Böyük Britaniyada akademik karyerasını uğurla davam etdirən azərbaycanlı mütəxəssis Nərmin Məmmədova hazırda Edinburqdakı Queen Margaret Universitetində layihə idarəçiliyi üzrə MBA proqramının yaradılmasına rəhbərlik edir. O, daha əvvəl həm Queen Margaret, həm də Edinburq universitetlərində dərs deyib, eləcə də Edinburq Universitetində strateji layihələrə rəhbərlik edib və bu sahədə dərin təcrübə qazanıb.
Paralel.az xəbər verir ki , AZƏRTAC-a müsahibəsində Nərmin xanım təhsil yolundan, Britaniyada qazandığı təcrübədən, qadın mütəxəssislərin rolundan və gələcək planlarından danışıb.
-Siz hazırda müstəqil ekspert kimi bir sıra universitetlərlə əməkdaşlıq edirsiniz. Bu əməkdaşlıqlar əsasən hansı sahələrdə cəmlənib və universitetlər sizdən hansı istiqamətlərdə dəstək alırlar?
-Hazırda əməkdaşlıq etdiyim universitetlərdən biri Queen Margaret Universitetidir. Orada layihə idarəçiliyi üzrə MBA proqramının sıfırdan yaradılması üzərində çalışıram. Bu proses həm proqramın məzmununun formalaşdırılmasını, həm dərslərin strukturlaşdırılmasını, həm də qiymətləndirmə və imtahan sisteminin hazırlanmasını əhatə edir. Bundan əlavə, müxtəlif universitetlərə layihə və dəyişiklik idarəetməsi sahəsində məsləhətçi kimi dəstək göstərirəm. Bu əməkdaşlıqlar əsasən təşkilati proseslərin optimallaşdırılması, yeni idarəetmə modellərinin qurulması və əməkdaşların bu dəyişikliklərə uyğunlaşdırılması istiqamətində cəmlənir. Bu əməkdaşlıqlar mənə fərqli ali təhsil sistemlərini yaxından müşahidə etmək, uğurlu yanaşmaları müqayisə etmək və hər bir mühit üçün uyğun strategiyalar hazırlamaq imkanı verir.
Bundan öncə Queen Margaret Universitetində layihələrin və əməliyyatların idarə olunması üzrə dərs demişəm. Bu təcrübə mənə həm akademik, həm də praktiki baxımdan çox dəyərli təcrübə qazandırdı. Layihə idarəçiliyi fənnini həm bakalavriat, həm də magistratura səviyyəsində tədris etdiyim üçün çox fərqli peşə və təcrübə səviyyəsinə malik tələbələrlə işləmək imkanı əldə etdim.
-Bir azərbaycanlı olaraq Britaniya universitetində çalışmaq sizə nə hiss etdirir? İş yoldaşlarınız azərbaycanlı olduğunuzu biləndə necə reaksiya verirlər?
-Bu, mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan çox qürurverici bir hissdir. Britaniyada universitetdə yeni bir proqramın qurulmasına rəhbərlik etmək böyük məsuliyyət tələb edir və eyni zamanda, Azərbaycanın adını belə bir kontekstdə təmsil etmək mənə xüsusi motivasiya verir. İş yoldaşlarım mənim azərbaycanlı olduğumu biləndə adətən maraqla reaksiya verirlər, çünki Azərbaycan haqqında çoxu az məlumatlı olur və mənim vasitəmlə ölkəmiz barədə daha çox öyrənirlər. Çox vaxt maraqlanırlar, suallar verirlər və bu, mədəniyyətlərarası körpü qurmaq baxımından da xoş bir təcrübə olur. Ümumilikdə hər dəfə yeni bir layihəyə başlayanda bunun təkcə fərdi nailiyyət deyil, həm də ölkəmin təmsilçiliyi olduğunu düşünürəm. Bu məsuliyyət mənə hər zaman daha yüksək keyfiyyət və peşəkarlıqla işləmək üçün əlavə motivasiya verir.
-Bugünkü akademik mühitdə qadın mütəxəssislərin rolu getdikcə artır. Siz bir qadın mütəxəssis kimi hansı çətinliklərlə qarşılaşmısınız və onları necə dəf etmisiniz?
