AZ

"Bakı paradında göstərilən raket Təbrizi rahat vura bilər" - İran möhtəşəm paradı belə gördü...


Bakıda keçirilən Zəfər Paradında Azərbaycanın nümayiş etdirdiyi müasir silah sistemləri, xüsusilə də “Predator Hawk” taktiki ballistik raketi İran mediasının diqqətini cəlb edib.

Tehran hakimiyyətinə yaxınlığı ilə seçilən “Farsca Suriya xəbərləri” adlı Teleqram kanalı bu raketlə bağlı qərəzli paylaşım edərək iddia ortaya qoyub ki, “Predator Hawk” sistemi İsraildən alınıb, 300 kilometr mənzilə malikdir və guya İranın Rəşt, Qəzvin və Təbriz şəhərlərini Xankəndidən hədəfə ala bilər. Bu cür yanaşma, əslində, regional gərginliyi artırmaq məqsədi daşıyan manipulyativ ritorikadır.

Azərbaycan tərəfi heç vaxt qonşu ölkələri hədəfə alan siyasət yürütməyib. Zəfər Paradında nümayiş olunan hərbi texnika ölkənin müdafiə qabiliyyətini və suverenliyini qorumaq gücünü göstərmək məqsədi daşıyır. Hərbi paradlar bütün dünyada milli gücün, texnoloji tərəqqinin və siyasi sabitliyin nümayişidir. Lakin İran mediası bu görüntüləri hər dəfə öz daxili auditoriyasına yönəlmiş təbliğat vasitəsinə çevirir.

İranın bu reaksiyasının arxasında bir neçə dərin səbəb dayanır. Əvvəla, İsrail faktoru Tehran üçün ideoloji və psixoloji həssas məsələdir. İran hakimiyyəti İsraili regiondakı “baş düşmən” kimi görür və Azərbaycan-İsrail əməkdaşlığını öz milli təhlükəsizliyi üçün təhdid kimi qələmə verir. Halbuki, Bakı ilə Təl-Əviv arasındakı hərbi-texnoloji əməkdaşlıq sırf müdafiə xarakteri daşıyır və üçüncü dövlətlərə qarşı yönəlmir.

Digər tərəfdən, Azərbaycan artıq regionda özünü avtonom güc mərkəzi kimi təsdiqləyib. Güclü ordusu, Türkiyə ilə strateji müttəfiqliyi, enerji və nəqliyyat siyasətində müstəqil qərarları İranın “Şimal-Cənub” təsir xəttini zəiflədir. Tehran uzun illər Cənubi Qafqazda Rusiyanın kölgəsində status-kvonu qorumağa çalışırdı, lakin Azərbaycanın müstəqil siyasəti bu planı pozub.

Eyni zamanda, İran daxilində də vəziyyət gərgindir. Prezident Pezeşkianın islahatçı xətti ilə Ali dini lider Xamenei ətrafındakı mühafizəkar çevrələr arasında fikir ayrılığı dərinləşib. İslahatçılar qonşu dövlətlərlə, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını vacib sayırlar. Mühafizəkarlar isə bunu “Türkiyə-İsrail vektoruna güzəşt” kimi təqdim edir, ictimai rəyi qorxu və düşmən obrazı ilə yönləndirirlər. Beləliklə, Azərbaycanla bağlı hərbi xəbərlər daxili auditoriya üçün “birlik yaradan təhdid mövzusu”na çevrilir.

İranın Azərbaycana qarşı qərəzli münasibətinin başqa bir səbəbi də etnik və ideoloji qorxudur. İran ərazisində yaşayan on milyonlarla azərbaycanlı üçün Azərbaycanın müasir, güclü və qalib dövlət obrazı milli özünüdərkin güclənməsi deməkdir. Tehran bunu potensial ideoloji təhlükə kimi görür və bu səbəbdən Azərbaycanla bağlı hər müsbət xəbəri “təhdid” formatında təqdim etməyə meyllidir.

Əslində, İranın bu ritorikası hərbi deyil, siyasi və simvolik mahiyyət daşıyır. Tehran bu cür bəyanatlarla regiondakı əsas güclərə, xüsusilə Türkiyə, İsrail və Qərbə “biz də buradayıq” mesajını göndərməyə çalışır. Lakin bu, reallıqda Azərbaycanla münasibətləri gərginləşdirir və qarşılıqlı etimadı zəiflədir.

Beləliklə, İranın “Predator Hawk” məsələsinə bu qədər həssas və qərəzli yanaşmasının səbəbi nə Azərbaycanın hərbi fəaliyyəti, nə də real təhlükədir. Bu, daha çox daxili siyasi mübarizənin, ideoloji qorxunun və Azərbaycanın yüksələn gücündən doğan psixoloji narahatlığın təzahürüdür. Azərbaycan isə, bütün bu ritorikaya baxmayaraq, təmkinli, lakin prinsipial mövqeyini qoruyur, müstəqil müdafiə siyasətini və beynəlxalq əməkdaşlıq xəttini ardıcıl şəkildə davam etdirir.

Akif NƏSİRLİ

Seçilən
20
baki-xeber.com

1Mənbələr