Avropa ölkələri son aylarda təhlükəsizlik sahəsində diqqətəçarpan dərəcədə fəallaşıb. NATO ilə inteqrasiya prosesləri sürətlənir, hərbi büdcələr rekord həddə çatır, yeni müdafiə strategiyaları hazırlanır.
Qitədə baş verən bu dinamika artıq təkcə profilaktik tədbir deyil, daha dərin geosiyasi narahatlığın göstəricisi kimi qiymətləndirilir.
Bu intensiv hazırlıqlar sual doğurur: Avropa həqiqətənmi Rusiya ilə mümkün müharibəyə hazırlaşır? Yoxsa bu, sadəcə artan gərginlik fonunda təhlükəsizlik balansını qorumaq cəhdidir?
Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov
Mən düşünmürəm ki, yaxın perspektivdə Rusiya Avropa ilə müharibəyə başlamaq istəyir. Sadəcə olaraq, hal-hazırda Rusiya Ukraynada öz hərbi təcavüzünü genişləndirdikcə və ABŞ da bu müharibədə iştirakını artırdıqca, Kreml Avropa ölkələrini təhdid altında saxlamaqla öz iradəsini qəbul etdirməyə çalışır. Təxminən üç ay əvvəl Rusiyanın dronlarının Avropa ölkələrinin hava məkanlarını pozması da bu strategiyanın bir hissəsi idi. Rusiya bu cür təhdidlərlə həm Avropa ictimaiyyətinə mesaj verir, həm də onları öz hökumətlərinin Ukrayna siyasətinə qarşı çıxmağa təşviq etməyə çalışır.
Çünki Rusiyaya görə, bu, ABŞ-ın passiv mövqeyindən istifadə edərək Ukraynada hərbi əməliyyatlarını daha da genişləndirmək üçün əlverişli fürsətdir. Hazırda Ukraynanın əsas sənaye və enerji infrastrukturlarına zərbələr endirməklə Rusiya, həm də Avropanı dolayı yolla təsir altına salmaq və öz mövcudluğunu möhkəmləndirmək niyyətindədir.
Bütün bunlar, təbii ki, müəyyən təhlükələr yaratsa da, düşünmürəm ki, Rusiya yaxın zamanda Avropa ilə genişmiqyaslı müharibəyə başlasın. Çünki Avropa ölkələri ilə birbaşa qarşıdurma demək NATO ilə toqquşma deməkdir. Rusiya hərbi potensial baxımından güclü olsa da, Avropa ilə uzunmüddətli müharibəyə tab gətirə biləcəyi inandırıcı görünmür.
Hazırda tərəflərin potensialları nisbətən balanslıdır. Rusiya dronlardan və uzaqmənzilli raketlərdən fəal şəkildə istifadə etməklə üstün mövqelərini qorumağa çalışır. Lakin nəzərə almaq lazımdır ki, Avropa da öz müdafiə qabiliyyətinə ciddi diqqət ayırır, ölkələrin hərbi büdcələri xeyli artırılıb — bəzi hallarda ümumi daxili məhsulun 5 faizinə qədər. Avropa ölkələri artıq NATO çərçivəsində hərbi əməkdaşlığı gücləndiriblər.
Bu baxımdan, Rusiyanın yaxın vaxtlarda Avropa ilə birbaşa müharibəyə girməsi avantüra olardı və belə bir addımın Rusiyanı ağır nəticələrə aparacağı ehtimalı yüksəkdir.
Aytən Yaşar/ Turkustan.az