-Qadın mütəxəssis kimi həm akademik, həm də idarəetmə sahəsində karyera qurmaq bəzən çətin ola bilir, xüsusən də məsuliyyətli və rəhbərlik tələb edən rollarda. Karyeramın əvvəlində müəyyən hallarda fikirlərimin və təkliflərimin dəyərləndirilməsi üçün özümü daha çox sübut etməli olmuşam. Lakin zamanla gördüyüm işin nəticələri və əldə etdiyim uğurlar mənim üçün ən güclü cavab oldu. Mən hər zaman inanıram ki, peşəkarlıq, ardıcıllıq və empatiya hər bir liderin əsas keyfiyyətləridir. Bu dəyərlərə sadiq qalmaqla həm komandada etimad qazanmaq, həm də başqalarına nümunə olmaq mümkündür. Eyni zamanda, qadınların bir-birini dəstəkləməsinin önəmini də çox yüksək qiymətləndirirəm. Akademik və idarəetmə mühitində qarşılıqlı dəstək və əməkdaşlıq, xüsusilə qadınlar arasında, uğurun əsas açarlarından biridir. Ümumiyyətlə, peşəkar karyeram boyunca həm qadın, həm də kişi həmkarlarımdan güclü dəstək hiss etmişəm. Bu da mənim üçün çox önəmli motivasiya mənbəyi olub.
- Azərbaycan və Böyük Britaniya universitetləri arasında təhsil və təcrübə mübadiləsinin perspektivləri barədə nə düşünürsünüz?
-Azərbaycan və Böyük Britaniya universitetləri arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün çox böyük potensial var. Son illərdə Azərbaycan təhsil sistemində beynəlmiləlləşmə istiqamətində mühüm addımlar atılıb və bu, qarşılıqlı əməkdaşlıqlar üçün əlverişli zəmin yaradıb. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində hər il çoxlu sayda azərbaycanlı tələbə Böyük Britaniya universitetlərində təhsil alır. Bu proqram təkcə fərdi inkişaf baxımından deyil, həm də iki ölkə arasında akademik əlaqələrin möhkəmlənməsi baxımından çox önəmlidir. Böyük Britaniya universitetləri idarəetmə, layihəyönümlü yanaşmalar və tədqiqat mədəniyyəti baxımından zəngin təcrübəyə malikdir. Azərbaycan universitetləri isə son illərdə bu təcrübəni mənimsəməyə və öz reallıqlarına uyğun modellər formalaşdırmağa çalışır. Əgər bu əməkdaşlıqlar daha sistemli və davamlı şəkildə inkişaf etdirilərsə, hər iki tərəf üçün böyük fayda gətirəcək.
-Gələcək planlarınız nələrdir?
-Uzunmüddətli hədəfim Böyük Britaniya və Avropa universitetləri ilə əməkdaşlıq edərək beynəlxalq miqyasda tanınan innovativ layihə idarəçiliyi proqramı qurmaqdır. Elə bir platforma ki, akademik biliklə real sektor təcrübəsini birləşdirərək gələcəyin liderlərini yetişdirsin. Eyni zamanda, qarşıdakı illərdə Azərbaycan və region ölkələri üçün layihə idarəçiliyi və dəyişiklik rəhbərliyi sahəsində ixtisaslaşmış təlim və konsaltinq mərkəzi yaratmaq planım var. Bu təşəbbüslə məqsədim gəncləri beynəlxalq standartlara uyğun bacarıqlarla təchiz etmək və ölkəmizdə idarəetmə mədəniyyətinin yeni səviyyəyə qalxmasına töhfə verməkdir. Mənim üçün məqsəd təkcə layihələrə rəhbərlik etmək deyil, həm də bu sahədə düşüncə tərzini dəyişmək və daha çevik, innovativ yanaşmaların formalaşmasına təkan verməkdir.
- Sonda gənclərə, xüsusən də idarəetmə və layihə sahəsində karyera qurmaq istəyən tələbələrə hansı məsləhətləri verərdiniz?
-İdarəetmə və layihə sahəsində uğur qazanmaq istəyən gənclərə, ilk növbədə, təşəbbüskar olmağı və öyrənməkdən qorxmamağı məsləhət görərdim. Layihə idarəçiliyi təkcə plan və cədvəllərlə məhdudlaşmır. Bu, insanlarla işləmək, dəyişikliklərə çevik uyğunlaşmaq və riskləri düzgün qiymətləndirmək bacarığı deməkdir. Eyni zamanda, gənclər beynəlxalq təcrübəyə açıq olmalı, texnologiyanın gətirdiyi yeni imkanlardan yararlanmalıdırlar. Dünya çox sürətlə dəyişir və bu dəyişikliklərə uyğunlaşa bilənlər həmişə bir addım öndə olur. Ən əsası isə gördüyünüz işin məqsədinə inanmaqdır. Əgər etdiyiniz işin cəmiyyətə və insanlara faydası olduğuna inanırsınızsa, o zaman qarşıdakı bütün çətinlikləri aşmaq üçün motivasiyanız da olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta