AZ

İsmayıl İman: BIAF paytaxtda yeni mədəni ənənəyə çevrilməlidir

Bakı, 12 noyabr, Günel Alıyeva, AZƏRTAC

Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF-2025) keçirilməsi ideyası çoxdan labüd idi. Biz beynəlxalq mədəniyyət festivallarının gündəlik həyatımızın bir hissəsinə, Azərbaycan tamaşaçıları üçün dəyərli bir ənənəyə çevrilməsini istəyirik.

Bu barədə AZƏRTAC-a açıqlamasında dramaturq, teatr kuratoru və CHARACTERS Müasir Dram Festivalının kuratoru İsmayıl İman bildirib.

O deyib ki, festivalın proqramının miqyası və peşəkar yanaşması təsir bağışlayır: “Festival dünyaca məşhur adları və əsas səhnə layihələrini bir araya gətirib. Ən vacibi odur ki, təqdim edilən tamaşalar yenidir, bəziləri isə premyeralardır. Bu fakt festivalın nüfuzunu artırır və paytaxtımızın mədəniyyət mərkəzi kimi statusunu möhkəmləndirir”.

İsmayıl İmanın fikrincə, BIAF-2025 tamaşaçılara dünya teatrındakı müasir tendensiyalarla tanış olmaq imkanı təqdim edir. “Teatr canlı ünsiyyət, nəfəs, tamaşaçı ilə əlaqədir. Bu kimi hadisələri qaçırmaq olmaz. İnanıram ki, festival ölkə daxilində teatr icmasının inkişafına güclü təkan verəcək, peşəkar əlaqələrin möhkəmlənməsinə kömək edəcək, gənc rejissor, aktyor və dramaturqları yeni yaradıcılıq axtarışlarına ruhlandıracaq”, - deyə o vurğulayıb.

Dramaturqun sözlərinə görə, festivalın keçirildiyi ilk günlərdən yüksək standartlar müəyyən edilib və bu, gələcəkdə də qorunub saxlanılmalıdır. O, bu cür layihələrin müntəzəm olacağına və Azərbaycanın mədəni həyatında möhkəm yer tutacağına əminliyini bildirib. “Əsas odur ki, Bakı Beynəlxalq İncəsənət Festivalı davamlı ənənəyə çevrilsin. Festivalda tanınmış rejissorların, səhnə dizaynerlərinin və xoreoqrafların iştirakı ilə ustad dərsləri və mühazirələr də keçirilsəydi, çox yaxşı olardı. Bu, festivalın təhsil komponentini zənginləşdirər və peşəkar mühitin inkişafına töhfə verərdi”, - deyə İsmayıl İman əlavə edib.

 

Seçilən
14
1
azertag.az

2Mənbələr