ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Ulu Öndərin müstəqil Azərbaycanın rəhbərliyinə gəlməsi ilə ordu quruculuğuna təkan verildi. Milli ordunun formalaşdırılması, müasir silahların alınması və digər məsələlər zaman-zaman həll olunmağa başladı. Cənab Prezident İlham Əliyev 2003-cü ildə andiçmə mərasimində bu fikirlərini bildirdi ki, o, bütün azərbaycanlıların prezidenti olacaq və Qarabağ münaqişəsini həll edəcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev sözün əsl mənasında bütün dünya azərbaycanlılarının milli lideridir: ”Özünün də dediyi kimi Qarabağ məsələsini tamamilə həll etdi. Bu gün Azərbaycan müstəqil, suveren dövlətdir. Bütün bu uğurların qazanılmasında düzgün yürüdülmüş daxili və xarici siyasət və onun tərkib hissəsi olan ordu quruculuğu məsələsi dayanır.

2020-ci ildə Azərbaycan Ordusu şərəfli missiyasını uğurla yerinə yetirdi, torpaqlarımızı düşmən tapdağından azad etdi və zəfər salnaməsini yazdı. 2023-cü ildə 23 saatlıq antiterror tədbirləri ilə suverenliyimiz bərpa olundu. Azərbaycan Ordusu həm hərbi təchizat, həm texniki, həm taktiki, müasir silahların alınması, paralel olaraq yerli silah kompleksimizin də inkişaf etdirilməsi ölkə rəhbərinin birbaşa, xüsusi diqqətində olan bir məsələ oldu. Bu gün Azərbaycan Ordusu NATO modelinə uyğunlaşır. Yəni NATO-nun ikinci ən böyük ordusu olan Türkiyənin modelinə uyğunlaşmaq yolundadır. Azərbaycan və Türkiyə hərbçiləri birlikdə çoxsaylı təlimlər keçirirlər. Bu qarşılıqlı genişmiqyaslı təlimlər hər iki ölkənin ordusuna bütün sahələri əhatə edir. Paralel olaraq birgə təlimlərlə iki qardaş ölkə həm öz güclərini artırırlar, həm də dünyaya birgəlik mesajı verirlər. Təbii ki, bütün bunlar bizi qürurlandırır. Ordumuzun əsas və vacib elementlərindən biri olan xüsusi təyinatlı qüvvələrin parad hissəsini gördük. Cənab Prezidentin, Ali Baş Komandanın xüsusi tapşırığı ilə komanda birləşmələri, xüsusi təyinatlı birləşmələrin sayı artırılır. Onların maddi-texniki bazası, silah arsenalı, taktiki və döyüş hazırlığı, birgə qabiliyyətləri artırılır.

Bu gün biz inamla deyə bilərik ki, Azərbaycan xüsusi təyinatlıları dünyanın ən güclüləri sırasındadır. Çünki praktik müharibədən çıxmış, real döyüşlər görmüş və müasir çağırışlara cavab verən, yeni innovasiyaları da özündə tətbiq edən bu xüsusi təyinatlı qüvvələr artıq ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, təhlükəsizliyinin qarantı kimi özlərini təsdiq ediblər və bu inkişaf bu gün də davam edir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
sia.az

2Mənbələr